Ürək, böyrəklər, oynaqları öldürən


Digərləri 06 Mar 2021 22:50:00 181 0

Ürək, böyrəklər, oynaqları öldürən

Revmatizm - ürək-damar sistemini, böyrəkləri, oynaqları və bəzi digər orqanları zədələyən infeksion-allergik xəstəlikdir. Adətən, uşaq tərəfindən keçirilmiş streptokokk infeksiyası (əksər hallarda "angina" - badamcıqların iltihabı) nəticəsində əmələ gəlir. Bədənin soyuqlaması və uşağın immunitetinin zəifləməsi də xəstəliyin inkişaf etməsində böyük rol oynayır.

Son.az saglamolun.com-a istinadən bildirir ki, revmatizm keçirilmiş "anginadan" 2-3 həftə sonra kəskin şəkildə başlaya bilər. Xəstəliyin ilk əlamətləri - yorğunluq, hərarətin qalxması, oynaqların (daha çox diz, topuq və bilək oynaqlarının) ağrılı və şişkin olmasıdır. Revmatizm əleyhinə preparatlar qəbul edildikdən sonra bu simptomlar tezliklə aradan qalxır.

Bir çoxların fikrinə görə, revmatizm oynaqlarda ağrılar və iltihabla müşayiət olunan bir xəstəlikdir. Lakin revmatizm tək oynaqları deyil, ürək və böyrəkləri də ciddi zədələyir, ürək qüsurları, böyrək çatışmazlığı kimi ağır fəsadların inkişafına səbəb olur.

Kəskin revmatizmin təhlükəliliyi ondadır ki, bu zaman ürək əzələlərinin iltihabı - miokardit inkişaf edir. Uşaqlar ürəkdöyüntüsü, təngnəfəslik, ağrılardan şikayət edirlər. Xəstəlik ağırlaşma ilə davam edərsə, endokardit (ürəyin daxili qişasının iltihabı) inkişaf edə bilər ki, bu da son nəticədə qazanılmış ürək qüsuruna səbəb ola bilər.

Revmatizm - kəskinləşmə (xəstəliyin hücumları, yəni tutmaları) və sakitlik dövrlərinin növbələşməsindən ibarət olan xroniki xəstəlikdir. Hər yeni hücum zamanı ürək daha dərindən zədələnir və sonda qazanılmış ürək qüsuru formalaşa bilər.

Beləliklə, revmatizm təhlükəli xəstəlik olub, ağırlaşmaları ilə çox qorxulu hesab edilir. Tez-tez "angina" ilə xəstələnən uşaq və böyüklər mütəmadi olaraq kardioloq-revmatoloq və nefroloqun (böyrək xəstəliklərində ixtisaslaşmış mütəxəssis) nəzarəti altında olmalıdırlar.

Revmatizm xəstəliyinin müalicəsinin əsas məqsədi təzə revmatizm hücumlarının qarşısının alınmasıdır.

Revmatizm xəstəliyinin profilaktikası çox zəruridir. Bunun üçün immunitetini möhkəmləndirmək lazımdır. Düzgün qidalnma və rejim, idman, açıq havada gəzintilər, normal yuxu, bağırsaqların normal fəaliyyəti immuniteti yüksək səviyyədə saxlayan əsas amillərdir.

Tez-tez keçirilən "angina" (ildə 1 dəfədən artıq) revmatizmə aparan yoldur. Bu səbəbdən xroniki tonzillitlərin düzgün müalicəsini və profilaktikasını aparmaq çox vacibdir.