Yunus Oğuz: "Media sahəsində islahatların həyata keçirilməsi çoxdan gözlənilən bir addım idi"


Digərləri 13 Yan 2021 16:16:00 110 0

Yunus Oğuz: "Media sahəsində islahatların həyata keçirilməsi çoxdan gözlənilən bir addım idi"

"Burada daha cox yaradıcılıq meylləri var"

Ölkədə bütün istiqamətlərdə məqsədyönlü islahatlar davam edir.  Artıq bu islahatlar mətbuat sahəsinə də çatıb və ötən gün Prezident İlham Əliyevin fərmanı ilə Medianın İnkişafı Agentliyi yaradılıb. Sözügedən qurumun yaranma zərurəti, onun medianın inkişafına mümkün müsbət təsirləri ilə bağlı yazıçı-publisist Yunus Oğuz müsahibə verib.

Son.az "Olaylar"-a istinadən müsahibəni təqdim edir.

- Yunus bəy Prezident İlham Əliyevin imzaladığı fərman əsasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) bazasında Medianın İnkişafı Agentliyi yaradıldı. Bir media rəhbəri, baş redaktor kimi yeni yaradılan qurumdan gözləntiləriniz nədən ibarətdir və bu, ümumilikdə mediamızın inkişafına hansı müsbət təsirləri göstərəcək?

- Media sahəsində islahatların həyata keçirilməsi çoxdan gözlənilən bir addım idi. Düşünürəm ki, Prezidentin islahatları davam edir. Kluarlarda keçirilən görüşlərdə bu məsələni qaldırmışdım və çıxışlarımda bildirmişdim ki, artıq KİVDF-nin nizamnaməsi günümüzə cavab vermir. Ən əsası da odur ki, mətbuatın KİVDF-dən asılılığı var idi. Bu asılılıq sonradan ayrı-ayrı şəxslərin, yəni, Fondda işləyən insanların  timsalında daha çox özünü büruzə verirdi.  Bir növ daha çox bürokratizm rol oynayırdı.  Bütün bunların fonunda Prezident bu islahatlara getdi. Hesab edirəm ki, burada daha çox kreativ yaradıcılıq meyilləri var.  Bu yaradıcılıq meyillərini bir neçə yerə bölmüşəm. Burada ən əsası odur ki, yeni yaradılan qurum Publik Hüquqi Şəxsdir.  Publik Hüquqi Şəxsin digər təsərrüfat fəaliyyətləri ilə məşğul olmaq imkanları var.  Bir sözlə qanunla icazə verilmiş bütün fəaliyyətlərlə məşğul ola bilərlər. Bu nə üçün lazımdır?  Bu ona görə lazımdır ki, qəzetlər, saytlar, internet media, bu sahə ilə məşğul olan hüquqi şəxslər həm də biznes fəaliyyəti ilə məşğul olurlar. Saytların və qəzetlərin müstəqilliyi artdıqca onların həm gəlirləri çoxalacaq, həm də azad və sərbəst formada fikirlərini ifadə edə biləcəklər.  Agentlik, qəzet və saytları, agentlikləri ora cəlb etməklə təsərrüfat, biznes fəaliyyəti yaradır.  Digər tərəfdən onlar da Agentlikdən asılı olmayaraq müstəqil fəaliyyətlə məşğul olurlar. Bu da əsasdır.  Məsələn, bizim iki hüquqi şəxsimiz var, ancaq 3 istiqamətdə, qəzet, sayt, agentlik olaraq fəaliyyət göstəririk. Bunların hamısını vahid mərkəzdə birləşdirmək lazımdır. Yəni, ümumilikdə nə yardım ediləcəksə holdinqə edilsin. Bəzən bir agentlik 5 hüquqi şəxs yaradır. Əslində o da düzgün deyil. Bizim 3 fəaliyyət növümüz olsa da, bir yerə, OLAYLAR olaraq bir quruma dəstək olunmalıdır. Yəni, 4-5 hüquqi şəxs yaradan qəzet, yaxud agentliyə ayrı-ayrılıqda dəstək olunmayacaq.

İkinci bir xətt ondan ibarətdir ki, agentliklər, saytlar, yaxud holdinqə eyni start şəraitin yaradılmalıdır. Mən şəxsən narazılıq edirdim ki, hamıya eyni şərait yaradılmalıdır. Eyni işi biz də görürük. 24 saat xəbərlərimizi dərc edir, fəaliyyət göstəririk. Ancaq pul ayrılanda ədalətsizlik ortaya çıxır. Təbii ki, bu da bizim işçilərimizə, peşəkarlığımıza ziyan vurur.