“Xiaomi” şirkəti bu il üçün planlarını açıqlayıb


Digərləri 23 Fev 2021 23:15:00 147 0

“Xiaomi” şirkəti bu il üçün planlarını açıqlayıb

"Xiaomi" şirkəti diqqəti "ağıllı" ev üçün qurğuların yaradılmasına yönəldəcək. Bu barədə şirkət rəhbəri Lu Veybinin sosial şəbəkələrdə yayılan məlumatında deyilir.

Son.az ictnews.az-a istinadən bildirir ki, Çin şirkətinin top-menecerinin sözlərinə görə, 2021-ci il "Əşyalar interneti" (Internet of Things, IoT) ili olacaq. Bununla əlaqədar "Xiaomi" xüsusilə Çin bazarında "ağıllı" ev üçün məhsulların buraxılışına üstünlük verəcək. Jurnalistlər qeyd edib ki, beləliklə, "Xiaomi" mövcud müxtəlif məişət cihazlarının çeşidini daha da genişləndirmək niyyətindədir.

Şirkət tərəfindən Yeni il bayramı və tətili günlərində qurğuların satışının təhlil edildiyini bildirən L.Veybin "Xiaomi" məhsullarına marağın artmasını vurğulayıb. O qeyd edib ki, şirkət nəzərdə tutulandan daha çox "ağıllı" ev əşyası buraxmağı və "Əşyalar interneti" seqmentinə əvvəllər smartfonlara olduğu kimi, daha çox diqqət yetirməyi planlaşdırır.

Bununla belə, "Xiaomi" təsisçisi hansı qurğuların buraxılışının planlaşdırılmasını konkretləşdirməyib, eləcə də smartfonlar seqmentinə diqqətin nə dərəcədə yetiriləcəyini dəqiqləşdirməyib.