Medianı xilas etməyin yolu


Digərləri 25 Fev 2021 14:44:02 112 0

Medianı xilas etməyin yolu

Azərbaycanda media ilə bağlı yeni qanun layihəsi hazırlanır. Artıq "Kütləvi İnformasiya Vasitələri haqqında" qanunun qüvvədən düşməsi və Azərbaycanda yeni "Media haqqında" qanunun qəbul edilməsi prosesindəyik. Gözləntilər böyükdür. Hazırda medianın durumunun ürəkaçan olmaması, illərlə hökm sürmüş fəaliyyət prinsiplərinin artıq özünü doğrultmadığı və media sahəsində islahatlara ehtiyac olduğu gün kimi aydındır. Bu sahədə fəaliyyətin şəffaflaşdırılmasına, azad rəqabət mühiti və reklam bazarının inkişafı üçün addımlar atılmasına, mediada hökm sürən mənfi tendensiyanın aradan qaldırılmasına ehtiyac var. Medianın xaotik vəziyyətdən strateji inkişaf yoluna qədəm qoyması üçün düşünülmüş, dərin islahatların aparılması labüdlüyü ortaya çıxıb. İlk növbədə, bu islahatların əsas məqsəd və hədəfləri dəqiq müəyyən olunmalıdır.

KİVDF-nin ləğv edilməsi və Media İnkişaf Agentliyinin yaradılması bu istiqamətdə atılan hələ ki ilk addımdır. Bu prosesin davamlı olacağı və pozitiv nəticələrə gətirib çıxacağı atılacaq addımlardan asılıdır. Çünki indiyə qədər Azərbaycanda KİV sahəsində aparılan islahatların gözlənilən effekti verməməsinin səbəbi məhz müəyyən hallarda onun sadəcə görüntü xatirinə edilməsi və köklü dəyişikliklərə yönəlik formada aparılmamasıdır.

Mediada indiki bəzi xoşagəlməz tendensiyalara son qoymaq üçün bir neçə istiqamətdə ciddi addımlar atılmalıdır. O cümlədən reklam bazarının medianın üzünə geniş şəkildə açılması çox ciddi bir tələb kimi dayanmalıdır. Müasir, qabaqcıl fəaliyyət prinsiplərinə söykənən, güclü, siyasiləşməmiş, "hər şeyi bir rəngdə görməyən", peşəkar, qərəzsiz medianın formalaşmasının zəruri olmasını əsaslandıran şərtlərdən biri də budur. Bununla paralel dövlətin sosial reklamlarının medianın ən geniş təmsilçiləri arasında prinsipial şəkildə bölüşdürülməsi üzərində ciddi nəzarət də olmalıdır. Əks halda xoşagəlməyən halların meydana çıxması zərurəti yarana bilər. İndi vəziyyətin ürəkaçan olmadığı heç kimə sirr deyil.