Uşağın sidikifrazat sistemində zədələnmənin olmasını necə şübhələnmək olar?


Digərləri 06 Mar 2021 23:45:00 164 0

Uşağın sidikifrazat sistemində zədələnmənin olmasını necə şübhələnmək olar?

Uşağın boy və fiziki inkişafda geri qalması, hərarətin "səbəbsiz" olaraq 38-400C-yə qalxması, yüksəlmiş susuzluq hissiyyatı, həddən artıq həcmdə sidiyin ifraz edilməsi, arterial təzyiqin qalxması, ətraflarda, bədəndə və üzdə şişkinliklərin əmələ gəlməsi, sidiyə getmə tezliyinin və onun həcminin adi günlərə nisbətən azalması və bir sıra digər əlamətlər uşağın sidik ifrazı sistemində müəyyən xəstəliklərin olmasına işarə edə bilər.

Bundan başqa, uşaqda bel nahiyəsində ağrı, qarnında ağrı və köp, qusma halları da ola bilər. Bu hallar xəstəlik prosesinə dəlalət edir və təcili mütəxəssis müdaxiləsi tələb edir.

Valideynlər mütəmadi olaraq uşağın sidiyinin rənginə və qoxusuna fikir verməlidirlər. Sidiyin rənginin nisbətən tündləşməsi, onda bulanıq çöküntünün olması, kəskin qıcqırmış iy verməsi, sidikdə qan qarışığının olması kimi əlamətlər onun orqanizmində patoloji halın olmasını göstərərək, tez bir zamanda uroloqa müraciət etməyi tələb edir.

Ancaq onu da nəzərdə saxlayın ki, bəzi dərmanların qəbulu, bəzi məhsullar (çuğundur, yerkökü) da sidiyin rəngini dəyışə bilər.

Sahə pediatrları müəyyən dövrdən bir uşağın sidiyini müayinə edirlər. Hətta uşağınızın sidiyində heç bir dəyişiklik hiss etməmiş olsanız da, bu müayinəyə etinasız yanaşmayın.

Analiz üçün sidiyin düzgün şəkildə yığılmasının böyük əhəmiyyəti vardır. Adi sidik analizi üçün qabaqcadan təmiz yuyulmuş şüşə qaba uşağın səhər ilkin sidiyini yığmaq lazımdır. Analiz yiğmamışdan qabaq uşağın xarici cinsiyyət üzvləri (patoloji mikrobların sidiyin tərkibinə daxil olmaması məqsədi ilə) ilıq su ilə yaxşı-yaxşı yuyulmalıdır. Onu da nəzərdə saxlamaq lazımdır ki, sidiyin yığılması və analizə verilməsi arasında nə qədər az vaxt keçmiş olarsa, müayinənin nəticəsi bir o qədər dəqiq olar.

Uşağın xarici cinsiyyət üzvlərində hər hansı bir iltihab prosesi varsa, sidiyin analizə verilməsi məsləhət olunmur. Çünki bu zaman cinsiyyət üzvlərindən sidiyə mikrobların düşməsi nəticəsində analizin cavabı yanlış ola bilər.

Əgər uşağın valideynlərində və ya yaxın qohumlarından hər hansı birindəsə böyrək və ya sidik ifrazı sistemi üzvlərində anadangəlmə inkişaf güsurları olmuşdursa, elə həyatının ilk anlarından uşağı mütəxəssisə göstərmək lazımdır. Sidik ifrazı sisteminin bəzi ağır güsurları (məsələn, böyrəklərin polikistozu, "artıq" böyrək və s) irsi olaraq uşaqlara da keçə bilər.