Ermənistanda ordu Paşinyanın istefasını tələb etdi


Siyasət 25 Fev 2021 12:26:00 148 0

Ermənistanda ordu Paşinyanın istefasını tələb etdi

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı bu gün bəyanat yayaraq baş nazir Nikol Paşiyaneın istefasını tələb edib.

Bəyanatda deyilir: "Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı bəyan edir ki, Qərargah rəisinin birinci müavini Tiran Xaçatryanın vəzifəsindən azad edilməsinə qətiyyətlə etiraz edir. Düşünülməmiş və əsasız səbəblər əsasında verilmiş bu qərar Ermənistanın milli və dövlət maraqları nəzərə alınmadan, sadəcə şəxsi və ambisioz hisslərə əsaslanaraq verilib.

Ermənistanın baş naziri və hökuməti erməni xalqı üçün böhranlı, taleyüklü situasiyada bundan belə adekvat qərarlar verməyə qadir deyil.

Ermənistanın Silahlı Qüvvələri mövcud hakimiyyət tərəfdən ordunun gözdən salınmasına yönəlmiş "hucum"larına uzun müddət dözdü. Lakin hər şeyin öz həddi var.

Ermənistanın Silahlı Qüvvələri xalqla çiyin-çiyinə düşmənə qarşı vuruşaraq borcunu şərəflə yerinə yetirib.

Yaranmış vəziyyətlə əlaqədar olaraq Ermənistanın Silahlı Qüvvələri ölkənin baş nazirinin və hökumətinin istefasını tələb edir, eyni zamanda, övladları Vətəni müdafiə edərək həlak olmuş xalqa qarşı güc tətbiq etməkdən boyun qaçırmaqla bağlı xəbərdarlıq edir".

Xatırladaq ki, Rusiyanın ən böyük mediamaqnatlarından biri, "NewsMedia" mediaholdinqinin rəhbəri Aram Qabrelyanov Telegram kanalında sensasiyalı etirafını yaymışdı.

A.Qabrelyanov yeni açıqlamasında Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Onik Qasparyanın hərbi cinayətlərindən bəhs etmişdi.

A.Qabrelyanovun yazdığına görə, təxminən bir ay əvvəl Moskvada onunla O.Qasparyan arasında saatlarla davam etmiş söhbət olub.

Erməni mediamaqnat yazıb: "Onik Qasparyan mənə dedi: "İkinci Qarabağ Müharibəsinin üçüncü günü Baş Qərargah rəisi qismində "İsgəndər" raketləri ilə Azərbaycanın iki strateji obyektini vurmağa qərar verdim. Biri Bakı-Ceyhan neft kəməri idi, ikincisi də mühüm obyektdi. Baş nazir Nikol Paşinyan qətiyyətlə etiraz etdi. Ruslar elə davrandılar ki, yəni, "öz işinizdir, sizin müharibənizdir".

Şuşanın əldən çıxmasından üç gün əvvəl Paşinyandan Şuşanın həndəvərində düşmənin canlı qüvvəsinin böyük sayda toplandığı yerə iki "İsgəndər" atılması ilə bağlı Paşinyandan icazə istədim. Paşinyan yenə qətiyyətlə qadağan elədi və dedi ki, əgər düşmənin bir neçə min əsgərini eyni vaxtda öldürsək, dünya birliyi bizi lənətləyər. Sadəcə, bir dəfə mənə "İsgəndər"dən istifadə etməyə icazə verdilər - Şuşanı vurmaq üçün. İstifadə etdim. "İsgəndər" atılandan sonra şəhərə bir neçə tank yeritditk. İki gün sonra əmr gəldi ki, Şuşanı tərk edək".

... N.Paşinyan 1in.am-a verdiyi müsahibəsində İkinci Qarabağ Müharibəsində "İsgəndər" operativ-taktiki raket komplekslərindən Azərbaycana qarşı istifadə olunduğunu, lakin raketin partlamadığını demişdi.

Paşinyan onu da vurğulayıb ki, Rusiya istehsalı olan bu raketlər istifadəyə tam yararlı deyillər, həmişə partlamırlar: "Məni tənqid etməyə çalışanlar qoy, özlərindən soruşsunlar ki, "İsgəndər" niyə partlamadı? Və ya niyə 10 faiz partladı?"

... Az öncə Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan və vitse-spiker Alen Simonyan təcili olaraq hökumət binasına yollanıblar.

Orxan Hun Son.az