Hamiləlik və laktasiya dövründə COVID19 xəstəliyi riski


Digərləri 06 Mar 2021 20:10:00 136 0

Hamiləlik və laktasiya dövründə COVID19 xəstəliyi riski

Hamiləlik zamanı qadın orqanizmində bir sıra hormonal dəyişikliklər baş verir ki, bu da dolayı yolla immun sisteminin zəifləməsinə, orqanizmin bakterial və viruslu xəstəliklərə qarşı həssaslığının artmasına gətirib çıxarır. İmmun sistemi orqanizmin yad cisimlərə qarşı təbii müdafiə reaksiyasıdır. Hamiləlik dövründə ananın immun sisteminin zəifləməsi və ana bətnindəki körpənin immun sisteminin hələ tam inkişaf etməməsi bir sıra bakteriya və viruslara qarşı yoluxma riskini artırır. Bu səbəbdən hamilə qadınların özlərini virus və infeksiyalardan qoruması olduqca vacibdir. Nə üçün hamilə qadınlar yüksək risk altındadır?

● Hamilə qadın və inkişafda olan körpə bəzi xəstəliklərə qarşı yüksək riskə məruz qalırlar, çünki hamiləlik dövründə immun sistemi dəyişir, bu da orqanizmin müəyyən zərərli mikroorqanizmlərlə mübarizə aparmasını çətinləşdirir. ● Ana bətnindəki körpənin immunitet sistemi zərərli mikroorqanizmlərlə mübarizə aparmaq üçün kifayət qədər inkişaf etməmişdir. ● Virus və bakteriyalarla yayılan xəstəliklər hamilə qadın və doğulmamış körpə üçün ciddi sağlamlıq problemlərinin yaranmasına yol aça bilər. Hazırda hamilə qadınların COVID-19 xəstəliyinə yoluxan insanların içərisində hansı nisbətdə olduğu dəqiq müəyyən edilməyib. Lakin hamilə qadınlar və süd verən analar ümumi əhalinin riayət etdiyi aşağıdakı sanitariya-gigiyena qaydalarına əməl etməklə virus və infeksiyalara, eləcə də COVID-19 xəstəliyinə yoluxma riskini minimuma endirə bilər; ● Öskürən zaman əlləri ilə ağızlarını örtmək ● Xəstə insanlardan mümkün qədər çox, azı 1,5 - 2 metr sosial məsafə saxlamaq ● Əlləri sabun və alkoqol əsaslı təmizləyici vasitələrdən istifadə edərək müntəzəm yuyub təmizləmək.

Araşdırmalara görə, COVID-19-a yoluxmuş analardan doğulan heç bir körpənin COVID-19 testi müsbət nəticələnməmişdir. Onu da qeyd edək ki, az sayda olan bu hallarda virusa nə amniotik maye, nə də ana südü nümunələrində rast gəlinməmişdir. Amma COVID-19 virusunun hamilə qadından hamiləlik və ya doğuş zamanı dölə və ya körpəyə ötürülmə ehtimalı hələ elmə tam olaraq məlum deyil.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan məqalədə bildirilir.

Hazırkı məlumatlara əsasən, hamiləlik dövründə COVID-19-a müsbət nəticəsi olan analardan doğulmuş körpələrdə hamiləlik və ya doğuş (məsələn, vaxtından əvvəl doğuş) ilə əlaqədar az sayda problem yaşanmışdır. Ancaq bu halların ananın yoluxduğu virus infeksiyası ilə əlaqəli olub olmadığı aydın deyil.