Milli Məclisə qarşı aparılan çirkin kampaniyanı qınayıram!


Siyasət 28 Fev 2021 18:39:32 113 0

Milli Məclisə qarşı aparılan çirkin kampaniyanı qınayıram!

Son günlər daxildən və xaricdən idarə olunan marginal qruplar və siyasi fürsətcillər tərəfindən hərbçilərə əlavə pul ödənişi ilə bağlı fevralın 23-də Milli Məclisdə gedən müzakirələrin məzmununu və mahiyyətini qəsdən təhrif etməklə Milli Məclisin Sədrinə və üzvlərinə qarşı sosial şəbəkələrdə və mediada böhtan xarakterli çirkin kampaniya aparılır.

Son.az bildirir ki, bunu Milli Məclisin deputatı Azay Quliyev deyib.

Deputat bildirib ki, guya Milli Məclisin Sədri hörmətli Sahibə xanım Qafarova və bir sıra deputatlar deyib ki Qarabağ döyüş bölgəsi deyil və hərbçilərə ikiqat pul ödənişi verilməməlidir.

A.Quliyev əlavə edib: "İkrah hissi doğuran və həqiqətə uyğun olmayan bu fikirlərlə tanış olduqdan sonra məsələyə münasibət bildirməyi özümə borc bilirəm. Bu açıqlamanı həm də ona görə  vacib hesab edirəm ki, Milli Məclisdə olan qısa müzakirə mənim etdiyim çıxışla bağlı idi.

Çıxışımın məzmunu ilə ictimaiyyəti bir daha tanış etmək istərdim (çıxışımın video yazısı əlavə olunur https://youtu.be/6dElaGOjhCI).

Fevralın 23-də Milli Məclisdə etdiyim çıxışda "Hərbi qulluqçuların statusu haqqında" qanunun 10-cu maddəsinə toxunaraq qeyd etdim ki, bu maddənin 2-ci bəndinə əsasən döyüş bölgəsində və döyüş şəraitində qulluq edən hərbiçilərə ikiqat pul təminatı nəzərdə tutulur. Bu məsələ son vaxtlar ciddi şəkildə müzakirə olunmaqdadır. Bu məsələyə səmimi yanaşanlar da var, lakin bu mövzudan sui-istifadə edənlər və siyasi məqsədlər üçün bu mövzunu istismar edənlər də var. Ancaq həqiqət ondan ibarətdir ki, bu məsələyə baxılmalıdır. Çünki indi qüvvədə olan qanunun müvafiq maddəsinə əsasən döyüş şəraitində, döyüş bölgəsində xidmət edənlərə ikiqat pul ödənişi nəzərdə tutulur, ancaq bilirsiniz ki,  Azərbaycan ərazilərini işğaldan azad etdikdən sonra bu istiqamətdə vəziyyət (döyüş bölgəsi anlayışı) radikal dəyişibdir.  Hətta bu məsələ ilə bağlı bilirsiniz ki, həm müdafiə nazirliyi, həm də maliyyə nazirliyi müvafiq açıqlama verdi ki, hazırda biz bu istiqamətdə müəyyən hesablamalar  aparırıq  və hesablamalar başa çatdıqdan və pul ödənişlərinin kimlərə şamil olunması haqqında konkret bir mövqeyə gəldikdən sonra bu ödənişlər olacaq. Mən də tərəfdarıyam ki, bu ödənişlər olsun. Doğurdan da bizim əsgərlərimiz, hərbiçilərimiz  çox ağır şəraitdə, riskli şəraitdə (mina riski nəzərdə tutulur) hətta mövcud çətin iqlim şəraitində qulluqlarını davam etdirirlər və biz bunu nəzərə almalıyıq.  Ancaq mənə belə gəlir ki, qanunvericiliyin bu hissəsi müzakirə olunmalıdır, burada konkret olaraq  "döyüş şəraitində" və  "döyüş  bölgəsində" ifadəsi yazılıbdır, ona görə də əgər biz sonrakı mərhələdə  pul təminatını həyata keçirtmək istəyiriksə, mütləq onun hüquqi bazasına müvafiq dəyişiklik olunmalıdır. Ona görə də mən Ziyafət müəllimə (Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri) təklif etdim ki, bu ifadəyə müvafiq dövlət qurumları ilə birgə müzakirə şəraitində baxılsın və aydınlıq gətirilsin,  şərh olunsun, çünki ictimaiyyətdə də bununla bağlı geniş müzakirərlər olur və yaxşı olar ki, Milli Məclis buna münasibət bildirsin.

