Tütün məhsulları aksizli malların siyahısına daxil edilir


Digərləri 23 Fev 2021 12:43:14 125 0

Tütün məhsulları aksizli malların siyahısına daxil edilir

Azərbaycanda tütün məmulatlarının aksizli malların siyahısına daxil edilməsi təklif edilir.

Son.az Trend-ə istinadən bildirir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Vergi Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, tütün məmulatlarının həm istehsalı, həm də idxalı üzrə aksiz dərəcələrinin artırılması, habelə trubka tütünü, çəkmə, çeynəmə, sovurma, iyləmə tütünləri, habelə bütün növ qəlyanlar üçün nəzərdə tutulan tütün və tütün məhsullarının və qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının aksizli malların siyahısına daxil edilməsi təklif edilir.

Dəyşiklik layihəsində qeyd edilir ki, tütün məmulatlarının idxalının istehlakda xüsusi çəkisi 2017-ci ilin yanvar-oktyabr ayları üzrə 89,5 faiz, 2018-ci ilin yanvar-oktyabr ayları üzrə 74,5 faiz, 2019-cu ilin yanvar-oktyabr ayları üzrə 44,1 faiz təşkil edirdisə 2020-ci ilin müvafiq dövrü üzrə bu rəqəm 12,3 faiz təşkil etmişdir. Beləliklə tütün məmulatlarının daxili istehsalının istehlakda xüsusi çəkisi 87,7 faizədək yüksəlmişdir.

Bununla da, aparılan iqtisadi islahatlar nəticəsində idxalın həcmi azalmaqla ölkə daxilində istehlak tələbatının yerli istehsal hesabına təmin edilməsi nəticəsində ölkə xaricinə valyuta axının azalması baş vermişdir.

Bununla yanaşı, tütün məmulatlarının aksiz dərəcələrinin yüksəldilməsi nəticəsində cəmi istehlak 2017-ci ilin yanvar-oktyabr ayları üzrə 10 618 080 min ədəd təşkil edirdisə, 2020-ci ilin müvafiq dövrünə münasibətdə bu rəqəm 8 538 977 min ədədədək azalmışdır.

Eyni zamanda, tütün məmulatlarının istehsalı və idxalı ilə məşğul olan vergi ödəyicilərinin cəmi vergi ödənişləri 2017-ci il üzrə 87 909 200 manat olmuşdursa, bu rəqəm 2020-ci ilin yanvar-noyabr ayları üzrə 473 554 500 manat təşkil etmişdir və 2020-ci ilin sonuna cəmi vergi ödənişlərinin 520 milyon manat olması planlaşdırılır.