Aida Mahmudovanın ABŞda açılmış sərgisi beynəlxalq media tərəfindən geniş işıqladırılıb FOTO


Kriminal 19 Yan 2021 17:11:00 150 0

Aida Mahmudovanın ABŞda açılmış sərgisi beynəlxalq media tərəfindən geniş işıqladırılıb  FOTO

Yanvarın 14-də Nyu-Yorkun Sapar Contemporary Gallery + Incubator qalereyasında açılan Azərbaycan rəssamı Aida Mahmudovanın "PASTPRESENTFUTURE" adlı sərgisi beynəlxalq KİV-lərin böyük marağına səbəb olub.

Son.az Trend-ə istinadən bildirir ki, sərgi "The Art Gorgeous" (https://theartgorgeous.com/female-led-exhibitions-we-cannot-wait-to-see-in-2021/) və "Art Daily" (https://artdaily.com/news/131994/Sapar-ContemporaryGallery---Incubator-opens-an-exhibition-of-works-by-Aida-Mahmudova#.YAbH0pMzaqC) kimi nüfuzlu nəşrlərdə işıqlandırılıb.

Sapar Contemporary Gallery + Incubator (Nyu-York), Azərbaycan rəssamı Aida Mahmudovanın - varlığın fraqmentar təbiətini zamanla və landşaftda təhrif olunmuş xatirələr vasitəsilə tədqiq edən "PASTPRESENTFUTURE" adlı yeni silsilə əsərlərini təqdim edir. Qalereyanın Mərkəzi Asiya və Qafqazda fəaliyyət göstərən nüfuzlu qadın rəssamlara dəstək istiqamətində fasiləsiz səyləri çərçivəsində təşkil edilən "PASTPRESENTFUTURE" rəssamın Amerika Birləşmiş Ştatlarında ikinci fərdi sərgisidir.

Rəssam yeni silsiləsində yaradıcılıq prosesinin sırf emosional və instinktiv tərəfini önə çəkmək üçün xarici məhdudiyyətlərdən (ideoloji, siyasi və ya dini) kənarda mövcud olan əsərlər yaratmaq məqsədilə keçmişi, bu günü və gələcəyi vəhdət halında birləşdirir. Nəticədə birbaşa olaraq rəssamla rəsm texnikası arasındakı əlaqədən ilhamlanan və mühafizə olunmayan dəyərləri göstərən güclü əsərlər yaradılır.

Ot və quru bitkilərdən istifadə edilərək və rəssamın impressionist yaxmaları nəticəsində ərsəyə gələn "Mənşə" (2020) kimi əsərlər rəssamın vətəni Azərbaycanda rast gəlinən landşaftın canlandırıcı detallarını üzə çıxarır. Yer kürəsinin səthi ilə bağlı reallıqlara baş vuran Aida Mahmudovanın təsvir etdiyi bu proses təbiəti xatirələri oyadan nostalji hissi ilə doldurur. Təbəqələrin yaradılması və ya onların bir-birindən ayrılması, habelə quru bitkilər, keramika, mis də daxil olmaqla müxtəlif materialların qarışdırılması prosesi rəssam üçün fiziki olaraq tərəqqi və emosional şəfa tapma məqsədilə edilən məşğələyə çevrilir.

Azərbaycanın paytaxtı Bakıda yaşayıb fəaliyyət göstərən Aida Mahmudovanın rəsm əsərləri onun seçdiyi materialların fiziki təbiəti və üstünlük verdiyi dünyəvi palitrası ilə ahəngdar şəkildə uzlaşır. Onun olduqca intuitiv xarakter daşıyan axtarışları xarici sədlərdən yan keçən sevgi, itki, yaddaş və istək kimi universal insan hisslərinin bütün spektri üzrə inkişaf etməyə davam edir. Rəssamın öz sözlərinə görə, "cəmiyyətin bir hissəsi olaraq, biz varlığın təbiətini, başqaları ilə qarşılıqlı münasibətlərimizi müəyyən dərəcədə məhdudlaşdırırıq və bununla da ibtidai ünsiyyət kanallarını itiririk. Mənim üçün incəsənətin heç bir sərhədi yoxdur - o, ünsiyyətin istənilən forması üçün açıqdır, yaradıcılıq prosesi isə insan tərəfindən yaradılmış və buna görə də olduqca kövrək olan fundamental prinsipləri bu və ya digər dərəcədə məhv edir."

Rəssam haqqında

Aida Mahmudova (d.1982, Bakı, Azərbaycan) Bakıda yaşayır və fəaliyyət göstərir. O, 2006-cı ildə Londonda Sent-Martin İncəsənət və Dizayn Kollecinin rəngkarlıq fakültəsini bitirib. Onun Belçika, London, Roma, Nyu-York, Moskva və Bakıda qrup və fərdi sərgilər də daxil olmaqla, beynəlxalq səviyyədə iri miqyaslı sərgiləri keçirilib. Seçilmiş fərdi sərgilərinə daxildir: "İşığı tuta bilmirəm", Deweer Gallery, Otegem (2017); "Ötüb keçərkən", Leila Heller Gallery, Nyu-York (2015); və "Daxili sakitlik", Barbarian Art Gallery, Sürix (2013). Aida Mahmudovanın əsərləri 55-ci Venesiya Biennalesində "Love Me, Love Me Not" qrup sərgisində (2013) və 56-cı Venesiya Biennalesi çərçivəsində (2015) Artwise kuratorluğu ilə keçən "VITA VITALE" sərgisində nümayiş olunub.