Milli Məclisin Səhiyyə komitəsi iş planını açıqladı


Siyasət 21 Yan 2021 17:39:00 246 0

Milli Məclisin Səhiyyə komitəsi iş planını açıqladı

Yanvarın 21-də Milli Məclisin Səhiyyə komitəsinin cari ilin yaz sessiyasında videokonfrans formatında ilk iclası keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, Komitə sədri Əhliman Əmiraslanov iclası açaraq diqqətə çatdırıb ki, iclasın gündəliyinə 2020-ci ilin payız sessiyası dövründə Səhiyyə komitəsində görülən işlər barədə hesabat və komitənin 2021-ci ilin yaz sessiyası üçün iş planı ilə bağlı məsələlər daxil edilib.

Ə.Əmiraslanov komitənin 2021-ci il yaz sessiyası üçün iş planını diqqətə çatdırıb. O bildirib ki, sessiya ərzində Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələrinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi layihələrin müzakirəsi, "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsinin hazırlanması nəzərdə tutulub.

Yaz sessiyasında koronavirus (COVİD-19) infeksiyası ilə bağlı ölkədəki vəziyyət və görülən tədbirlər barədə, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar normativ-hüquqi aktlara dəyişikliklərin edilməsinə dair, optika və optikaçılıq, ürək-damar sistemi xəstəlikləri ilə bağlı dinləmələrin keçirilməsi planlaşdırılıb.

Onlayn tədbirdə komitənin sədr müavini Rəşad Mahmudov, üzvləri Kamaləddin Qafarov, Məlahət İbrahimqızı, Soltan Məmmədov, Sədaqət Vəliyeva yaz sessiyasının iş planı barədə öz fikirlərini açıqlayıblar, bəzi təkliflər səsləndiriblər.

Deputatlar komitənin 2021-ci il yaz sessiyasının iş planını təsdiqləyiblər.