“Kəlbəcərin o məşhur tunelindən yalnız bir nəfər sağ çıxdı”


Digərləri 22 Fev 2021 11:34:00 115 0

“Kəlbəcərin o məşhur tunelindən yalnız bir nəfər sağ çıxdı”

Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarix yazaraq 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi. Bu qələbə isə heç də asan başa gəlmədi. Neçə-neçə igid Vətən oğlu şəhadətlik zirvəsinə ucaldı, minlərlə hərbçimiz ciddi xəsarətlər alaraq qazi adını aldı.

Birinci Qarabağ müharibəsi zamanı da xalqımız az şəhid verməyib. Bu gün həmin şəhidlərin ruhları şaddır. Canlarını fəda etdikləri Vətən torpaqlarını onların övladları, nəvələri azad etdilər, üçrəngli şanlı bayrağımızı yenidən Şuşada dalğalandırdılar.

Birinci Qarabağ müharibəsi zamanı şəhid olan igid, qeyrətli Vətən oğullarını da daim fəxr və ehtiramla yad etməli, unutmamalıyıq. Son.az 1news-a istinadən bildirir ki, onlardan biri də İlqar İsmayılovdur. Oğlu Nəriman İsmayılov atası ilə bağlı xatirələrini böyük fəxarət hissi ilə bölüşür:

"Mən İsmayılov Nəriman İlqar oğlu 1991-ci ilin soyuq noyabr səhərində Bakı şəhərində dünyaya göz açmışam. İlk yadıma gələn cümlələrdən biri " Sən evin tək kişisisən" cümləsidir. Çünki atam İsmayılov İlqar Məmmədağa oğlu 02.04.1993-cü ildə Kəlbəcər uğrunda gedən döyüşlərdə sona qədər döyüşüb qəhrəmancasına şəhid oldu. Daha doğrusu itkin düşdü. Rütbəsi kiçik çavuş, vəzifəsi tank manqasının komandiri idi, 18 əsgəri var idi. Kəlbəcərin o məşhur tunelindən yalnız bir nəfər sağ çıxdı. O da bir neçə ildən sonra aldığı zədələrdən və ağır əsirlik həyatında çəkdiyi işkəncələrdən, zülümlərdən sonra haqq dünyasına qovuşdu.

4 yaşım olanda əmim həmin adamı tapıb bizə gətirmiş, bütün ümidlərimizi qırmışdı.

"Anam, İlqarın cəsədini mən görmüşəm. Çox mərd oğlan idi". Bu, həyatımda eşitdiyim ən ağrılı və sağalmaz yaralar buraxan cümlələr idi. Həmin an nənəmin, anamın, bibilərimin nələr yaşadığını görsəm də sözlə ifadə edə bilməyəcəyəm.

Böyüdükcə, kimin oğlu olduğumu daha dərindən dərk elədikcə başı dik, qürurlu, alnıaçıq olmağın necə bir hiss olduğunu yaşadım. Mən qəhrəmanın oğluyam və kimsə mənim atamdan üstün ola bilməzdi. Bu gün də belə düşünürəm. Kimsə mənim atam və bütün şəhidlərdən üstün deyil. Çünki bu torpaqda yaşayan, bu Vətənin havasını udan, suyunu içən hər kəs şəhidlərə borcludurlar. Şəhidlik məqamı elə bir məqamdır ki, o, hər adama qismət olmayan əbədi bir yüksəklikdir".

Nəriman İsmayılov

Tale elə gətirir ki, N.İsmayılov onun kimi şəhid övladı olan bir insanla ailə həyatı qurur:

"Məktəbdə sinif yoldaşımı sevdim. 2-ci sinifdə öyrəndim ki, o da şəhid qızıdır. Atası Əlibəyov Murad Mustafa oğlu 1994-cü ildə, Ağdərə istiqamətində gedən şiddətli döyüşdə qəhrəmanlıq göstərərək şəhid olub, ailəsini və iki qızını Allaha və xalqa əmanət edib. Məzarı Qəbələnin Xırxatala kəndindədir. Hər ora gedəndə qaynatamın əziz xatirəsini yad etmək üçün məzarı başına gedir, ona verdiyim sözün arxasında olduğumu, həm Vətən əmanətinə, həm də ailə əmanətinə sadiq qaldığımı vurğulayıram".

