Ayaqlarda damarları görünməz etmək üçün


Digərləri 20 Fev 2021 21:20:00 154 0

Ayaqlarda damarları görünməz etmək üçün

Damar ulduzcuqları - teleangioektaziyalar tonusunu itirmiş dəridaxili kapiliyarların genişlənməsi nəticəsində əmələ gəlir.

Kapilyar damarların keçiriciliyinin zəifləməsi və elastikliyinin azalması nəticəsində mikrosirkulyasiyada yaranan durğunluq venoz və ya arterial damarlarda təziyiqin artmasına və onların genişlənməsinə səbəb olur. Daha çox ayaqlarda müşahidə olunan damar ulduzcuqlarına bəzən üz, boyun və sinə nahiyəsinin dərisində də rast gəlmək mümkündür.

Ayaqlarda damar ulduzcuqları qırmızı və ya bənövşəyi rəngdə şaxələnmiş ağac kökünə və ya hörümçək toruna bənzər formada müşahidə olunur.

Ulduzcuqların əmələgəlmə səbəblərindən biri də qanda qadın cinsi hormonları olan estrogenlərin səviyyəsinin artmasıdır. Onların hormonal kontraseptiv dərmanlar qəbul edən və yaxud hamiləlik keçirən qadınlarda daha çox müşahidə edilməsi də bununla əlaqədardır.

Bunlardan başqa damar ulduzcuqları uzun müddət hündürdaban ayaqqabı geyilməsi, qalxanabənzər vəzin, qaraciyərin xəstəlikləri, uzun müddət nəzarətsiz hormonal preparatların qəbulu, artıq çəki və siqaret çəkmə nəticəsində də yaranır. Bu problemlə mübarizə etmək üçün bəzi xalq təbabəti vasitələri istifadə etmək olar.

Reseptlər

- Eyni miqdarda ayıqulağı yarpaqları, qarağat yarpaqları və dazıotu otu qarışdırılır, qarışıqdan 1 xörək qaşığının  üzərinə 1 stəkan qaynar su əlavə edilir. 15-20 dəqiqə dəmlənir, soyudulur, süzülür. Səhər və axşam yeməkdən əvvəl yarım stəkan qəbul edilir.

- Hərəsindən 2-3 xörək qaşığı çobanyastığı və gülümbahar çiçəkləri üzərinə 1 litr qaynar su əlavə edilir. 15-20 dəqiqə dəmlənir, süzülür. Dəmləmə ilə ayaqlara vanna edilir və ya həmin nahiyəyə islatma qoyulur.

- Damar ulduzcuğu olan nahiyəyə hər gün alma sirkəsi çəkilir. Prosedur 1 ay aparılır.

- Kal pomidor ortadan kəsilir, kəsik tərəfi ulduzcuq olan nahiyəyə qoyularaq 2-3 dəqiqə saxlanır. Onun tərkibindəki turşular müalicəvi təsir göstərsə də, dəriylə uzunmüddətli təması qızartı və qaşınma kimi əlamətlərin yaranmasına səbəb olur. Prosedurdan sonra həmin nahiyəyə nəmləndirici krem çəkilir.

- Damarları möhkəmləndirmək məqsədilə gündə 2-3 dəfə Şəfa vitamini qəbul edilir.