Bu gün Paşinyan əsl simasını göstərəcək


Siyasət 01 Mar 2021 12:13:43 128 0

Bu gün Paşinyan əsl simasını göstərəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün İrəvanda tərəfdarlarının böyük mitinqini və yürüşünü keçirmək niyyətindədir.

Qonşu ölkədə siyasi böhran artıq pik nöqtəsinə çatıb.

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Onik Qasparyanın bəyanat yayaraq baş nazirin istefasını tələb etməsindən sonra hadisələr daha da sürətlənib. O.Qasparyanın "qəflətən" Paşinyana qarşı çıxmasının rəsmi səbəbi kimi onun birinci müavini, general-leytenanti Tiran Xaçatryanın vəzifəsindən kənarlaşdırılması göstərilir. Məhz Paşinyanın bu sərəncamından sonra Baş Qərargahın 40 zabiti onun istefasının tələb olunduğu bəyanatı imzalamışdı.

Nikol Paşinyan da O.Qasparyanın vəzifədən kənarlaşdırılması ilə bağlı qərar layihəsini prezident Armen Sarkisyana yollamışdı. Prezident bu qərarı Konstitusiyaya zidd və qanunsuz hesab edəndən sonra erməni müxalifəti daha da aktivləşib.

Hazırda İrəvanın mərkəzi meydanlarına və prospektlərinə toplaşan müxalifətçilər N.Paşinyanın istefasını tələb edirlər.

Baş nazir postuna müxalifətdən vahid namizəd olan Vazgen Manukyan formal olaraq etiraz aksiyalarının lideri sayılsa da, əslində, belə deyil.

"Vətənin Xilası" Hərəkatı adlı, nominal olaraq Ermənistanın, əsasən, kiçik müxalifət partiyalarını birləşdirən strukturun rəhbəri V.Manukyan özü də əla bilir ki, o, real baş nazir ola bilməz və ölkədəki ciddi siyasi qüvvələrlə yanaşı, dünya ölkələrindəki erməni diasporunun əsas təşkilatları bununla barışmayacaqlar.

V.Manukyan, əslində, sabiq prezident Robert Köçəryanın hakimiyyətə qayıdışını daha asan və rahat etmək üçün vasitə, müvəqqəti fiqurdur.

Hazırda Ermənistan xarici ölkələrdəki ermənilərin iki güclü diaspor düşərgəsinin toqquşma meydanına çevrilib: Rusiyadakı erməni diasporu Robert Köçəryanın, Avropa ölkələri və ABŞ-dakı erməni diasporu isə "Köçəryan yox, başqa fiqur" variantını reallaşdırmağa çalışırlar.

Ermənistan cəmiyyətində Nikol Paşinyana nifrət pik həddinə çatsa da, müxalifətin mitinqlərinə və yürüşlərinə qatılanların sayı Paşinyan əleyhdarlarının gözləntilərindən dəfələrlə azdır. Bunun səbəbi Paşinyanı devirmək istəyən qüvvələrin liderlərinin sabiqlər, yəni keçmiş prezidentlər Serj Sarqsyan və Robert Köçəryan olmalarıdır.

Ermənistan cəmiyyətində isə bu iki şəxsə antipatiya həddən ziyadədir: onların hakimiyyəti illərindəki ifrat rüşvətxorluq, korrupsiya, məmur özbaşınalığı və s. unudulmayıb.

Ermənilərin fikrincə, İkinci Qarabağ Müharibəsində Ermənistanın məğlubiyyətinin səbəblərindən biri də R.Köçəryan və S.Sarqsyanın yarıtmaz, daha doğrusu yaramaz idarəetməsi olub.

Nikol Paşinyan isə bu gün tərəfdarlarını toplayaraq hakimiyyət düşərgəsindəki xaosu səngitməyə çalışır.

Paşinyan tərəfdarlarının yürüşü ilə eyni vaxtda İrəvanda onun əleyhdarlarının mitinqi də olacaq.

İlkin təxminlərə görə, N.Paşinyanın rəhbərlik etdiyi "Mənim Addımım" hərəkatının funksionerləri küçələrə müxalifətçilərlə müqayisədə dəfələrlə çox erməni yığa biləcəklər.

Say fərqi Paşinyan üçün əlahiddə dərəcədə önəmlidir. Çünki belə olarsa o, istefasını tələb edənlərlə daha aqressiv və radikal danışacaq, Baş Qərargahdan tutmuş, digər strukturlarda əleyhdarlarının vəzifədən kənarlaşdırılması prosesini daha da sürətləndirəcək.

Paşinyandan fərqli olaraq, Ermənistan müxalifəti, əsasən, Rusiyadan idarə olunan Telegram kanalları vasitəsilə cəmiyyətə təsir etməyə çalışır. "Çiçəklənən Ermənistan" Partiyasının sədri, kriminal oliqarx Qagik Sarukyan isə müxalifətçiləri maliyyələşdirərək "optimal nəticə" əldə etməyə çalışır.

Hakimiyyəti müxalifətindən, müxalifəti də hakimiyyətindən betər və eybəcər Ermənistan qaynamağa, uçuruma yuvarlanmağa davam edir.

Elçin Alıoğlu Son.az