28 ildən sonra ilk dəfə evlərini gördülər VİDEO


Digərləri 22 Fev 2021 12:23:00 123 0

28 ildən sonra ilk dəfə evlərini gördülər  VİDEO

Bir ev düşünün, orda böyüyürsən, ən xoş günlərin orda keçir, ancaq qəfil başlayan müharibə səni 28 il həmin evi görməkdən məhrum edir. Yuxularında görürsən hər gün, ancaq realda ona toxunub, qoxusunu, havasını ala bilmirsən o evin. Yəqin ki, yer üzündə insanların çəkdikləri həsrətlərin ən böyüyüdür yurd həsrəti. Bunu 30 ilə yaxın bir vaxtdan sonra öz evini görən insanların yanında anlamaq mümkündür ancaq.

Son.az bildirir ki, "Xəzər Xəbər" Qubadlıdan olan milli qəhrəman Ələkbər Əliyevin oğulları və həmin rayonun Muradxanlı kəndindən olan polis əməkdaşının öz evlərini ilk dəfə görmə anlarına şahidlik edib. Rüstəm İbadovun Qubadlıdan hazırladığı xüsusi reportajı təqdim edirik.

28 ildən sonra yaşadıqları evi birinci dəfə görən Qubadlı sakinlərinin həmin anda hiss etdikləridir bu görüntülər.

İlk dayanacağımız 1992-ci il Laçın uğrunda gedən döyüşlərdə şəhid olan Azərbaycanın milli qəhrəmanı Ələkbər Əliyevin Qubadlı rayonunun İşıqlı kəndində yerləşən evidir. 28 ildən sonra evlərini ilk dəfə görən milli qəhrəmanın oğulları Xəyal və Ruhin Əliyevlər ata ocağına ilk addımlarında göz yaşlarını saxlaya bilmirlər.

Hər iki qardaş 30 ildən sonra qalib ölkənin vətəndaşı olaraq geri qayıtmağın sevincini evin qarşısından Azərbaycan bayrağını asaraq ifadə edirlər.

Daha sonra isə Qubadlının Muradxanlı kəndinə üz tuturuq. Bu kənddə ömrünün yarısını keçirən və I Qarabağ müharibəsində ərazilərimizin müdafiəsində iştirak edən, hazırda isə istefada olan polis polkovniki Nizami Əhmədovun evindəyik. Evinə baxarkən kim bilir xəyalından övladları, ata-anası ilə birgə keçirdiyi hansı xatirələr keçir. Bu insanların yanında anlamaq mümkündür ancaq yurd həsrətinin nə demək olduğunu.