Paşinyan: "Şuşa Azərbaycan şəhəridir"


Siyasət 21 Yan 2021 14:11:00 134 0

Paşinyan: "Şuşa Azərbaycan şəhəridir"

"Qarabağdakı müharibəni Azərbaycanın daha az əraziyə nəzarəti ələ alması şərtilə dayandırmaq mümkün deyildi. Müharibəni daha az itkilərlə başa vurmaq imkanlarımız da, mahiyyət etibarilə, yoxdu".

Ermənistanın baş naziri Nikol Paşinyan dünən Ermənistan parlamentində hökumət saatı zamanı çıxışında belə deyib.

Deputatların suallarını cavablayan Paşinyanın açıqlamaları Ermənistanda böyük rezonans yaradıb.

Müxalifətdəki "Çiçəklənən Ermənistan" Partiyasından olan deputat Naira Zohrabyan soruşub: "Rusiya prezidenti Vladimir Putin dedi ki, Şuşa üzərində nəzarəti saxlamaq şərtilə savaşı Ermənistan üçün daha sərfəli şərtlərlə başa vurmaq imkanları vardı. Siz isə bəyan edirsiniz ki, belə imkanlar yox idi. Yəni Putinin dediklərini şübhə altına alırsınız?"

"Bu məsələ ilə bağlı əvvəllər müsahibələrimdə dəfələrlə açıqlama vermişəm. Qarabağ münaqişəsinin nizamlanmasına yönəlmiş danışıqlar prosesi başlayandan bəri elə bir nizamlanma variantı yoxdu ki, orada azərbaycanlı qaçqınların Şuşaya qayıdışının təminatından bəhs edilməsin. Qarabağ münaqişəsi başlayana qədər Şuşa sakinləri arasında azərbaycanlıların sayı 90 faizdən çox idi. Yəni siz demək istəyirsiniz ki, əhalisinin 90 faizindən də artığı azərbaycanlılar olmuş Şuşa statusuna görə erməni şəhəridir?! - N.Paşinyan deyib.

Ermənistan hakimiyyətində Qarabağla bağlı ciddi fikir ayrılıqlarının olduğu bir daha təsdiqlənir. Belə ki, yanvarın 19-da Ermənistanın xarici işlər naziri Ara Ayvazyan bəyan etmişdi: "Şuşa ermənilərin mədəniyyət mərkəzidir. Kimin nə deməsindən asılı olmayaraq Şuşanın türk mədəniyyət mərkəzi olacağı barədə söylənənlərlə razı deyilik".

Ermənistanda yeni müharibə tələb edən revanşistlərin sayının artdığını nəzərə alsaq, N.Paşinyanın açıqlaması təəccüblü deyil.

Revanşist ritorikaya qarşı realist mövqelərin nümayişin, illüziyalardan imtinanın zamanın çatdığını N.Paşinyan dərk edir.

Təbii ki, o, nəyin bahasına olursa-olsun, hakimiyyətdə qalmağa çalışır. Gərçi əvvəllər o, Azərbaycanın ünvanına absurd və idiotik açıqlamalarla çıxış etməyə, Ermənistanda militarist və ifrat şovinist ritorikanı gücləndirməyə çalışırdısa, indi Ermənistanın çox ağır vəziyətdə olduğunu anladığından ölkəni ümidsiz və puç aqressivlikdən iqtisadi problemlərin həlli məcrasına yönəltmək niyyətindədir.

Ermənistanda səslənən çağırışlara və revanşizm dolu "tələb"lərə rəğmən, ölkə indi apatiyada, depressiyadadır. Erməni millətçiliyi və ekstremizminin carçıları arasında yer alan sabiq prezidentlər Robert Köçəryan və Serj Sarqsyanın mənasız, sonucsuz ideyalarından qurtulmasalar, ermənilər ümumiyyətlə, dövlətləri ilə vidalaşmalı olacaqlar.

"İndi baş verənlərin başlıca səbəbkarları əvvəlki hakimiyyətlərdir" deyən Pahinyan haqlıdır: ermənilərin aqressiv işğalçılıq və millətçilik düşüncəsinin fəsadları gec açılan mina təki indi partlayır.

Ermənistan dəyişməlidir. İllüziyalardan qurtuluş, millətçi ritorikadan faktlarla barışaraq gerçəyin olduğu kimi qəbullanmasına keçid İrəvanın yeganə çıxış yoludur.

Orxan Hun Son.az