"Təməli qoyulan bu müəssisələr iqtisadiyyatımıza yeni imkanlar açacaq"


Digərləri 21 Yan 2021 14:04:00 91 0

"Təməli qoyulan bu müəssisələr iqtisadiyyatımıza yeni imkanlar açacaq"

"Belə müəssisələrin açılışı yeni iş yerləri deməkdir"

"Azərbaycan Prezidentinin Sumqayıt Kimya Sənaye Parkında təməlini qoyduğu müəssisələrin perspektivləri hər iki istiqamətdə ölkə iqtisadiyyatı üçün səmərə kəsb etməlidir".

Bunu Son.az-a açıqlamasında iqtisadçı-ekspert Elşad Məmmədov deyib.

Ekspert bildirib ki, Prezidentin təməlini qoyduğu bu müəssisələr iqtisadiyyatımıza yeni imkanlar açacaq:

"Bir tərəfdən idxalın əvəz olunması, digər tərəfdən ixrac potensialının genişləndirilməsi, qeyri-neft ixracatında müsbət struktur dəyişikliklərinə nail olünması və ümumilikdə, bu istiqamətlər şübhəsiz ki, Azərbaycan iqtisadiyyatı üçün prioritetdir. Hesab edirəm ki, ölkə Prezidentinin təməlini qoyduğu həmin istehsal müəssisələrinin istismara verilməsi ölkə iqtisadiyyatının tarazlığının təmin edilməsinə, struktur dəyişikliklərinə və eyni zamanda xarici ticarətdə daha yaxşı göstəricilərə nail olmaq üçün Azərbaycan iqtisadiyyatına yeni imkanların verilməsinə xidmət edəcək.

Ona görə də qeyd etmək lazımdır ki, Kimya Sənaye Parkının potensialının reallaşdırılması istiqamətində zəruri addımların atılması bu gün olduqca mühümdir. Çünki dünya iqtisadiyyatında baş verən proseslər, bölgədə formalaşan yeni reallıqlar üçün yaradılmış zəmin onu deməyə əsas verdi ki, biz mütləq şəkildə regional iqtisadi inteqrasiya və adekvat makroiqtisadi siyasətin həyata keçirilməsi ilə ölkənin qeyri-neft və qeyri-xammal real sektorunun inkişafına nail olmalıyıq. Bir tərəfdən biz neft gəlirlərinin azalmasına hazırlıq nöqteyi nəzərdən bunu etməliyik, digər tərəfdən sosial məsələlərin həlli ilə bağlı".

E.Məmmədov onu da qeyd edib ki, ölkə iqtisadiyyatına sərmayələrin qabaqlayıcı şəkildə yerləşdirilməsinə nail olmalıyıq:

"Bu tip müəssisələrin açılışı yeni iş yerlərinin açılmasıdır, sosial məsələlərin həllində mühüm əhəmiyyət kəsb edən işsizliklə mübarizədir və eyni zamanda bununla yanaşı əhalinin gəlirlərinin artımı vasitəsilə əhalinin alıcılıq qabiliyyətinin, daxili bazarın genişlənməsinin mütləq şərtlərindən biridir. Buna görə də biz şübhəsiz ki, ölkə iqtisadiyyatına sərmayələrin qabaqlayıcı şəkildə yerləşdirilməsinə nail olmalıyıq. İqtisadiyyatda iqtisadi inkişafa təkan verən əsas amil sərmayələrin artımıdır. Bu nöqteyi nəzərdən sərmayə artımı vasitəsilə ölkə iqtisadiyyatının həm dayanıqlı, həm qabaqlayıcı iqtisadi inkişaf xəttinə çıxması üçün şərait yaratmalıyıq.

Bununla yanaşı, şübhəsiz ki, innovativ tutumlu investisiyalar iqtisadiyyatda daha müsbət, geniş effekt vermiş olur. Sevindirici haldır ki, son aylar ərzində ölkə Prezidentinin siyasətinin məhz innovativ tutumlu sahələrin inkişafına istiqamətlənməsi açıq şəkildə görünür və bu ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin gücləndirilməsinə şərait yaratmalıdır".

Təhməz Əsədov Son.az