Karantin ilə bağlı vətəndaşlara saxta arayış verən şirkət rəhbərinin məhkəməsi başlayır


Kriminal 25 Noy 2020 10:34:00 155 0

Karantin ilə bağlı vətəndaşlara saxta arayış verən şirkət rəhbərinin məhkəməsi başlayır

Karantin rejimi ilə bağlı polis postlarına təqdim olunması və sərbəst hərəkət etmək istəyən ayrı-ayrı şəxslərə saxta arayış verməkdə təqsirləndirilən "Vest Corporation" MMC-nin rəhbəri Orxan Ələkbərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az APA-ya istinadən bildirir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Eldar Mikayılovun icraatına verilib.

Qeyd edək ki, Şəki şəhər sakini Orxan Ələkbərov karantin rejimi ilə bağlı polis postlarına təqdim olunması və sərbəst hərəkət etmək istəyən ayrı-ayrı şəxslərə direktoru olduğu, faktiki heç bir fəaliyyət göstərməyən "Vest Corporation" MMC-nin adından saxta arayışların hər birini 60-100 manat müqabilində satarkən saxlanılıb.

Araşdırma zamanı müəyyən olunmuşdur ki, adıçəkilən şəxs özü də daxil olmaqla 18 vətəndaşın saxta sənədlər əsasında "icaze.e-gov.az" portalında qeydiyyatdan keçirib həmin şəxslərin adına saxta əmək müqavilələri tərtib edib. Bununla da Orxan Ələkbərov saxta sənəd satdığı şəxslərin xüsusi karantin qaydalarının tələblərini pozaraq sərbəst hərəkət etməsinə şərait yaradıb.