Bu tibb işçilərinə və könüllülərə əlavə və mükafat ödənilib


Digərləri 13 Yan 2021 15:21:00 130 0

Bu tibb işçilərinə və könüllülərə əlavə və mükafat ödənilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli Qərarına və 1 aprel 2020-ci il tarixli Sərəncamına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən noyabr ayı üzrə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan 3 nəfər tibb işçisinə iş vaxtına mütənasib olaraq müddətli əlavə və 88 nəfər könüllüyə mükafat ödənilib.

Agentlikdən Son.az-a bildirilib ki, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aylıq vəzifə maaşının 3, 4 və 5 misli məbləğində müəyyən edilib. Qərara əsasən özəl tibb müəssisələrində çalışan 3 nəfər tibb işçisinə noyabr ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 6500 manat məbləğində müddətli əlavə ödənilib. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.

Sözügedən sərəncama əsasən aylıq 250 manat olmaq şərtilə, 88 nəfər könüllüyə noyabr ayı üzrə ümumilikdə 22 000 manat məbləğində mükafat ödənilib. Bu məbləğdən əməkhaqqına dair tutulmalar hesablanmır.