Atası ilə fəxr etdiyini deyən N.İsmayılov atasızlığı hər zaman hiss etdiyini ürək yanğısı ilə söyləyir:

"Hələ 7 yaşımda dərsdən sonra evdə oturub uzun-uzun düşündüm. Düşündüm ki, biz ikimiz də eyni həyatı yaşayırıq. Məsələn, uşaqlar atalarının işləri, maşınları, xasiyyətləri haqqında danışanda ikimiz də kənara çıkilib bir-birimizə baxar və "Ata" sözünü eşidəndə göz yaşlarımızı hamıdan gizlətməyə çalışardıq. Mən atamın bitirdiyi məktəbi bitirmişəm. Ona dərs deyən müəllimlər mənə də dərs deyib. Onun əyləşdiyi parta arxasında mən də əyləşmişəm.

Məktəbin həyətində mərmərdən şəkli var. Qəbri olmadığına görə hər il atamın doğum günü olan 18 dekabr və şəhid olduğu 2 aprel tarixlərində dərsdən icazə alar, atamın şəklinin önünə gül qoyar, onunla söhbət edərdim.

Şəhid İlqar İsmayılov

Uşaq vaxtından onda olan Vətən sevgisi, Vətənə və millətə xidmət eşqi mən böyüdükcə qəlbimdə böyüməyə davam etdi və indi də bu sevginin qarşısında hər şey acizdir.

Məktəbi bitirdim, 24 yaşımda sinif yoldaşım, şəhid Murad Əlibəyovun qızı ilə ailə həyatı qurdum. İndi bir qızımız var. Qızımın hər iki babası şəhiddir. Nənələri şəhidin həyat yoldaşı, ata-anası isə şəhid övladlarıdılar".

İkinci Qarabağ müharibəsindən böyük qürur hissi ilə danışan N.İsmayılovun sözlərinə görə, bu möhtəşəm qələbə sayəsində Birinci Qarabağ müharibəsində canlarını Vətən uğrunda qurban verən şəhidlərimizin qisası alındı, onların ruhları əbədi rahatlıq tapdı:

"2020-ci il sentyabr ayında ikinci Qarabağ müharibəsi başladı. Orada olmalı, qisasda mənim də payım olmalı idi deyə düşünürdüm. Ancaq atama qismət olan xidmət mənə qismət olmadı.

Əsgərlərimizə çox güvənirdim. Bilirdim ki, Azərbaycan xalqı Qarabağı heç zaman unutmayıb, unutmaz da. Kəlbəcərin alındığı xəbərini eşidəndə dostlarımla Ağdamdan, şəhid dəfnindən qayıdırdım. Gözlərimdən sevinc göz yaşları axdı və içimdən gələn "oğlum, mən qayıtdım" kəlməsini eşitdim. O qaranlıq tuneldən 18 igidin tank belində məğrurca, qalib vəziyyətdə çıxmaları gözümün önündə canlandı.

Bu gün hər birimiz bu möhtəşəm qələbəni bizə bəxş edən Azərbaycan Ordusu ilə fəxr edirik. Müzəffər Ordumuzun qalibiyyət dastanı yazdığı günlərdə xalqımız dinindən, cinsindən, etnik kimliyindən, siyasi baxışından asılı olmayaraq yumruq kimi birləşdi, bir oldu.

Allah şəhidlərimizin ruhlarını şad eləsin, qazilərimizə şəfa versin. Biz və gələcək nəsillərimiz hər zaman onlara borclu olacayıq.

İnanıram ki, yaxın vaxtlarda bütün Qarabağ torpaqlarında Azərbaycanın üçrənli bayrağı dalğalanacaq və həqiqət tam olaraq parıldayacaq. Yaşasın bütöv Azərbaycan, yaşasın Azərbaycan xalqı!".