Mənim çıxışımdan sonra Milli Məclisin Sədri təşəkkür etdi və xatırlatdı ki, Qarabağ döyüş bölgəsi deyil.

Ziyafət müəllim də mənim sualıma cavab olaraq bildirdi ki, qeyd olunan məsələ hazırda rəhbərlik etdiyi Komitə tərəfindən müvafiq dövlət qurumları ilə birgə baxılır və yaxın zamanda Milli Məclisə bu barədə təkliflər təqdim olunacaq.  Göründüyü kimi, bu mövzu ilə bağlı hamı eyni fikri söylədi.

Mənim  çıxışımın mənası və məzmunu məhz ondan ibarət idi ki, Azərbaycan ərazilərini işğaldan azad etdiyinə görə "Hərbi qulluqçuların statusu haqqında" qanunun 10-cu maddəsində qeyd olunan "döyüş bölgəsi" və "döyüş şəraiti"  ifadəsinə yenidən baxılsın və bundan sonra hərbçilərə ödəniləcək əlavə pul təminatının hüquqi bazası buna uyğun yenilənsin.

Spiker də haqlı olaraq "Qarabağ döyüş bölgəsi deyil" deməklə mənim yuxarıda qeyd etdiyim fikri daha da gücləndirdi.

Baxın bu qədər sadə və hamı üçün aydın olan bir müzakirələr oldu. Ancaq bu müzakirələr zamanı heç bir deputat, xüsusilə, Milli Məclisin Sədri "hərbiçilərə əlavə pul təminatı ödənilməməlidir" kimi fikir səsləndirmədi. Bildiyiniz kimi, istər Vətən müharibəsindən əvvəl, istərsə də möhtəşəm tarixi qələbədən sonra Parlamentdə siyasi mənsubiyyətdən asılı olmayaraq hər bir millət vəkili hərbi qulluqçularımızın, qazilərimizin və şəhid ailələrimizin sosial təminatının ən yüksək səviyyədə olması üçün müxtəlif təkliflərlə çıxış etmiş və cənab Prezidentin bu istiqamətdə həyata keçirdiyi uğurlu siyasəti hər zaman dəstəkləmişdir.

Təəssüflər olsun ki, bir qrup sosial şəbəkə "qəhrəmanları" Milli Məclisin Sədrinə və deputatlarına şər ataraq, onların "hərbiçilərə ikiqat  pul ödənilməməlidir" haqda demədiyi fikirləri manşet edərək Parlamentə qarşı çirkin kampaniyaya başladılar.

Hamının gözü qarşısında baş verən müzakirələrin açıq şəkildə təhrif olunmasını, Milli Məclisə qarşı böhtan atılmasını və  belə həssas mövzu ilə manipulyasiya edilməsini yol verilməz hesab edir və həmkarlarıma qarşı aparılan bu qərəzli və bədnam kampaniyanı qəti şəkildə qınayıram. Qəhrəman və igid hərbiçilərimiz isə əmin olsunlar ki, onların sosial təminatı ilə bağlı bütün məsələlər hər zaman olduğu kimi, indi də hörmətli Prezidentimizin və Müzəffər Ali Baş Komandanın diqqət mərkəzindədir".