Fransa Senatı terrorçuları "tanıdı": Paris Qarabağda yeni müharibə istəyir


Siyasət 26 Noy 2020 09:03:00 115 0

Fransa Senatı terrorçuları "tanıdı": Paris Qarabağda yeni müharibə istəyir

Fransa Senatı Dağlıq Qarabağın "dövlət müstəqilliyi"ni tanıdı. Sənəd Fransa hökümətinə "Dağlıq Qarabağın dövlət müstəqilliyini tanımaq"la bağlı çağırışdır - hüquqi baxımdan.

Qətnamədə" Azərbaycanın Türkiyənin hakimyyət dairələri və muzdlular vasitəsilə həyata keçirdiyi silahlı aqressiya qətiyyətlə pislənir".

Absurdluğu və həyasızlığı ilə təəccüb doğuran sənəd Azərbaycanı "son hərbi əməliyyatlar nəticəsində işğaldan azad etdiyi ərazilərdən qoşunları dərhal çıxarmağa" çağırır.

Senat habelə Fransa hökumətindən tələb edir ki, "ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olaraq Qarabağda sərhədlərin 1994-cü ilin mayında atəşkəslə bağlı imzalanmış müddətsiz üçtərəfli anlaşmaya uyğun olaraq bərpası üçün bütün gərəkli addımları atsın".

Qətnamənin qəbulu barədə qərarı senatorlar ayaqda alqışlayıblar.

Sənədin səsverməsinə görə, 305 senator qətnamə layihəsinin lehinə, cəmi 1 nəfər əleyhinə səs verib.

Layihə ilə bağlı məruzəçi, senator Brüno Retayonun dediyinə görə, sənədi Senatdakı bütün deputat qruplarının (sağçılar, mərkəzçilər və solçular) imzalayıblar: "Bu isə o deməkdir ki, məsələ partiyalararası anlaşılmazlıqlardan yüksəkdə durub, Fransanın özülü olan dəyərlərə istinad edir".

Qətnamənin niyə məhz indi, özü də belə mətnlə qəbul edilməsinə gəldikdə isə, Retayonun açıqlaması sanki bir etirafdır: "Dağlıq Qarabağ münaqişəsi lokal konflikt deyil, fransızlara da birbaşa dəxli var. Münaqişə lokallıq səviyyəsindən Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana genişmiqyaslı və həlledici dəstəyindən sonra çıxdı. Ərdoğan isə ekspansionist, neoosman və islamçı siyasət yürüdür. Ərdoğanın yürütdüyü siyasət qlobal təhlükəsizliyə təhdid olmaqla yanaşı, Fransanın maraqlarına qarşıdır. Ərdoğan Liviyadan və Suriyadan Cənubi Qafqaza, Yunanıstana və Kiprə qədər geniş arealda bir sıra regional münaqişələrə təkan verib".

Fransız senatorlar Azərbaycanla Türkiyəyə qarşı iqtisadi və diplomatik sanksiyaların da gerçəkləşdirilməsini tələb edirlər.

Sənəd Fransa hökümətini "Dağlıq Qarabağın müstəqilliyini tanımağa" çağırmaqla yanaşı, rəsmi Parisi qarabağlı ermənilərə genişmiqyaslı dəstək verməyə, habelə Dağlıq Qarabağda "dinc əhaliyə qarşı hərbi cinayətləri araşdırmaq üçün beynəlxalq komissiya yaratmağa" sövq edir.

Və ən nəhayət, sənəddə o da vurğulanır ki, Azərbaycan, Rusiya və Ermənistan arasında noyabrın 10-da imzalanmış anlaşma "heç bir halda Qarabağ problemini həll edə bilməz".

Senatorlar hesab edirlər ki, Qarabağ münaqişəsi yalnız (!) "beynəlxalq hüququn əsasında, ATƏT-in Minsk Qrupu çərçivəsində" çözülə bilər.

Sənəddə Rusiya və Türkiyə də birbaşa, aşkar şəkildə suçlanırlar.

"Rusiyanın yürütdüyü siyasət və tutduğu mövqe Fransa ilə ABŞ-ın Qarabağ münaqişəsinin nizamlanması prosesindən sıxışdırılıb çıxarılmasına səbəb oldu. Rusiya və Türkiyə COVİD-19 koronavirusu ilə bağlı Avropadakı ağır vəziyyətdən, habelə ABŞ-da prezident seçkiləri ilə bağlı situasiyadan sui-istifadə etdilər. Unutmayaq ki, Ərdoğanın rəhbərlikk etdiyi Türkiyə Avropa Birliyinin üzvü olan Kiprin bir hissəsini işğal edib, Yunanıstanın hava məkanını pozur", - qətnamədə deyilir.

Sənəddə belə ifadələr də var: "Ermənistan Avropa xristian sivilizasiyasının bir hissəsi, Artsax isə qədim erməni torpağıdır. Fransa Avropada "erməni soyqırımı"nı tanyıyan ilk ölkə oldu, indi də Dağlıq Qarabağın müstəqilliyini tanıyan ilk dövlət olmalıdır".

Və ən nəhayət, qətnamə "Qarabağ sakinlərinin təhlükəsizliyinin təminatı üçün 2007-ci ildəki sülh planının məsləhət prinsiplərinə əsasən Minsk Qrupu çərçivəsində beynəlxalq qüvvələrin münaqişə zonasına yeridilməsini" təklif edir.

... Qətnamənin hüquqi qüvvəsi yoxdur. Fransa bütün sərhədləri yandırdı və gerçək niyyətini ortaya qoydu.

