Azərbaycanı təxribata çəkən Ayvazyan öz postundan məhrum oluna bilər


Siyasət 24 Fev 2021 11:07:00 126 0

Azərbaycanı təxribata çəkən Ayvazyan öz postundan məhrum oluna bilər

"Ayvazyanın açıqlaması bir daha onu göstərir ki, Ermənistanın siyasi rəhbərliyi hər halda xarici işləri səviyyəsində regiondakı reallıqları olduğu kimi dərk etmək istəmir və öz açıqlamaları ilə proseslərin konstruktiv səmtə yönəlməsinə əngəllər törədir".

Bunu Son.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Politoloq bildirib ki, Ayvazyanın təxribatçı addımları Paşinyanı çox narahat edir:

"Belə mövqe təəssüflər olsun ki, tərəflərin digər məsələlərin həlli üçün aparılan addımları şübhə altına alır. İlk növbədə söhbət üçtərəfli komissiyanın işindən gedir. Burada iqtisadi məsələlər həll olunsa belə, yenə də siyasi fon iqtisadi məsələlərin həll olunmasına müəyyən əngəllər törədə bilər. Yolların açılması, regionun nəqliyyat kommunikasiyasının deblokadası əlbəttə ki, mühüm istiqamətidir. Bu istiqamətdə aparılan işlər regiondakı reallıqları dəyişdirir. Amma bu cür açıqlamalar proseslərə ciddi olaraq əngəl törədir.

Digər tərəfdən, Ayvazyan ümumiyyətlə son vaxtlar çox təxribatçı addımlar atır, çıxışlar edir. Ermənistan mətbuatından da göründüyü kimi bu, Paşinyanı narahat edir. Çünki son nəticə etibarilə Ermənistanın mövqeyini zəiflədir. Ona görə də bunların arasında ziddiyətlər var. Düşünmək olar ki, bu ziddiyətlər böyüyə bilər və Ayvazyan ümumiyyətlə öz postundan məhrum oluna bilər. Hər halda belə ehtimalları erməni Kütləvi İnformasiya Vasitələri irəli sürür. Amma düşünürəm ki, bütün hallarda bu cür davranışla XİN rəhbəri digər ölkələrlə, o cümlədən postkonflikt dövründə regionda fəallığı ilə seçilən ölkələrlə təmas qurmalıdır. Belə yanaşma ilə Ermənistan daha da ağır vəziyyətə düşə bilər. Ayvazyan bunu dərk etməlidir". 

Xatırladaq ki, Ermənistan xarici işlər naziri Ara Ayvazyan Qarabağla bağlı növbəti qərəzli açıqlama verib. O, sülh danışıqları aparmaq üçün Azərbaycana şərt irəli sürüb. "Bütün əsirlər qaytarılmayınca, Qarabağla bağlı sülh danışıqları bərpa oluna bilməz", - Ayvazyan söyləyib.

Təhməz Əsədov Son.az