Bakı şəhər prokurorluğu orqanları əməliyyat müşavirəsi keçirib


Digərləri 21 Yan 2021 18:21:00 123 0

Bakı şəhər prokurorluğu orqanları əməliyyat müşavirəsi keçirib

Yanvarın 21-də Bakı şəhər prokurorluğu orqanları tərəfindən 2020-ci il ərzində cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə, qanunçuluğun möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans formatında əməliyyat müşavirəsi keçirilmişdir.

Müşavirə başlamazdan öncə Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Azərbaycanın mərd oğullarına Allahdan rəhmət, qazilərimizə şəfa dilənmişdir.

Müşavirəni giriş sözü ilə açan Bakı şəhər prokuroru, III dərəcəli dövlət ədliyyə müşaviri İlqar Abbasov bildirmişdir ki, 2020-ci il ölkəmiz üçün çox əlamətdar hadisələrlə yadda qalmışdır. Ötən ili digər dünya dövlətlərindən fərqli olaraq ölkəmiz üçün əlamətdar edən əsas hadisə, işğal altında olan əzəli torpaqlarımızın Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin siyasi iradəsi və rəhbərliyi ilə, rəşadətli, mübariz ordumuzun əzmi, xalqımızın birliyi nəticəsində düşmən işğalından azad edilməsi olmuşdur.

Daha sonra İlqar Abbasov hesabat məruzəsi ilə çıxış edərək bildirmişdir ki, Bakı şəhərində 2019-cu ildə prokurorluq və daxili işlər orqanları üzrə cəmi 11176 törədilmiş cinayət hadisəsi qeydə alındığı halda, 2020-ci ildə 667 hadisə azalaraq 10509 hadisə qeydə alınmış, ağır və xüsusilə ağır cinayətlərin sayı 171 vahid artaraq 1449 olmuş, qeyd olunan cinayət hadisələrinin açılma faizi 86,1%-ə yüksəlmişdir.

Hesabat dövründə ötən illə müqayisədə qəsdən adam öldürmə cinayətlərinin sayı 19 fakt azalaraq 47 cinayət hadisəsi qeydə alınmışdır ki, onlardan 45-nin açılması təmin edilmişdir. Bağlı qalan qətl hadisələrindən birinin istintaqı hazırda Baş Prokurorluğun İstintaq idarəsində, digəri isə Suraxanı rayon prokurorluğunda davam etdirilir.

Bakı şəhər prokurorluğunun diqqət mərkəzində olan məsələlərdən biri də quldurluq və ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması olmuş, 2019-cu illə müqayisədə hesabat dövründə 51 quldurluq hadisəsi qeydə alınmışdır ki, bu ötən illə müqayisədə 22 hadisə az olmuş, həmin hadisələrdən 2-si bağlı qalmışdır. Ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı 2019-cu illə müqayisədə 46 hadisə azalaraq 160 hadisə olmuş, onlardan 4-ü bağlı qalmışdır.

Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları tərəfindən digər illərdə olduğu kimi 2020-ci ildə də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı kəsərli mübarizə tədbirləri davam etdirilmiş, hesabat dövründə bu qəbildən olan cinayətlərlə bağlı 463 fakt (1707), satışla bağlı isə 2020-ci il ərzində 238 (692) fakt artım qeydə alınmışdır.

Şəhərin prokurorluq və daxili işlər orqanları tərəfindən istintaq edilmiş işlərin təhlili göstərir ki, prokurorluğun icraatında olan 873 işdən 460-ı, daxili işlər orqanlarının istintaq qurumlarının icraatında olan 11943 cinayət işindən 4393-nün istintaqı tamamlanmışdır. Onlardan polis orqanları tərəfindən 3358, prokurorluq orqanları tərəfindən 137 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilmişdir.

Hesabat dövründə prokurorluq və daxili işlər orqanları tərəfindən prokurorluq orqanlarında istintaq edilmiş cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş ümumilikdə 20.672.432 manat məbləğində maddi ziyanın 18.724.325 manatı və ya 90,6%-nin istintaq zamanı ödənilməsi təmin edilmişdir.

Əməliyyat müşavirəsində prokurorluq orqanlarında ziyanın ödənilməsi vəziyyəti qənaətbəxş hesab olunsa da, ibtidai araşdırma zamanı dəymiş ziyanın ödənilməsi göstəricisinin artırılması üçün zəruri tədbirlərin vaxtında görülməsi, cinayət yolu ilə əldə edilmiş əmlakın axtarılıb tapılması üçün intensiv istintaq-əməliyyat tədbirlərinin həyata keçirilməsi tapşırılmışdır.

Bununla yanaşı digər narahat edən məsələrdən biri kimi paytaxtın rayonları üzrə tüfeyli həyat tərzi keçirən şəxslərin müvafiq qeydiyyata alınması üçün yerli daxili işlər orqanları ilə birgə müvafiq profilaktik tədbirlərin görülməsindən ötrü rayon prokurorlarına göstərişlər verilmişdir.