""Nizami Gəncəvi İli"nin elan edilməsi Azərbaycan xalqının mədəniyyətinə, milli kimliyinə və özünə qayıdışına sahibliyinin sübutudur"


Kriminal 26 Yan 2021 13:01:00 144 0

""Nizami Gəncəvi İli"nin elan edilməsi Azərbaycan xalqının mədəniyyətinə, milli kimliyinə və özünə qayıdışına sahibliyinin sübutudur"

Xalqın ən böyük sərvətlərindən biri milli-mənəvi dəyərlərinin, mədəniyyətinin formalaşmasında rol oynayan dahi şəxsiyyətləri, tanınmış mütəfəkkirləridir. Çünki bir xalqın dünya sivilizasiyasında özünəməxsus yer tutmasında dahi şəxsiyyətləri xüsusi rol oynayır. Biz də o xoşbəxt xalqlardanıq ki, söz yaradıcılarımız bəşəriyyətə öz töhfəsini verib və bütün dünyada tanınır, sevilir. Belə əvəzolunmaz dahilərimizdən biri də heç şübhəsiz özünəqədərki bəşəri dəyərlərin zirvəsində dayanan Nizami Gəncəvidir. Dahi Şeyx Nizaminin həyatı və ədəbi-elmi irsi hər kəs üçün ən yaxşı nümunə, örnəkdir.

Bu il anadan olmasının 880 illik yubileyi tamam olan məşhur mütəfəkkirimizin ölməz ədəbi irsi təkcə xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilməyib, eyni zamanda əsərlərindəki humanizm, insana məhəbbət, yüksək əxlaq, estetik zövq, dərin fəlsəfi fikir bütünlükdə insanlığa ünvanlanıb. Qüdrətli söz sənətkarının məşhur "Xəmsə"si bəşəriyyətin mənəvi sərvətlər axtarışının zirvəsində dayanaraq, dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutub. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05.01.2021-ci il tarixli Sərəncamı ilə ölkəmizdə "Nizami Gəncəvi İli"nin elan edilməsi mədəni və siyasi baxımdan böyük əhəmiyyət kəsb edir.

Bu Sərəncamı təkcə ölkəmizdə deyil, həmçinin ölkə hüdudlarından kənarda da qüdrətli söz və fikir ustadının fəlsəfəsini daşıyan insanlara verilən qiymətin təzahür forması kimi qiymətləndirmək olar. 2019-cu ilin "Nəsimi İli", 2021-ci ilin isə "Nizami Gəncəvi İli" elan edilməsi Azərbaycan xalqının mədəniyyətinə, milli kimliyinə və özünə qayıdışına sahibliyinin sübutudur.

Nizami fəlsəfəsi Şərqlə Qərbin bir-birinə "aşiq olduğu" bu coğrafiyanın hələ XII əsrdən intellektli insanların, mədəni müxtəlifliyin, tolerantlığın beşiyi olduğunu göstərir. Nəzərə alsaq ki, hələ bu dövrlərdə dünyanın bir çox yerində ilk ali təhsil müəssisələri yenicə yaranırdı, dini zəmində münaqişələr baş verirdi, Azərbaycanda isə xalqımız humanizm fəlsəfəsi ilə tərbiyələndirilirdi. Kamil insanın inkişaf dövrlərindən söz açılırdı. Elə məhz buna görə də belə şəxsiyyətlərin geniş təbliğinə böyük ehtiyac var. Mədəniyyətlərarası ziddiyyətlərin dərinləşdiyi, dini ayrı-seçkiliyin siyasi ritorikada aktuallaşdığı bir vaxtda sülhü, ədaləti, dialoqu, həmrəyliyi təbliğ edən mütəfəkkirlərin təbliği çox vacibdir. Bu baxımdan belə ənənələri formalaşdıran Nizami Gəncəvilərin dünyaya təbliği böyük əhəmiyyət kəsb edir.

