Bu il daha 4 DOST mərkəzinin açılması nəzərdə tutulur


Digərləri 18 Yan 2021 16:50:00 107 0

Bu il daha 4 DOST mərkəzinin açılması nəzərdə tutulur

Son il yarımda Bakıda 3 DOST mərkəzi açılıb. Yaxın vaxtlarda Bakının Binəqədi rayonunda həmin rayonun və Nərimanov rayonunun sakinlərinə xidmət göstərəcək DOST mərkəzi də açılacaq. Bu il həmçinin Abşeron, Bərdə və Quba rayonlarında DOST mərkəzlərinin açılması planlaşdırılır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

O qeyd edib ki, bununla 2021-ci ilin sonuna DOST mərkəzlərinin sayı 7-ə çatacaq, növbəti illərdə bu mərkəzlərin şəbəkəsinin ölkə boyu genişləndirilməsi davam edəcək. Paralel olaraq, sosial xidmət və reabilitasiya müəssisələri şəbəkəsi də genişləndirilir və müasir tələblərə uyğun qurulur. Ötən il də 6 müəssisə - Lənkəran, Xaçmaz, Şirvan, Şəki, Sumqayıt Reabilitasiya Mərkəzləri və Göygöl Psixonevroloji Sosial Xidmət Müəssisəsi tam şəkildə yenidən qurularaq istifadəyə verilib. Müasir avadanlıqlarla da təchiz edilmiş bu reabilitasiya müəssisələri həm müharibədə yaralanmış hərbi qulluqçularımıza, həm də digər əlilliyi olan şəxslərimizə keyfiyyətli xidmətlər göstərəcəklər.

S.Babayev hazırda Şağan Reabilitasiya Pansionatının, Şəmkir və Qəbələdə Uşaq Reabilitasiya Mərkəzlərinin, Şamaxı Psixonevroloji Sosial Xidmət Müəssisəsinin açılışına hazırlıq işləri aparıldığını və bu il onların da istifadəyə veriləcəyini deyib.