Döyüşçü aktyor: “Komandirimiz son nəfəsində də Vətən marşı oxuyurdu” FOTO


Digərləri 10 Mar 2021 11:27:00 116 0

Döyüşçü  aktyor: “Komandirimiz son nəfəsində də Vətən marşı oxuyurdu”  FOTO

Vətən müharibəsində ən müxtəlif təbəqələrdən olan insanlar iştirak edirdi. Onların arasında əlinə heç vaxt silah almayanı da var idi, peşəkarı da. Adını heç vaxt eşitmədiklərimiz də var idi, cəmiyyətdə kifayət qədər tanınanlar da. Bax, belə mərd oğullardan biri də məşhur, sevilən aktyor Oğuz Alparslan idi. İndiyədək çoxlarımızın ancaq televiziya ekranlarında gördüyümüz bu gənc İkinci Qarabağ savaşında sinəsini torpağa sipər etdi, ölümlə burun-buruna dayandı.

Oğuz bəy 1986-cı ildə Cəlilabad rayonunda anadan olub. Atatürk universitetini bitirib. 2006-cı ildə həqiqi hərbi xidmətdə olub. Hazırda ailələdir və bir övladı var. Amma nə işi, nə də ailəsi onun torpaq təəssübkeşliyinə üstün gəldi.

Son.az sherg.az-a istinadən bildirir ki, böyük sevinclə, sanki toya-bayrama gedirmişcəsinə cəbhəyə yollanıb:

"Müharibədə könüllü iştirak edirdim. Evini təmir etdiyim bir hərbçi dostum var idi. Günlərin birində mənə zəng edib cəbhəyə yola düşdüyünü dedi. Halallıq istədi. Bu sözündən sonra yerimdə dura bilmədim və yerli hərbi komissarlığa müraciət etdim. Narahatlıqla düşünürdüm: "Görəsən, məni geri qaytarmazlar?". Elə bu vaxt telefonuma müvafiq mesaj gəldi. Bəli, Vətən məni çağırırdı. Hərbi komissarlığın həyətində böyük bir izdiham var idi. Həmin anlarda xalqımla, millətimlə bir daha fəxr etdim. Qardaşıma zəng edib övladlarımı hərbi komissarlığa gətirməsini xahiş etdim. Sənədlərimi təhvil verib, əmr gözləməyə başladım. Çox keçmədi ki, adım çəkildi. Əlində mikrofon tutan zabitə yaxınlaşdım. Mikrofunu aldım və millətimlə qürur duyduğumu dedim. Qələbə ilə qayıdacağıma söz verdim. Ardınca isə müəllifi olduğum "Türkəm Mən" şeirini səsləndirdim və bizi cəbəhyə aparan avtomobilə mindim. Maşın hərəkət etdikcə sevdiklərimdən uzaqlaşır, Qarabağa tələsirdim".

O. Alparslanın sözlərinə görə, hərbi əməliyyatlar çox çətin şəraitdə keçib:

"Qubadlı zirvələrində, Ermənistanla sərhəddə ağır döyüşlər oldu. Çətin dağ şəraitində, meşədə səhər tezdən axşamadək döyüşdük. Yandırılan meşə sanki üstümüzə gəlirdi. Tüstüdən göz-gözü görmürdü. Bütün çətinliklərə, o cümlədən şəhidlər verməyimizə rəğmən, vəziyyət bizim xeyrimizə idi. Hər birimiz, eləcə də, zabitlər böyük şücaət göstərirdik. Xüsusilə tabor komandirimizin qəhrəmanlıqları və cəsurluğu adamı heyrətə gətirirdi. Həmin gün zirvə döyüşləri bitmişdi. Yenicə rahat nəfəs almağa başlamışdıq ki, düşmən ağır artilleriya ilə uzaq məsafədən atəş açdı. Minomyot mərmisinin səsini eşidən kimi qorunmaq üçün fərqli mövqelərə atıldıq. Tabor komandirimiz polkovnik-leytenant Nail Orucov əsgərlərindən birini xilas etməkdən ötrü özünü onun üstünə atdı və şəhid oldu. O, şəhadətindən bir gün əvvəl həyat yoldaşı ilə danışırdı. Xanımı demişdi ki, ehtiyatlı ol, üç uşağın var. Komandirimizin cavabı konkret idi: "Mənim orda üç, burda üç yüz övladım var. Haqqınızı halal edin və evin giriş qapısına bayraq asın". Cənab polkovnik şəhid olacağını bilirdi. Ən cəsur hərbçilərdən biri də 22 yaşlı Etibar Ağayev idi. Deməli, bir dəfə yenə zirvə döyüşü gedirdi. Etibar bizdən bir az aralıda döyüşürdü. Yanındakı yoldaşları şəhid olduğuna görə özünü tək hesab edirdi. Verilən əmrə uyğun olaraq ona yaxınlaşmışdıq. Amma Etibar bizi görmürdü. Sursatı tükəndiyi üçün oradan xilas ola bilməyəcəyini düşünürdü. Arxası üstə çevrilib Vətən marşı oxuyurdu. Bu, onun üçün şəhidlik zirvəsinə gedən yol idi. Biz çatanda komandirimiz səsi eşidib kövrəldi. Soruşdu ki, kimdir Vətən marşını oxuyan? Etibar olduğunu dedim. Səsindən tanımışdım. Bu vaxt Etibar özü də qışqırdı: "Mən!". Şükür, onu ölümün pəncəsindən xilas edə bildik. Yəni o, son nəfəsində də Vətən marşı oxuyurdu".

Müsahibimiz fərəhli və sevincli olduğunu söylədi:

"Döyüş yolum Füzulidən başlamışdı. Cəbrayılı da işğaldan azad etdik. Qubadlını və Qubadlı zirvələrini yenicə fəth etmişdik ki, sülh elan olundu. Füzulidən başlayan yol Xocavənddə bitdi. Tərxis olunduq. Mən də qələm əhliyəm. Orda hərdən bədahətən şeir deyirdim. Amma yazmağa imkan idi. Qələmimimizlə şeir yazmaqdansa, silahımızla tarix yazdıq. Ən çox uşaqlarım üçün darıxırdım. Onlara ən qısa zamanda və zəfərlə qayıdacağıma söz vermişdim. Ümumiyyətlə, yolumu gözləyənlərin həsrəti məni hədsiz darıxdırırdı. Tək təsəllim isə Vətənə olan borcumu yerinə yetirməyim idi. Bilirdim ki, bu yolda şəhid də olsam, övladlarım mənimlə qürur duyacaqlar. Döyüş yoldaşlarımın hər biri gülərüz, mehriban idi. Polkovnik Nail Orucov, mayor Müseyib Zeynalov, baş leytenant Ramin Bayramov, əsgərlər Kamran Səmədov, Füzuli Həbibi, Şamil Hüseynli, Cavad Babayev və başqaları şəhidlik zirvəsinə ucalanda da sevincli idilər- gözlərində işıq, üzlərində təbəssüm var idi. Onlar mənim yaddaşımda əbədi olaraq cəsur, gülərüz qəhramanlar olaraq qalacaqlar. Zəfər müjdəsini baş leytenant Azayevdən almışdım. Həmin vaxt döyüş növbətçisi idim. Sevincimin həddi- hüdudu yox idi. Şükür ki, zəfər şərbətini içdik, Qarabağı azad etdik və vətən daşı ola bildik. Biz gələcək nəsillərə azad Qarabağı miras qoyduq!"