Ağadadaş Ağayev: "Hərbi xidmətə getməməkdən ötrü 27 yaşımacan..."


Şou-biznes 26 Noy 2020 12:04:00 161 0

Ağadadaş Ağayev: "Hərbi xidmətə getməməkdən ötrü 27 yaşımacan..."

Son.az bildirir ki, Xalq aristi Ağadadaş Ağayev teleqraf.com-a müsahibə verib.

Müsahibənin ikinci hissəsini təqdim edirik:

- Ağadadaş müəllim, Cəlilabad rayonunda doğulmusuz. Bakıya gəlişiniz necə oldu?

- Yeddinci sinifdə oxuyurdum, həmişə oxumağa gizli yer axtarırdım. Çox utancaq idim. Məktəbdən hamı gedəndən sonra qapıları bağlayıb oxuyurdum ki, eşidən olmasın. Bir dəfə məktəbdə "Sona bülbüllər" mahnısını oxuyanda riyaziyyat müəllimim təsadüfən eşitdi və otağa daxil oldu. Onun musiqi duyumu güclü idi. Ondan sonra Sərdar müəllim məni musiqiyə yönləndirdi. Mənim bu sahəyə gəlişim yeddinci sinifdən başladı.

Asəf Zeynallı adına Musiqi kollecinə daxil olmaq üçün gələndə gecikmişdim, sonra Pedaqoji Universitetin Fizika və texnologiya fakültəsinə daxil oldum. Musiqini çox sevirdim. İlk kasetim 1981-ci ildə işıq üzü gördü və və beş il sonra efirə çıxdım.

- Azərbaycan dövlət televiziyasında altı il aparıcılıq etmisiniz. Amma son illərdə AzTV-ə çıxmırsınız. Buna səbəb nədir?

- AzTV mənim həyatımın böyük bir dəyəridir. Bu televiziyanı çox sevirəm, çünki dövlətimin kanalıdır. Professor Nizami Xudiyev AzTV-də sədr olan zaman proqramım yayımlanırdı. Əslində, mənim insanların arasında bölgü aparmaq, şəxsiyyətləri qarşı-qarşıya qoymaq kimi xarakterim yoxdur. Bundan söhbəti gedə bilməz. Amma haqsızlıq görəndə orada durmuram, başım nə bəlaya düşərsə, düşsün.

Arif Alışanov AzTV-də sədr oldu və bir gün məni çağırdı ki, verilişinin saatını artıraq, tələbat çoxdur. Dedim, Arif müəllim, necə istəyirsiniz... Sonra başladı ki, dostun da getdi... Ona dedim ki, sözünüzü yiyəsinin üzünə deyin, mənim yanımda danışmayın. Ondan sonra verilişi dayandırdım. O gün-bu gün, AzTV kanalına çıxmıram.

Amma artıq Arif Alışanov yoxdur. Əslində, o dövrdə də dövlət tədbirlərinə qatılırdım. Tədbiri AzTV çəkir deyə getməmək kimi hal olmayıb. Amma Arif Alışanov sədr olan dövrdə AzTV-nin qapısından içəri girmirdim, heç kim də məni oraya apara bilmədi. Bu dəqiqə qapılar açıqdır, çoxlu zəng edirlər.

- Hər halda telekanallara çıxmırsınız. Buna səbəb nədir?

- Düzdür, televiziyalara çox çıxmıram. Amma bir neçə verilişə çəkilmişəm, yaxın günlərdə təqdim ediləcək. Hazırda ölkəmizdə bayramdır. Eləcə də bəzi verilişlər yavaş-yavaş səviyyəsini qaldırır. Mən təklif alanda verilişin səviyyəsinə, mövzusuna baxıram. Xalqa heç bir faydası olmayan verilişlər var, orada iştirak etməyəndə daha rahat oluram.

- Xəzər Televiziyasına xalq artisti Murad Dadaşov rəhbər təyin edildi. Ümumiyyətlə, bir neçə kanallarımızda vəziyyət düzəlir...

- Bəli, görürsünüz, fərqi hiss edirsiniz. Murad Dadaşova hörmətim böyükdür və inanıram ki, o, telekanalın reytinqini artıracaq.

- İTV kanalından aparıcılıq təklif edilsə, qəbul edərsinizmi?

- Bəli, İctimai televiziyadan təklif gəlsə, dəyərləndirərəm. Çünki o televiziyanı da çox sevirəm. O kanalda Azərbaycan millətinə hörmət, dəyərlərimizə diqqət var. Şou orada ən axırıncı plandadır. Şou da miqyasında olmalıdır. Bəzi verilişlərə baxırsan, qonaq sanki çayxanada oturub danışır.

Onu da deyim ki, bəzi müğənnilərimiz dahilərimiz haqqında mahnı oxuyurlar. Baxırsan ki, bu müğənnini heç kim tanımır. Sənin nə həddin var, bu mahnını oxuyursan?! Axı sənin səsin bu mahnıya uyğun deyil. İkincisi, şəxsiyyətlər haqqında mahnı oxuyan müğənninin də şəxsiyyəti olmalıdır. Belə mahnını səs tembrı, mahnıya münasibəti, xarakteri və obrazı yaşaya və anlaya bilən oxumalıdır. Hər yerindən duran hərbi geyim geyinir və oxuyur. Belə olmaz.

Keçmişdə bu tip mahnıları ancaq bariton səsə sahib olanlar oxuyardı. Bu gün o balans pozulub. İnşallah, bu qələbədən sonra həyatımızın bütün sahələrində tərəqqi olacaq. Azərbaycanı böyük inkişaf gözləyir.

- Eşitdik, Şuşada tarixi muzey açacaqsınız.

- Xeyr, mənim belə bir ideyam yoxdur. Amma böyük çıxmasın, tarixi muzey açılsa, çox sevdiyim antik əşyalarımı oraya təqdim edəcəm. Mənim çoxlu antik əşyalarım var. Məsələn, düyü dəyirmanım var, 250 yaşı olan küpüm var. Kolleksiya yığıram. Regionlarımıza gedərkən antik əşyaları gördümsə, gətirirəm. Muzey olsa, ən çox sevdiyim antik əşyalarımı təqdim etməyə hazıram.

- Dağlıq Qarabağda ev almaq, obyekt açmaq fikriniz varmı?

- Obyekt açmaq yox, amma yay tətillərimi ailəmlə birlikdə Şuşada keçirmək istəyirəm.

- Sonuncu dəfə Qarabağda nə zaman olmusunuz?

- Mən daim cəbhəyanı ərazilərdə olmuşam, konsertlər vermişəm. İki il əvvəl Horadizə getdim və orada 200-dən uşağa kiçik toy etdim. Sonra da konsert verdim. Eləcə də bütün hərbi hissələrdə konsert vermişəm.