Zəngin mədəniyyətin yetişdirdiyi belə şəxsiyyətlərin təbliği siyasi baxımdan da xüsusi məna daşıyır. Bu il xalqımız həm də şanlı ZƏFƏRİMİZİN 1 yaşını qeyd edəcək. 880 il sonra Azərbaycan xalqı ədaləti təbliğ edən xalqdan həm də ədaləti təmin edən xalq kimi özünü təsdiq etdi. Bu baxımdan 2021-ci ilin "Nizami Gəncəvi İli" elan edilməsinin xüsusi siyasi yükü var.

2012-ci ildə Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan və dəstəyi ilə fəaliyyət göstərən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən 2021-ci ildə də dahi azərbaycanlı şair və mütəfəkkirin təbliği istiqamətində bir sıra fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.

Mərkəz bu günə kimi ölkəmizin beynəlxalq arenada müsbət imicinin gücləndirilməsi, eləcə də ölkə həqiqətlərinin obyektiv şəkildə dünyaya çatdırılması istiqamətində həyata keçirilən fəaliyyətlərə böyük töhfə vermişdir.

"Nizami Gəncəvi İli" çərçivəsində mərkəzin təşəbbüsü ilə bir sıra mötəbər nəşrlərin çapı nəzərdə tutulur. Bunlardan biri Şərq miniatür sənəti tarixinin öyrənilməsinə həsr edilmiş "Şair və Nəqqaş Qələminin Sehri. Nizami "Xəmsə"sindən seçilmiş miniatürlər" adlı elmi-kütləvi kitabın (Azərbaycan və İngilis dillərində) çap edilməsidir. Belə ki, həmin nəşr orta əsrlərdə mövcud olan bütün miniatür məktəblərini (Təbriz, Herat, Şiraz, Qəzvin, İsfahan və s.) əhatə edən, eləcə də Nizami Gəncəvinin "Xəmsə"sinə daxil olan poemalara müxtəlif dövrlərdə çəkilmiş miniatürlər əsasında hazırlanır. Sözügedən illustrasiyalar Asiya, Avropa, Şimali Amerikanın böyük muzey və kitabxanalarında saxlanılan rəsm nümunələri əsasında toplanıb. İlk dəfə olaraq Nizaminin əsərlərinə çəkilmiş və İstanbulun Topqapı Sarayı Kitabxanasında saxlanılan 69 ədəd "Xəmsə"nin rəsmi əlyazma nüsxələrindən 41 ədədi araşdırmaya cəlb olunub. Rusiya Milli Kitabxanasında saxlanılan "Xəmsə" əlyazmalarına çəkilmiş rəsmlər ayrıca bir fəsildə təqdim olunur və kitabı xeyli zənginləşdirir. Eyni zamanda Nizami Gəncəvinin həyat və yaradıcılığı məşhur Azərbaycan şərqşünası, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Harvard Universitetinin fəxri doktoru Rüstəm Əliyevin "Əbədi məhəbbət haqqında poema" əsərindən seçmələrlə təqdim olunur. Həmçinin kitabda "Müasir Azərbaycan miniatürü" adlı fəsil göstərir ki, bu gün Azərbaycanın bir çox yaxşı fırça ustalarının marağını klassik miniatür sənəti cəlb etməkdədir və həmin sənət onların qarşısında yeni yaradıcılıq axtarışları üçün geniş meydan açır.

Bundan əlavə Nizami dövrünü ictimai-siyasi və mədəni münasibətlər müstəvisində araşdırmaq, Nizamini bu günün ədəbi-bədii təfəkkürü daxilində təhlil edib onu milli kimliyimizin təzahür forması kimi təqdim etmək məqsədilə "Nizami çağı" adlı elmi araşdırma kimi müxtəlif nəşrlərin beynəlxalq ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulur. Bütün bunlarla yanaşı Mərkəz tərəfindən yerli və əcnəbi nizamişünasların iştirakı ilə Nizami irsinin tədqiqi və təbliği məqsədilə beynəlxalq konfransların, onlayn müzakirələrin təşkili planlaşdırılır.

"Nizami Gəncəvi İli" çərçivəsində Mərkəz tərəfindən həyata keçirilən layihə və tədbirlər, ümumilikdə, Azərbaycanın və ədibin dünyada geniş təbliği istiqamətində aparılan uğurlu fəaliyyətə töhfə olacaqdır.

Elnur Əliyev,  Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilər Şurasının sədri