Bibisi qızına görə bıçağa əl atdı: "Dedi, yaxşı eləmişəm..."


Digərləri 21 Yan 2021 15:49:00 89 0

Bibisi qızına görə bıçağa əl atdı: "Dedi, yaxşı eləmişəm..."

Bakının Nizami rayonunda cinayət törətməkdə təqsirli bilinən 1998-ci il təvəllüdlü Röyal Nəzirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az teleqraf.com-a istinadən bildirir ki, Röyal Nəzirov bu il fevralın 12-də 1997-ci il təvəllüdlü Məmməd Heydərovun üzərində öz üstünlüyünü göstərmək məqsədi ilə İnstaqram sosial şəbəkəsində onunla əlaqə saxlayıb.

Həmin gün saat 21.30-da onunla "Neftçilər" metrostansiyasının çıxışı, "Newyorker" mağazasının yaxınlığında təyin etdiyi görüş zamanı mübahisə salıb. O, Məmməd Heydərovun üz nahiyəsinə iki yumruq vurub, bıçaqla bədənini müxtəlif nahiyəsinə 12 dəfə xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Röyal Nəzirov barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zor tətbiq olunması, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs qismində ifadə verən Röyal Nəzirov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, qeyd edib ki, Sabunçuda bibisi Məlahət Vəliyeva (ana və qızının ad-soyadları şərti verilib - red.) və bibisi qızı Səbinə ilə birlikdə yaşayıb: "Məmməd Heydərovla bir il olar ki, əvvəllər yaşadığım ünvana yaxın yaşayan bir şəxs kimi, sonradan isə bibimin qızı Səbinə Məmməd Heydərovun ittiham olunduğu cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanıyıram. Onun qohumları söz vermişdi ki, Məmməd həbsdən azad olan kimi Səbinə ilə evlənəcək. Bu səbəbdən bibimi də razı saldıq ki, şikayətçi olmasın. Həmçinin bu barədə məhkəmə hökmündə də, Məmmədin ifadəsində də qeyd olunub. Məmməd həbsdən azad olundu, amma qohumları verdikləri sözə əməl etmədi.

Bundan sonra məhəllədə olan tanışlarımdan Məmmədin kənarda "pulnan bağladım söhbəti, yaxşı eləmişəm" kimi ifadələri işlətməsini eşitdim".

Təqsirləndirilən şəxsin ifadəsinə görə, bütün bu danışdıqlarını Məmməd həbsdən azad olduqdan sonra bilib: "Bibim Məmmədlə Səbinənin arasında olan hadisədən mənə heç bir söz deməmişdi, gizlətmişdi. Sonradan isə məhəllədə olan söz-söhbətlərdən şübhələndim və bu barədə bibimdən xəbər aldım".

Röyal Nəzərov qeyd edib ki, hadisə baş verən günü İnstaqram sosial şəbəkəsində Məmmədi sosial şəbəkə istifadəçiləri arasında axtarışa verib və səhifəsini tapdıqdan sonra ona mesaj yazıb:

"Özümü təqdim etdim, mobil telefonunu istədim, onunla görüşmək niyyətində olduğumu dedim. Məmməd mənə hazırda yadımda qalmayan mobil nömrəsini verdi və ona zəng etdim. Görüşmək istədiyimi dedim, o, Sabunçu rayonunda görüşə biləcəyini təklif etdi. Lakin onunla Sabunçuda görüşməyə razılıq vermədim. Ehtiyat etdim ki, Məmməd orda ətrafına adam yığar və məni təkləyər.

Bu səbəblə "Neftçilər" metrostansiyası yaxınlığında, "McDonalds" restoranı tərəf olan çıxışında görüşməyi təklif etdim".

Röyal Nəzərovun sözlərinə görə, həmin gün, saat 21 radələrində Məmmədlə qeyd olunan ünvanda görüşüblər: "Həmin zaman mənim və Məmmədin yanında başqa heç kim olmayıb. Birlikdə hərəkət edərək adamların az olduğu "Ekspress Köşk"ün arxasına, şam ağaclarının arasına keçdik. Yolda üzdən tanıdığım Emil adlı şəxsi gördüm. Məmməd də Emili üzdən tanıyır. Emillə salamlaşdıq, daha sonra qeyd olunan yerə keçdik.

Məmmədə Səbinəyə qarşı etdiyi hərəkətlərinin düz olmadığını bildirdim. Məmməd mənə aqressiv cavab verərək yaxşı elədiyini bildirdi və həmin zaman yumruğunu sıxdığını müşahidə etdim. Onun məni vuracağından ehtiyat etdim.

Birinci sağ yumruğumla Məmmədin çənə nahiyəsinə zərbə endirdim. Zərbədən yerə yıxıldı, ayağa qalxaraq mənim üzərimə gəlməyə başladı. Əl-qol hərəkətlərindən düşündüm ki, üzərində bıçaq var. Yenidən ona birinci vurduğum zərbə kimi eyni ilə yumruq zərbəsi endirdim. Bundan sonra Məmmədlə yerdə əlbəyaxa olduq.

Özümlə gətirdiyim bıçağı çıxardaraq Məmməddən aralaşmaq üçün onun ayaq nahiyəsinə bir neçə bıçaq vurdum. Lakin vurduğum zərbələrin heç biri qüvvətli deyildi. Əlbəyaxa olarkən bəzən üstünlük Məmməddə, bəzən məndə olub. Əlbəyaxa zamanı istəmədən özümə də xəsarət yetirmişəm".

Röyal Nəzərov bildirib ki, hadisə təxminən 1-2 dəqiqə davam edib: "Məmməd mənimlə əlbəyaxa olduqdan sonra ayağa qalxdı və hadisə yerindən uzaqlaşdı. Ona ayaq nahiyəsindən bir neçə xəsarət yetirmişəm, qalan xəsarətləri qəsdən etməmişəm. Məndən aralanması üçün onu bıçaqla vurmuşam. Görüşə gedərkən bıçağı ehtiyat üçün özümlə aparmışam. Məmməd məndən güclü olduğu üçün bıçaqdan istifadə etmişəm".

Cinayət işi üzrə şahid qismində ifadə verən Səbinə Vəliyeva bildirib ki, Röyalın Məmmədi bıçaqladığını anasından eşidib: "Hadisənin mənim üstümdə olduğunu onda bildim. Məmmədi 2017-ci ildən tanıyıram. Bir neçə dəfə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşam. Hətta 2017-ci ildə Məmmədin Kənan kimi tanıtdığı, özünü polis kimi təqdim edən şəxs tərəfindən hədə-qorxuya məruz qalmışam, onunla cinsi əlaqədə olmuşam. Daha sonra Kənan məndən 150 manat istədi. Bir daha Kənanla görüşmədim".

Səbinə Vəliyevanın sözlərinə görə, 2018-ci ildə Məmmədlə təbii yolla cinsi əlaqədə olub, qızlığı pozulub: "Mənimlə evlənəcəyimi söz verdi. Sonradan sözünün üstündə qalmadığından polisə müraciət etdik. Məmməd həbs olunduqdan sonra ifadəmi dəyişdim, Məmmədin əməli yüngül maddə ilə məhkəməyə göndərildi və o, həbsdən azad olunduqdan sonra da verdiyi sözünə əməl etmədi".

Nizami rayon Məhkəməsinin hökmü ilə Röyal Nəzirov 2 ay 10gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.

Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qəbələ rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Röyal Nəzirovun üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilib.