"Ermənistanın hərbi təxribatı ilə bağlı sahibkarlıq subyektlərinə dəymiş zərər dəqiqləşdirilir"


Digərləri 24 Noy 2020 14:33:00 187 0

"Ermənistanın hərbi təxribatı ilə bağlı sahibkarlıq subyektlərinə dəymiş zərər dəqiqləşdirilir"

Ermənistanın hərbi təxribatı ilə bağlı sahibkarlıq subyektlərinə dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədilə müvafiq məlumatların toplanılması və emalı, dəymiş zərərin yerində dəqiqləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Son.az xəbər verir ki, KOBİA-dan Trend-ə verilən məlumata görə, bunu "Qələbəyə aparan yol: İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" onlayn elmi-praktik konfransda agentliyinİdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O.Məmmədov bildirib: "İlk növbədə, Sizləri KOBİA adından salamlayır və Vətən müharibəsi kimi qəbul etdiyimiz 2-ci Qarabağ müharibəsində dövlətimizin, ordumuzun və insanlarımızın birliyi və qəhrəmanlığı nəticəsində əldə etdiyimiz möhtəşəm zəfər münasibətilə hər birinizi ürəkdən təbrik edir, qazilərimizə möhkəm can sağlığı və şəhidlərimizə ALLAH-dan rəhmətlərimizi diləyirik.

Belə bir tarixi günlərdə bugün üçün aktual hesab edilən mövzu ətrafında müzakirələrin təşkil edilməsi və tədbirə dəvətinizə görə Ziyad müəllim başda olmaqla Azərbaycan İqtisadçılar İttifaqına, eləcə də Vahid müəllimə və onun rəhbərlik etdiyi Azərbaycan Auditorlar Palatasına dərin təşəkkürümü bildirirəm.

30 ilə yaxın müddətdə davam etmiş Azərbaycanın əzəli torpaqlarının Ermənistan tərəfindən işğalına son qoyulması ilə nəticələnən bu qələbə çoxəsrlik keçmişə malik xalqımızın yazdığı ən şanlı səhifələrdən biri olmaqla çox mühüm tarixi, siyasi və iqtisadi əhəmiyyətə malikdir. Böyük xarici güclərin maraqlarının kəsişdiyi Qafqaz regionunda, gərgin geo-siyasi şəraitdə hərbi-diplomatik qələbənin əldə edilməsi onun əhəmiyyətini və məzmununu daha da artırır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə inkişaf etdirilmiş güclü iqtisadi potensial, beynəlxalq siyasi arenalarda əldə edilmiş nailiyyətlər və ən əsası, yaradılmış güclü və müasir ordu Qələbənin əsasını təşkil etmişdir. Xalqımız bu şanlı Qələbəyə doğru uzun və mürəkkəb yol qət etmişdir. Bu şərəfli yol hələ ulu öndər Heydər Əliyevin 90-cı illərin əvvəllərində xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra milli dövlətçiliyimizin formalaşdırılması ilə başlanılmışdır.

Bildiyiniz kimi, sahibkarlığın, o cümlədən kiçik və orta biznesin inkişafı dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasının həmişə mərkəzində olmuş və ötən illər ərzində bu sahədə qəbul edilmiş məqsədli dövlət proqramları çərçivəsində sistemli tədbirlər həyata keçirilmişdir. Sahibkarlığın inkişafının hüquqi bazasının yaradılmasından başlayaraq, bu fəaliyyətin dəstəklənməsinin müasir təşkilati-institusional modellərinin tətbiqinə kimi həyata keçirilmiş mühüm tədbirlər nəticəsində əhəmiyyətli nəticələr qazanılmış, özəl sektor ölkənin qeyri-neft sektorunun inkişafında, məşğulluqda, xarici ticarətdə əhəmiyyətli mövqeyə yiyələnmişdir. Sahibkarların cəmiyyətimizdə rolu artmış, onlar iqtisadi islahatlar kursunun aktiv dəstəkləyici qüvvəsinə çevrilmişdir.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaradılması dövlət başçısı tərəfindən müvafiq sahədə həyata keçirilən institusional islahatların yeni dalğası olmaqla, mövcud inkişaf çağırışlarından irəli gəlmiş və bu sahənin yeni tələblər səviyyəsinə qaldırılması, kiçik və orta biznes sektorunun inkişafı ilə bağlı köklü dəyişikliklərə səbəb olacaq məsələləri əhatə etmişdir.

KOBİA fəaliyyətinin ilk dövrlərindən etibarən biznes subyektləri ilə effektiv əməkdaşlıq platforması yaratmış, biznes mühitinin ətraflı diaqnostik təhlili nəticəsində əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirmiş, KOB-ların xüsusilə də regionlarda maliyyə mənbələrinə, bilik və innovasiyalara və bazarlara çıxışının dəstəklənməsi istiqamətində əməli tədbirlərə başlamış, eləcə də biznes mühitinin və sahibkarlara göstərilən xidmətlərin yaxşılaşdırılması istiqamətlərində tədbirlər görmüşdür.

Ötən dövrdə ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində beynəxalq nüfuzlu OECD təşkilatı tərəfindən KOB Siyasəti İndeksi üzrə əməkdaşlıq genişləndirilmiş, KOB-ların fəaliyyətinin stimullaşdırılması üçün əlavə vergi güzəştləri və imtiyazları tətbiq edilmiş, müxtəlif çeşiddə biznesə dəstək proqramlarının icrasına başlanılmışdır. Belə ki, regionlarda sahibkarlar üçün təlim və məsləhət xidmətlərinin təmin edilməsi məqsədilə Bakı, Sumqayıt, Xaçmaz və Yevlax şəhərlərində regional KOB İnkişaf Mərkəzləri fəaliyyətə başlamış, Xaçmaz şəhərində isə sahibkarlar üçün dövlət xidmətlərinin və zəruri biznes xidmətlərin vahid məkanda göstərilməsinə imkan yaradan ilk KOB Evi istifadəyə verilmiş və hazırda bu xidmətlərin ölkəmizin digər regionları üzrə təşkil ediləmsi istiqamətində işlər aparılır. Eyni zamanda, KOB-ların bazarlara çıxışının genişləndirilməsi üçün daxili bazar araşdırmaları, eləcə də, KOB-larda elm və texnologiyaların son nəticələrinin tətbiqinin təmin edilməsi üçün dövlət dəstəyi proqramlarının həyata keçirilməsinə başlanılmışdır.

Lakin bu gün olduqca dinamik bir mühitdə yaşayırıq və baş verən dəyişikliklərə, yaranmış yeni iqtisadi reallıqlara çevik reaksiyanın verilməsi olduqca vacibdir. İlk növbədə, qeyd etmək istərdim ki, COVİD 19 pandemiyası və onun səbəb olduğu təsirlər malik olduğumuz strateji fəaliyyət gündəliyinə yeni elementlərin daxil edilməsini labüd etdi. Belə ki, KOB-ların rəqəmsallaşdırılması və yaşıl iqtisadiyyat yeni inkişaf istiqamətləri kimi müəyyən edilərək beynəlxalq təşkilatların ekspertləri ilə birlikdə müvafiq istiqamətdə işlərə başlanılmışdır.