"Dövlət başçısının bu sərt iradı daxili və xarici düşmənlər üçün soyuq duş effekti olub"


Siyasət 28 Fev 2021 16:58:49 127 0

"Dövlət başçısının bu sərt iradı daxili və xarici düşmənlər üçün soyuq duş effekti olub"

Azərbaycan Prezidenti İlham Əliyevin yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransı onun maraqlı, cəsarətli, hərətərfli düşünülmüş, analitik təfəkkürlə dolu açıqlamaları ilə yadda qaldı. Tədbir sadəcə yadda qalmadı eyni zamanda yerli və beynəlxalq mediada, ictimai-siyasi dairələrdə geniş rezonans doğurdu. Prezidentin çıxışları qonşu dövlətlərin, xüsusilə də düşmən dövlət Ermənistanın da gündəminə çevrildi. 4 saat 4 dildə təxminən 50 sualı səbrlə, təmkinlə cavablandıran dövlət başçısının bu davranışı xarici jurnalistlərin də təəccübünə və təqdirinə səbəb oldu.

Bu açıqlamanı Son.az-a siyasi şərhç Mübariz Göyüşlü verib.

Onun sözlərinə görə, İlham Əliyevin cavablarının içərisində, o cümlədən ona ünvanlanan suallar arasında Qarabağ məsələsi, buradakı durum, gələcək plan və perspektivlər xüsusi üstünlük təşkil edirdi: "Bütün bunlar təbiidir, çünki Azərbaycan ötən il dünya hərb tarixində uzun müddət danışılacaq, araşdırılacaq 44 günlük uğurlu hərbi əməliyyatlar aparmış, Vətən müharibəsi gerçəkləşdirmiş qalib bir dövlətdir. 30 ildir ki, geosiyasi düyünə çevrilmiş Qarabağ problemini həll etmiş, bununla da dünyanın diqqətini cəlb etməyi başarmış liderin bölgənin gələcəyi ilə bağlı, Qarabağda görüləcək işlərlə əlaqədar, bərpa-quruculuq fəaliyyətlərilə bağlı açıqlamaları hər kəsi maraqlandırırdı.

Prezident geosiyasi proseslərlə Qarabağ məsələsini peşəkarcasına uzlaşdıraraq burada maraqları olan dövlətlərə, xüsusilə də Rusiyaya cəsarətli mesajlar verdi. Onun son günlərin müzakirə mövzusuna çevrilmiş "İsgəndər" raketlərilə bağlı fikirləri çox önəmlidir. Azərbaycan tərəfi bu cür silahların, ümumiyyətlə, hərbi arsenalın Ermənistana təmənnasız şəkildə verilməsinin, düşmən dövlətin Rusiya tərəfindən sürətli silahlandırılmasının hər zaman əleyhinə olub. Son savaş, Rusiyanın verdiyi raketlərin yaşayış məntəqələrimizə atılması, dinc əhaliyə qarşı müharibə cinayətinin törədilməsi İlham Əliyevin haqlı olduğunu sübut etdi. Erməni siyasətçiləri, hərbiçiləri xain xislətlərini göstərərək silahları hərbi obyektlərə deyil, qeyri-hərbi obyektlərə tuşlamağa üstünlük verdilər. Ona görə də onların Rusiya tərəfindən silahlandırılmasının tələb edilməsi çox haqlı bir tələbdir".

Ekspert vurğulayıb ki, Rusiya və Azərbaycanın dost ölkələr olduğunu söyləyən Prezident İlham Əliyev bu ölkənin şirkətlərinin Qarabağdakı quruculuq-bərpa işlərində iştirak edəcəyini söyləməklə qarşı tərəfə özünün xoşməramlı jestini çatdırıb: "Lakin bununla yanaşı dövlət başçısının sülhməramlıların fəaliyyəti, bəzi hallarda isə fəaliyyətsizliyi ilə bağlı narazılığını, haqlı iradını sərt şəkildə bildirməsi daxili və xarici düşmənlər üçün soyuq duş effekti olub. Onun sülhməramlıların nəzarət etdiyi ərazilərə azərbaycanlıların qayıdacağı və qayıtmalı olması ilə bağlı açıqlaması çox önəmlidir. Çünki erməni tərəfi, onların himayədarları hər zaman olduğu kimi bu dəfə də problemin həllini uzatmaqla onu öz xeyirlərinə bitirmək taktikasına əl atırlar. Lakin göründüyü kimi Azərbaycan rəhbəri buna imkan verməyəcəyini açıqlayır. Dövlət başçısının Laçın dəhlizindən Xankəndiyə buraxılan şəxslərin kimliyi ilə bağlı iradını da bura əlavə etsək, orada baş verənlər, Rusiyanın oynadığı rol gözümüzün önündə canlanar".

M.Göyüşlü qeyd edib ki, Prezidentin açıqlamalarında əsas yer Ermənistana, ermənilərə və onlarla olan münasibətlərə həsr olunmuşdu. "Bizim erməni xalqı ilə işimiz yoxdur", - deyən dövlət başçısı Azərbaycanla sülh şəraitində yaşamaq istəyən Qarabağdakı, Ermənistandakı və dünyadakı ermənilərə önəmli mesaj ötürmüş oldu: "Sakit duracaqları, Azərbaycan bayrağı və qanunları altında yaşayacaqları, terror və təxribatla məşğul olmayacaqları təqdirdə onlarla problem olmayacağı bildirildi. Hədəf sadə ermənilər deyil, radikallar və onların dəstəkçiləridir. Həmin radikal ermənilərdir ki, minalanmış ərazilərin xəritələrini Azərbaycana vermir və bununla da növbəti bir cinayətə imza atırlar. Dövlət başçısı bu məqamı da beynəlxalq ictimaiyyətin diqqətinə dəqiqliklə çatdırdı. Həmin ermənilərdir ki, müharibənin bitməsi ilə bağlı verilmiş Bəyanatdan 10 gün sonra Azərbaycan ərazisinə qanunsuz keçərək terrorçuluqla məşğul olmaq istəyiblər. Lakin müzəffər ordumuz onları məhv edib, digərlərini isə həbs edib. İlham Əliyev ona olan beynəlxalq təzyiqlər qarşısında qətiyyətlə duruş gətirərək bu şəxslərin hərbi əsir deyil terrorçu olduğunu söyləməklə digərlərinə də lazımi dərsi vermiş oldu. Dövlət başçısının özünün də dediyi kimi: Azərbaycan artıq yeni reallıqlar yaradıb, Ermənistan və digər dövlətlərə isə bu reallıqlarla hesablaşmaq qalıb".

Ekspert əlavə edib ki, Azərbaycan Prezidenti bu mətbuat konfransında çox məsələlərə aydınlıq gətirdi: "O, pandemiyanın yaratdığı şəraitdən, vaksinlərin dünya ölkələri tərəfindən ədalətsiz bölgüsündən, Azərbaycanın Cənubi Qafqazda vaksinləməyə ilk başlayan ölkə olmasından da ətraflı danışdı. Haqsız olan məqamları vurğuladı, Kanadanın qismində belə bir addım atan ölkələri qınadı. Fikrimi Azərbaycan Prezidentinin köməkçisi, Prezident Admnistrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin qeydləri ilə yekunlaşdırmaq istərdik: Bu mətbuat konfransının keçirilməsi Xocalı faciəsinin 29-cu ildönümünə təsadüf edir. Bu konfrans ölkəmizin həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatırılmasında növbəti vacib qələbəmizdir".