Şuşaya qədər döyüş yolu keçmiş qəhrəman


Digərləri 25 Fev 2021 12:17:00 147 0

Şuşaya qədər döyüş yolu keçmiş qəhrəman

Xüsusi tapşırığa əsasən günlərlə meşəlik ərazidə yol gediblər. Plan ermənilərə gələn dəstəyin qarşısını almaq olub. Gizli ərazilərdə ac-susuz qalsalar da, tapşırığı məharətlə yerinə yetiriblər. Ermənilərin maşın karvanlarını məhv ediblər. Yerləri bilinəndən sonra düşmən tərəfindən onlara minamyot mərmiləri yağdırılıb. Nəticədə ağır yaralanan Emil İsgəndərov şəhid olub.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, gizli yollarla ermənilərin mövqelərinin də arxasına keçərək onlara əsas yoldan gələn dəstək kalonlarının qabağını kəsiblər. Silah və ərzaq gətirən avtomobilləri məhv ediblər. Həmin qrupda qəhrəmanlıq göstərən və şəhid olan hərbçilərimizdən biri Sumqayıt sakini Emil İsgəndərov olub.

Daxili Qoşunların ilk Xüsusi Təyinatlısı gizir Emil İsgəndərov müharibənin ilk günündən Füzuli, Qubadlı və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Tapşırıq gələndə isə Şuşa istiqamətində döyüşlərə başlayıb. Emil də daxil olmaqla, igidlərdən ibarət qrup meşəlik ərazidən düşmən tərəfə keçərək onlara gələn köməyin qarşısını alıblar.

Emil Şuşa əməliyyatında iştirak edən döyüş zamanı qolundan snayper gülləsi ilə yaralanıb. O, yaralanmasına baxmayaraq, özü öz qolunu sarıyıb və   yoldaşları ilə döyüşü davam etdirib. Lakin bu dəfə gizir Emil İsgəndərovun yanında minamyot mərmisi partlayıb və yarası daha ağır olub. Bütün cəhdlərə rəğmən gizir Emil İsgəndərovun həyatını xilas etmək mümkün olmayıb. O, noyabırın 4-də şəhidlik zirvəsinə yüksəlib.

Gizir Emil İsgəndərov Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn olunub. "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.