"COVİDin ikinci dalğasının sönməsi ərəfəsini yaşayırıq, amma 3cü..."


Digərləri 13 Yan 2021 11:55:00 122 0

"COVİDin ikinci dalğasının sönməsi ərəfəsini yaşayırıq, amma 3cü..."

"Ölkədə sərt karantin rejiminin yumşaldılması vacib və lazımı addımdır".

Bunu Son.az-a açıqlamasında həkim-nevroloq, Avropa Nevroloji Akademiyanın həqiqi üzvü Qalib Əsədov deyib.

O bildirib ki, sərt karantin rejimi dərhal götürülməlidir:

"Sərt karantin rejimini yumşaltmaqda gecikirik. Virusun yayılmasına təsir etməyən qadağalar ləğv olunmalıdır. SMS-lə küçəyə çıxmaq hesab edirəm ki, virusun yayılmaması üçün heç bir əhəmiyyət daşımır. Azərbaycanın hər yerində koronavirus xəstəsi var. Rayona gediş-gəlişi məhdudlaşdırmaqla virusun yayılmasının qarşısını almaq mümkün olan iş deyil. Dünyanın heç bir yerində tək işləyən geyim mağazaları bağlanmayıb. O cür məkanlara gündə bir-iki nəfər girə bilərdi ya yox.

Məktəblər, tədris dərhal bərpa olunmalıdır. Biz kütləvi savadsızlığa doğru gedirik. Həkim kimi müşahidəmdə görürəm ki, həyəcan, təşviş pozuntuları depressiv xəstələrin sayı artıb. Sərt karantin rejimi dərhal götürülməlidir. Xüsusilə də artıq vaksin gəlib. Onsuz da bu virus hava-damcı infeksiyasıdır və hava-damcı infeksiyalarının bütün növləri dalğavari gedişə malikdir. Bir dalğa olur, sonra sönür. Biz indi ikinci dalğanın sönməsi ərəfəsini yaşayırıq. Əgər dalğa sönürsə, biz niyə insanlara belə əziyyət verək?! İqtisadiyyatımızı niyə çəkdürək?!

Dalğa sönmək üzrədir. Sonra 3-cü, 4-cü dalğa da ola bilər. Biz 10 aydır ki, sərt karantin rejiminə baxırıq. Statistikada Azərbaycan ölümün və yoluxmanın sayına görə dünyada üst yerlərdədir. Sərt karantin rejimi insanlarda kollektiv immunitetin yaranmasına mənfi təsir edir. Əgər biz yayda xüsusi karantini ləğv etsəydik və bu tədbirləri görməsəydik, Azərbaycanda hazırda insanlarda kollektiv immunitet yaranmışdı və artıq bu xəstəlik bizim üçün heç bir təhlükə törətmirdi. Necə ki, Çində heç bir təhlükə törətmir.

Biz əvvəlki həyatımıza dönməliyik. Necə qrip virusu ilə bu vaxta kimi yaşayırıq, vərəmlə bu cür yaşayırıq, elə də koronavirusla yaşamağı öyrənməliyik. Bir fakt deyim, keçən il vərəm xəstəliyindən ölənlərin sayı COVİD-19 xəstəliyindən ölənlərin sayına bərabərdir, eyni qədər adam ölübdür. Yaxud da avtomobil qəzasında ölənlərin sayı COVİD-dən ölənlərin sayından qat-qat çoxdur. Onda gərək avtomobillərin hərəkətini qadağan edək, heç kəs maşına minməsin. Çünki avtomobil nəqliyyatında qəzalardan ölənlərin sayı COVİD-dən ölənlərin sayından çoxdur. Biz normal, əvvəlki həyata qaytmalıyıq. Sadəcə olaraq testləri pulsuz etmək lazımdır, cavablar dərhal olmalıdır, bir həftəyə yox, bir də apteklər müvafiq keyfiyyətli dərmanlarla təchiz olunmalıdır. Əgər apteklərdə dərman olsa və testlər vaxtında, operativ şəkildə aparılsa koronavirus xəstəliyi bilindiyi qədər təhlükəli olmaz.

Müalicə yanlış aparıldığı üçün bizdə ölüm sayı çoxdur. Yəni, müalicə vahid müalicə protokoluna uyğun aparılmır. Hər həkim bir antibiotik, bir sistem yazır. Hərə ağlına gələn bir şeyi edir. Bu cəhətdən anarxiya var. Təşkilatlanma işi doğru, düzgün təşkil olunmalıdır və bütün məhdudiyyətlər aradan götürülməlidir".

Təhməz Əsədov Son.az