Azərbaycanın imkanları azad olunan torpaqlarımızda tez bir zamanda həyatın canlanmasına inam yaradır Komitə sədri


Siyasət 25 Yan 2021 23:20:00 153 0

Azərbaycanın imkanları azad olunan torpaqlarımızda tez bir zamanda həyatın canlanmasına inam yaradır  Komitə sədri

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı "Qarabağ Dirçəliş Fonudu"nun fəaliyyətinin təmin edilməsi haqqında fərman işğaldan azad edilmiş ərazilərimizin bərpasını və yenidən qurulmasını, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik olan regiona çevrilməsi üçün həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin gücləndirilməsini, bu sahədə dövlət-özəl münasibətlərinin tərəfdaşlığının inkişaf etdirilməsini nəzərdə tutur və bilavasitə uzun müddət düşmən əsarəti altında olan regionların abadlaşlamasına, çiçəklənməsinə və inkişafına hesablanıb.

Son.az bildirir ki, bunu Trend-ə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, bu fərman ölkə başçısının "Biz bütün ərazilərimizi bərpa edəcəyik, cənnətə çevirəcəyik, abadlaşdıracağıq. İnsanlar bu yerlərdə yenidən normal həyata qayıdacaq, qurub yaradacaqlar" fikirlərini özündə əks etdirməklə Qarabağa olan sonsuz məhəbbətinin bir daha ifadəsidir.

O qeyd edib ki, Azərbaycan xalqı dövlət rəhbərinin torpağa, vətənə olan məhəbbətini, sədaqətini hər bir çıxışında, əməlində duyur və hiss edir:

"44 günlük müharibə dövründə Prezidentin işğaldan azad olunmuş ərazilərə- Füzuliyə, Qubadlıya, Ağdama, Xocavəndə, Şuşaya səfərlərində vətənə, torpağa sonsuz məhəbbət özünü daha aydın göstərdi. Prezident-xalq və ordunun birliyi, əzmi möhtəşəm, unudulmaz, tarixi qələbələrimizi təmin etdi, 30 illik torpaq həsrətinə son qoyuldu. Düşmən tapdağı altında inildəyən kəndlərimiz, şəhərlərimiz əsarətdən qurtuldu, şəhidlərimizin ruhu şad oldu.

Əlbəttə, Prezidentimizin əzmi, qətiyyəti, xalqımızın birliyi və vətənpərvərliyi, iqtisadiyyatımızın vəziyyəti və inkişafı, beynəlxalq aləmdə dəstəklənməyimiz ümid verir ki, işğaldan azad olunan torpaqlarımızda tez bir zamanda həyat canlanacaq. Uzun illər topaq həsrəti ilə yaşayan insanlar öz doğma yurd-yuvalarına qayıdacaq və xoşbəxt günlərə qovuşacaqlar. "Qarabağ Dirçəliş Fondu"nun da bu sahədə fəaliyyəti sözsüz ki, səmərəli olacaqdır".