Fransa Senatına nə qarabağlı ermənilər, nə də Qarabağ gərək deyil - dava geosiyasi divident davasıdır.

Sənədin lehinə səs verən senatorlar düşünürlərsə ki, bu kağız parçası Bakını nəyəsə vadar edə bilər - yanılırlar.

Amma Paris üçün Moskva, Ankara və Bakı bütün qapıları bağlaya bilərlər.

Fransanın XİN-i bunu, deyəsən, anlamağa başlayıb.

"Parisin birtərəfli olaraq Dağlıq Qarabağın müstəqilliyini tanıması kimsəyə - nə Ermənistana, nə qarabağlı ermənilərə, nə Fransaya, nə ATƏT-in Minsk Qrupunun həmsədrlərinə, nə də Avropaya - fayda verə bilməz. Belə davranış nə Fransa hökumətinin, nə Ermənistanın, nə də tərəfdaşlarımızın siyasəti deyil", - Fransa XİN-nin dövlət katibi Jan-Batist Lemuan deyib.

Görünən budur ki, rəsmi Paris zahirən də olsa, Bakı ilə münasibətləri korlamaq, ifrat dərəcədə sərinləşdirmək istəmir.

Belədə, rəsmi Bakı cavab tədbirləri qismində nə edə bilər?

Proseslərin bundan sonra hansı məcrada inkişaf etməsindən asılı olmayaraq Azərbaycan Fransanın rəhbərliyini yerində oturtmalıdır.

Fikrimcə, ilkin mərhələdə:

1. Fransadakı səfirimiz məsləhətləşmələr üçün Bakıya geri çağırılmalıdır.

2. Fransanın "Total" neft-qaz korporasiyası Azərbaycandakı bütün neft-qaz layihələrindən kənarlaşdırılmalıdır

3. Fransanın ATƏT-in Minsk Qrupunda həmsədrlikdən kənarlaşdırılması tələb olunmalı və bu sahədə müvafiq diplomatik fəaliyyətə başlanmalıdır

Fikrimcə, 2-ci bənd Fransa rəhbərliyini əməllicə "ayıldacaq" və digər, sonrakı addımlara zərurət qalmayacaq.

... Fransa əsrlərdir ki, daxilində separatizm təmayüllərindən ciddi əziyyət çəkir, bir sıra problemləri həll etməli olur. Bretan vilayətinin müstəqilliyini tələb edən "Parti Breton" ("Bretan Partiyası"), Elzas bölgəsinin Fransadan ayrılaraq müstəqil dövlət olmasını istəyən "Elzasın Azadlığı Uğrunda Hərəkat", Elzasa ən geniş muxtariyyət (faktiki olaraq dövlət müstəqilliyi) verilməsini tələb edən "Mouvement Autonomiste Alsacien", Fransız Qvianasının azadlığını tələb edən "Mouvement de décolonisation et d'émancipation sociale, MDES" (Müstəmləkəyə qarşı və Sosil Emansipasiya Uğrunda Hərəkat), Yeni Kaledoniya üçün müstəqillik tələb edən "Front de Libération Nationale Kanak et Socialiste, FLNKS" (Kanak Sosialist Milli-Azadlıq Cəbhəsi), Fransanın Savoy bölgəsi üçün müstəqillik tələb edən "Liga de la Savouè" (Savoy Liqası), Korsika adası üçün dövlət müstəqilliyi tələb edən "Front de libération nationale de la Corse" (Korsika Milli-Azadlıq Cəbhəsi),

Fransanın Bretan vilayətində müstəqil dövlət qurulmasını istəyən "Front de Libération de la Bretagne" (Bretanın Azadlıq Cəbhəsi"), habelə  Fransadakı basklar üçün dövlət müstəqilliyi tələb edən "Abertzaleen Batasuna" ("Baskların Vətəpərvər İttifaqı), "Batasuna", "Eusko Alkartasuna" (Bask Həmrəyliyi"), "Euzko Alderdi Jeltzalea" (Bask Millətçi Partiyası), "Euskal Langileen Alkartasuna" (Bask Zəhmətkeşlərinin Həmrəliyi), "Langile Abertzaleen Batzordeak" (Bask Fəhlələrinin Milli Birliyi), "Gazte Abertzaleak" (Gənc Vətənpərvərlər), Fransadakı keltlər üçün Bretan vilayətində dövlət qurulmasını istəyən "Kevre Keltiek" (Kelt Liqası" və "Adsav" (İntibah) partiyaları, "Armée Révolutionnaire Bretonne" (Bretanın azadlıq ordusu), "Talbenn Diebin Breizh" ("Bretanın Azadlıq Cəbhəsi), Korsikanın dövlət müstəqilliyini istəyən "Fronte di Liberazione Naziunale Corsu" (Korsika Milli-Azadlıq Cəbhəsi), Savoy vilayətində dövlət qurulmasını tələb edən "Ligue Savoisienne" (Savoy Liqası) kimi separatçı və terrorçu təşkilatlar var.

Bu qruplaşmalar, hərəkatlar və partiyalar Dağlıq Qarabağdakı terrorçu xuntadan heç nə ilə fərqlənmirlər.

Fransa Senatı qarabağlı ermənilərin separatizmi dəstəkləyirsə, öz ərazisindəki terrorçuları və separatçıları unutmamalıdır.

Yəni fransızların atalar sözündə deyildiyi kimi, şüşədən evi olan qonşunun evinə daş atmamalıdır...

Elçin Alıoğlu Son.az