Vətənin keşiyində olan topçu hərbçinin qızı dünyaya gəlib VİDEO FOTO


Digərləri 25 Noy 2020 15:14:00 175 0

Vətənin keşiyində olan topçu hərbçinin qızı dünyaya gəlib  VİDEO  FOTO

Hacıqabuldan olan topçu hərbçimiz Gülmalı Qədimovun qız övladı dünyaya gəlib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Qədimovlar ailəsi hərbçi övladının ata olmasının sevincini yaşayır. İndi ailə iki qat sevinclidir - bir yanda qələbə sevinci, bir yanda bu qələbənin qazanılmasında payı olan Gülmalı Qədimovun ilk övladının dünyaya gəlməsi.

Qəhrəman hərbçimiz Gülmalının anası Arzu Qədimova söyləyir ki, hazırda Vətənin keşiyində iki övladı var: "Bütün hərbçilərimizlə fəxr edirəm ki, bizlərə bu qələbə sevincini yaşatdılar. Eyni zamanda, övladımın qızının dünyaya göz açması sevincimizə sevinc qatıb. İnşallah, bütün hərbçilərimiz sağ-salamat öz evlərinə qayıdacaqlar".

Hərbçi övladının bibisi də öz sevinc hisslərini qürurla ifadə edib. İki qardaşının hərbidə olduğunu söyləyən Heyran Qədimova deyir ki, öncə qələbə sevinci bizlərə bir ərməğan oldu. Bizlər çox qürurlu anlar yaşayırıq. Hər iki qardaşımla fəxr edirəm ki, onlar bu gün Vətənin keşiyində dayanıblar.

Dünyaya gələn hərbçi övladının sevinc hissi ailəsi qədər həkim heyətinin də sevincinə səbəb olub. Şirvan doğum evinin baş həkimi Sevda Həsənova deyib ki, zəfər bayramını bizlərə bəxş edən Ali Baş Komandana və hərbçilərimizə minnətdarıq. Torpaqlarımız azad edilib, inanırıq ki, həmin yerlərdə tezliklə toy-büsat olacaq.

Qeyd edək ki, Qədimovlar ailəsindən 2 qoçaq qardaş Gülmalı və Saleh qismən səfərbərlikdə Vətənin harayına yollanıb. 44 günlük zəfər yürüşü zamanı topçu olan Gülmalı və çiyin yoldaşları düşmənə ağır zərbələr endirib. Qubadlı döyüşlərində fəal iştirakçı olub. Digər qardaş Saleh də düşmənə qan udduran hərbçilərimizdəndir. Yağı düşmənə qarşı döyüşən Saleh Hadrut döyüşlərində iştirak edib. Hazırda isə Şuşada Vətən keşiyindədir.