Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş sərgi açılıb


Kriminal 03 Mar 2021 17:19:00 114 0

Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş sərgi açılıb

Martın 2-də Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə Ankarada - Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) qərargahında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş "Dahi Azərbaycan şairi Nizami Gəncəvi" mövzusunda kitab və rəsm sərgilərinin açılış mərasimi keçirilib.

Nazirlikdən Son.az-a verilən məlumata görə, TÜRKSOY, Azərbaycanın Türkiyədəki Səfirliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı ilə təşkil olunan tədbirdə TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, mədəniyyət naziri Anar Kərimov və səfir Xəzər İbrahim çıxış edib, dünya şöhrətli mütəfəkkir şair Nizami Gəncəvinin həyat və yaradıcılığı barədə məlumat veriblər.

Nizami Gəncəvinin yaradıcılığını bütün dünya üçün tükənməz ədəbi xəzinə kimi dəyərləndirən TÜRKSOY-un Baş katibi Düsen Kaseinov Nizami Gəncəviyə həsr olunan tədbirlərə TÜRKSOY tərəfindən dəstək veriləcəyini qeyd edib.

Nizami Gəncəvi irsini, onun tərənnüm etdiyi ideyaları nəsillərə nümunə kimi dəyərləndirən Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim bildirdi ki, bundan əvvəl olduğu kimi, bu gün də, gələcəkdə də biz qardaş xalqlar olaraq bir yerdə öz mənəvi xəzinəmizi dünyaya tanıdacaq və qurur duyacağıq.

Mədəniyyət naziri Anar Kərimov Türkiyəyə səfəri çərçivəsində türk dünyasının mədəniyyətini təbliğ edən və bu sahədə çox işlər görən TÜRKSOY-un qərargahında olmaqdan məmnunluğunu bildirib. Nazir TÜRKSOY-un qərargahında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş sərginin, eləcə də bu il 100 illik yubileyi tamam olan Azərbaycanın görkəmli rəssamı Mikayıl Abdullayevin Nizami irsinə həsr olunmuş əsərlərindən ibarət sərginin təşkilinə görə qurumun baş katibi Düsen Kaseinova, həmçinin Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirdi.

Prezident İlham Əliyevin 2021-ci ilin Azərbaycan Respublikasında "Nizami Gəncəvi İli" elan edilməsi haqqında sərəncamını xatırladan nazir vurğuladı ki, istər Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, istərsə də TÜRKSOY hər zaman Azərbaycanın görkəmli simalarına, eləcə də Nizami Gəncəvi şəxsiyyətinə diqqət göstərib. Qeyd etdi ki, Nizami bütün türk dünyasının, bəşəriyyətin dahi şairidir və türk dünyasının belə böyük şəxsiyyətlərinin dünyada daha geniş tanıdılması bizim üzərimizə düşən vəzifədir.