Bu axşam İrəvan qarışacaq


Siyasət 22 Fev 2021 11:47:11 132 0

Bu axşam İrəvan qarışacaq

Bu gün saat 18:00-da Ermənistanın paytaxtı İrəvanda kütləvi itaətsizlik aksiyası keçirəcək.

Aksiyanın keçirilməsi barədə qərar ötən şənbə günü keçirilən mitinqdə qəbul edilib. Etirazçılar baş nazir Nikol Paşinyan və onun komandasının istefa verməsini tələb edirlər.

"İtaətsizlik marşı" adlanan aksiya İrəvanın mərəzindəki Vaahan Davtyan parkının yanında, İran səfirliyinin binasının yaxınlığında başlayacaq.

"Nikolsuz Ermənistan!", "Türk Nikol - xəyanətkar!", "Bu hakimiyyət getməlidir!", "İstefa!" və s. şüarlarla keçiriləcək aksiyanın təşkilatçısı Ermənistan müxalifətinin aparıcı partiyalarını birləşdirən "Vətənin Xilası" hərəkatıdır.

Hərəkatın rəhbəri baş nazir postuna müxalifətin vahid namizədi Vazgen Manukyandır.

Bugünkü aksiyada "Çiçəklənən Ermənistan" Partiyasının sədri Qagik Sarukyan, Vətən Partiyasının sədri Artur Vanesyan, Erməni İnqilabi Federasiyası-Daşnaksutyunun idarə heyətininin katibi İşxan Saqatelyan və başqa siyasətçilər iştirak edəcəklər.

İlkin məlumatlara görə, aksiyanın maliyyələşdirilməsi ilə sabiq prezidentlər Robert Köçəryan və Serj Sarqsyan məşğuldur.

Ermənistan müxalifətinin ötən həftənin şənbə günü keçirdiyi etiraz aksiyasına 40 min insanın qatıldığı deyilir. Lakin rəsmi qurumlar yürüşlə mitinqdə maksimum 15 min nəfərin olduğunu vurğulayırlar.

Bu axşam keçiriləcək yürüşə minimum 10 min erməninin qatılacaqları vurğulanır.

Ermənistan müxalifətinin radikal hissəsi baş nazir Nikol Paşinyanın nəyin bahasına olursa-olsun, hakimiyyətdən kənarlaşdırmaqda qərarlıdır. Bunun üçün dövlət çevrilişi, silahlı çevriliş və digər antikonstitusion proseslər əsla istisna olunmur.

Hazırda Paşinyana qarşı formalaşmış düşərgəyə bəyan edildiyi kimi, "demokratik siyasətçilər" yox, sabiq prezidentlər Robert Köçəryanla Serj Sarqsyan rəhbərlik edirlər.

Sarqsyanın hakimiyyətə qayıdış şansları minimum olduğundan, Köçəryan baş nazir postuna yiyələnmək niyyətindədir.

Tam əksəriyyəti Rusiyada yaradılan və oradan idarə olunan sosial şəbəkə səhifələri, qruplar və Telegram kanallarında da "Ermənistanın nicatı" qismində məhz Robert Köçəryanın göstərilməsi bununla bağlıdır.

Ermənistanda "qisas, revanş" əhval-ruhiyyəsi yaratmağa çalışan, Qarabağda "itirilən torpaqları geri almaq üçün" erməniləri "yeni sınaqlara səfərbər olmağa" yönəlmiş çağırışların müəllifləri də məhz R.Köçəryanı hakimiyyətə qaytarmaq istəyən şəxslərdir.

Onların Rusiyadakı erməni diasporu tərəfindən maliyyələşdirilməsi də şübhə doğurmur.

Qərb ölkələrindəki erməni diaspor təşkilatları da N.Paşinyandan narazıdırlar, lakin onların narazılığı fərqlidir. Bu strukturlar son vaxtlar Ermənistanda Rusiyadan idarə olunan siyasi partiyalarla qurumların aktivləşməsindən, kollektiv Qərbin və ilk öncə, ABŞ-ın strateji maraqlarına qarşı yönəlmiş fəaliyyətdən narahatdırlar.

Faktiki olaraq Ermənistan indi Qərb və Rusiyanın maraqlarını təmsil edən diaspor strukturlarının qarşıdurma məkanına çevrilib.

Orxan Hun Son.az