Gözləri kompüter süalarının təsirindən necə qorumalı?


Digərləri 10 Mar 2021 10:40:00 113 0

Gözləri kompüter süalarının təsirindən necə qorumalı?

İnkişaf edən texnologiya ilə göz xəstəliklərinin həllini tapmağa çalışıldığı halda, digər yandan da bu texnologiya fərqli göz problemlərinin ortaya çıxmasına səbəb olur.

Gənclərin və uşaqların kompüter qarşısında çox vaxt keçirmələri görmə qabiliyyətinin zəifləməsinə və ya göz xəstəliklərinə səbəb olur. Gündə ən az 7-8 saat kompüterə baxılır.

Adətən monitor qarşısında olan insanların gözləri tək bir nöqtəyə zillənir və nəticədə göz yorulur. Normal halda insan dəqiqədə 25 dəfə gözünü qırpır. Ancaq monitordan istifadə edərkən göz qırpma sayı 10 dəfədən az olur. Kompüterin gözə və görmə qabiliyyətinə bu kimi mənfi təsirlərinin geniş yayılması oftalmologiyada yeni bir terminin əmələ gəlməsinə gətirib çıxarmışdır - "kompüter görmə sindromu" (və ya "yorğun gözlər sindromu"). Kompüter görmə sindromu (KGS) adlandırılan bu problem kompüter və ya televizor ekranına fasiləsiz baxarkən gözlərdə diqqəti təmin edən əzələlərin yorulması ilə yaranır.

Bu zaman aşağıdakı əlamətlər meydana çıxır: görmə itiliyinin zəifləməsi; yaxında yerləşən əşyalardan uzaqdakı obyektlərə və əksinə baxışınızı yönəldərkən çətinlik (akkomodasiya pozulması); əşyaları ikili görmə; yazı oxuyarkən tez yorulma; gözlərdə yandırma hissi; gözə "qum düşməsi" hissi; göz və alın nahiyəsində ağrı, baş ağrısı və ya gözlərin hərəkəti zamanı ağrılar; gözlərin qızarması meydana çıxır.

Bəs kompüterin gözə mənfi təsirinin səbəbi nədir?

Ətrafımızdakı real əşyalardan və kağız üzərindəki yazılardan fərqli olaraq, monitordakı görüntü ayrı-ayrı işıqlanan və sayrışan nöqtələrdən ibarətdir. Üstəlik, bu qeyri-təbii görüntüyə uyğunlaşan baxışlarımızı biz tez-tez ekrandan klaviaturaya, sənədlərdəki yazılara və yenə də ekrana yönəldirik. Bu kimi iş rejimi gözlərin artıq yüklənməsi, göz zəifliyinin əmələ gəlməsi və ya artmasına gətirir. Beləliklə, görmə qabiliyyətinin pisləşməsi iş vaxtını kompüter qarşısında keçirənlərin ümumi probleminə çevrilir.

Nə edə bilərik?

Kompüter qarşısında 3-4 saatdan artıq qalmamalıyıq və hər saatdan bir 20 dəqiqəlik fasilə etməliyik. Kompüterin gözlərə davamlı mənfi təsirini müəyyən qədər azaltmaq üçün isə aşağıdakılara riayət etməniz məsləhətdir:

1. İş yerinizi düzgün təşkil edin. Yaxşı monitor - əsas şərtdir. Müasir və keyfiyyətli, diaqonal ölçüsü 17 və ya 19 (43-48 sm) olan mayekristallı monitor, kağız sənədləri ilə işləyən şəxs üçün ən gözəl seçimdir. Əski elektron şüalı monitorlara nisbətən bu monitorların gözlərə vurduğu ziyan xeyli azdır. Monitorun ekranı gözdən 60 sm məsafədə yerləşməlidir. Bu məsafədə yazıları görməyə çətinlik çəkirsinizsə, daha iri şrifti seçin, məsafəni azaltmayın. Şriftin rənginə gəlincə, ən düzgün seçim - ağ fonda qara hərflərdir. Kompüteri elə yerləşdirin ki, pəncərənin işığı monitorun yan tərəfinə düşsün. Ekran üzərinə istər təbii günəş işığının, istərsə də tavan və ya stolüstü lampaların işıqlarının düşməsi parıltı əmələ gətirir. Belə halda monitordakı görüntünün izlənilməsi gözə əlavə gərginlik hesabına başa gəlir. Otaq nə çox işıqlı, nə də qaranlıq olmalıdır. Monitoru elə yerləşdirin ki, onun mərkəzi gözlərinizin səviyyəsində və ya bir qədər aşağıda olsun. Klaviatura isə düz monitorun qarşısında olmalıdır. Ekranın tam təmiz və ləkəsiz olması mütləq şərtdir.

2. Gözlər üçün gimnastik hərəkətlər. Hər saatdan bir qısa fasilə edin - ayağa qalxıb gəzişin, gözləriniz üçün 5 dəqiqəlik xüsusi gimnastika edin: başınızı çevirmədən bir neçə dəfə sağa-sola baxın; yenə də başınızı hərəkətsiz saxlayaraq baxışınızı bir neçə dəfə yuxarı-aşağı yönəldin; gözlərinizlə dairəvi hərəkətlər edin - əvvəl saat əqrəbi istiqamətdə, sonra isə əks istiqamətdə (başgicəllənmə ehtimalı olduğuna görə bu hərəkətləri oturaq vəziyyətdə edin); gözlərinizi mümkün qədər geniş açın, sonra isə mümkün qədər möhkəm yumun, bu hərəkətləri surətlə edin; pəncərəyə yaxın durun, şüşə üzərində olan bir nöqtəyə diqqətlə baxın, sonra isə baxışınızı çox uzaqda olan bir obyektə yönəldin.

Bu hərəkətləri hər istiqamətə 6 dəfə və ya daha artıq yerinə yetirin. 3. Düzgün və çeşidli qidalanma. Düzgün və tam dəyərli qida gözlərin sağlam olması üçün vacib şərtlərdəndir. Vitaminlərlə zəngin qidaların qəbulu tövsiyə olunur.

4.Gözlər düşən şüa və işığın zərərli təsirindən profilaktik qorunmalıdır. Gözləri şüaların mənfi təsirindən qorumaq üçün karotin, lütein və qaragilə ekstraktı tərkibli vasitələr həkimlə məsləhətləşdikdən sonra ildə 1-2 dəfə istifadə olunmalıdır. Bu vasitələr gözə düşən süaların aqressiv təsirindən gözləri qoruyur.

Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir.

Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.

Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliklərlə yanaşı müxtəlif xəstəliklərə qarşı effektiv və təsirli bir mübarizə üçün yüksək keyfiyyətli dərmanlar, təbii dərmanlar, kosmetik və gigiyena məhsulları, uşaq qidaları və tibbi ləvazimatlar üçün *7700 ilə əlaqə saxlayaraq axtardığınız dərmanları pulsuz çatdırılma ilə əldə edə bilərsiniz.

Sifariş üçün: +99455 251 77 00 (WhatsApp) nömrəsinə yaza, və ya * 7700 ilə əlaqə saxlaya bilərsiniz. Mobil tətbiq aptekonline.az.

Mobil tətbiqi buradan yükləyin: aptekonline.az/qr