Erməni işğalına məruz qalan ilk yurd yerimiz Kərki kəndi


Digərləri 18 Yan 2021 23:20:00 136 0

Erməni işğalına məruz qalan ilk yurd yerimiz  Kərki kəndi

Naxçıvan Muxtar Respublikasının Şərur ayonunun yaşayış məntəqələrindən olan Kərki kəndi erməni işğalına məruz qalan ilk yurd yerləmizdəndir. Hazırda həmin kənd 1990-cı ildə yaradılan Sədərək rayonun inzibati ərazi dairəsinə daxildir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 20 Yanvar faciəsi ərəfəsində hiyləgər düşmən Naxçıvan Muxtar Respublikasını işğal planlarını həyata keçirməyə cəhd göstərib. Belə ki, 1989-cu il dekabrın 14-də ermənilər Kərkini, Sədərəyi, Günnütü və Havuş kəndlərini güclü atəşə tutublar. 1990-cı il yanvarın 15-dən isə hücumlar daha intensiv hal alıb.

Yanvarın 18-də güclü müqavimətə baxmayaraq Kərki kəndi SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal olunub. Məhərrəm Seyidov, Etibar Əhmədov, Məhəmməd Məmmədov, Abbasəli Nəzərəliyev, İdris Məmmədov kimi igidlər Kərki və Sədərəyin müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olublar.

Hadisələrin canlı şahidlərinin sözlərinə görə, həmin gün kənd səhər saat 4 radələrindən axşamadək şiddətli atəşə tutulub. 30 nəfərədək Kərki sakini Şərur Rayon Polis Şöbəsinin 3 əməkdaşı ilə birlikdə 2 mindən çox silahlı erməniyə qarşı vuruşsa da, döyüş sursatlarının bitməsi səbəbi ilə onlar yaşayış yerini tərk etməli olublar. Hər qarışında bir neçə minilliyin tarixini yaşadan qədim Oğuz yurdu beləcə ermənilərin əlinə keçib.

Bütün bunlara baxmayaraq, Naxçıvanı işğal etmək arzusu ilə yaşayan ermənilər burada gözləmədikləri müqavimətə rast gəliblər və Sədərəyin müdafiə xəttini keçə bilməyiblər. Naxçıvanlıların qanları-canları bahasına göstərdikləri ciddi müqavimət sovet rəhbərliyini də çaş-baş salıb. Çünki onlar həmin vaxt döyüş xətti boyunca, necə deyərlər, yüzlərlə könüllülərdən ibarət canlı sərhəd yaradıblar. Düşmən həmin sərhədi keçməyə cəhd göstərsə də, darmadağın olunaraq qaçmağa məcbur edilib.

Kərki kəndinin ermənilər tərəfindən işğal edilməsinin əsas səbəbi isə həmin yurd yerimizin qaranlıqlar içərisində parlayan bir ulduz kimi qondarma erməni dövlətinin ərazisi ilə əhatə olunması idi.