Qoca Səmədovun məhkəməsi təxirə salındı


Digərləri 21 Yan 2021 14:54:00 91 0

Qoca Səmədovun məhkəməsi təxirə salındı

Yevlax şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun barəsində olan cinayət işi üzrə məhkəmənin bu günə təyin olunan hazırlıq iclası baş tutmayıb.

Son.az bildirir ki, Şəki Ağır Cinayətlər Məhkəməsindən teleqraf.com-a verilən məlumata görə, məhkəmənin hazırlıq iclası yanvarın 29-a təyin olunub.

Cinayət işi hakim Rəşid Hüseynovun icraatında araşdıılacaq.

Cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının bu günə təyin olunan iclasının baş tutmamasına səbəb Azərbaycanda məhkəmələrin keçirilməməsi ilə bağlıdır.

Qeyd edək ki, Azərbaycanda məhkəmələr yanvarın 25-dən fəaliyyətini bərpa edəcək.

Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Qərarını nəzərə alaraq, Azərbaycan Respublikasının məhkəmələrinə işlərə baxılması ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 9 dekabr tarixli məlumatında nəzərdə tutulmuş məhdudiyyətlərin tətbiqinin 2021-ci il 25 yanvar tarixinədək davam etdirilməsi tövsiyə edilib.

Dövlət Təhülkəsizliyi Xidmətinin yaydığı xəbərə görə, həyata keçirilən tədbirlər nəticəsində 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Qoca Səmədovun bu müddət ərzində vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran çoxsaylı qanun pozuntularına yol verməsinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, dövlət qayğısı olaraq işsiz vətəndaşların ictimai işlərə cəlb edilib aylıq qazanc əldə edə bilmələri üçün dövlət büdcəsi hesabına ayrılan külli miqdarda əmək haqları ələ keçirilib, o cümlədən Yevlax şəhərində "Yaşıllaşdırma və işıqlandırma müəssisəsi"nin fəaliyyətinə və digər abadlıq, təmir-tikinti işlərinə cəlb edildiyi rəsmiləşdirilən 133 nəfər heç bir işə cəlb edilmədən və əmək haqqı almadan, adlarına açılmış əmək haqqı kartları Qoca Səmədovun tabeçiliyində fəaliyyət göstərən şəxslər tərəfindən ətraf rayonlardakı bankomatlarda nağdlaşdırılaraq, Qoca Səmədova şəxsən təqdim edilməklə 236.000 manat dövlət vəsaiti mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.