Birləşmiş Ərəb Əmirliklərində böyük neft ehtiyatı aşkarlanıb


Dünya 23 Noy 2020 21:10:00 145 0

Birləşmiş Ərəb Əmirliklərində böyük neft ehtiyatı aşkarlanıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Ali Neft Şurası 22 milyard barrel həcmində yeni neft ehtiyatının aşkarlandığını bəyan edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "Emirates" informasiya agentliyi məlumat yayıb.

BƏƏ-nin vəliəhd şahzadəsi Şeyx Məhəmməd bin Zayid Əl Nəhyanın sədrliyi ilə keçirilən şuranın virtual iclasında "ADNOC" neft şirkətinin nümayəndələri məlumat veriblər ki, xam neft ehtiyatı quru ərazidə aşkar edilib, eyni zamanda, Əbu-Dabi Əmirliyində də əlavə 2 milyard barrel həcmində "qara qızıl" tapılıb. Yeni neft yataqlarında hasilatın daha ucuz başa gələcəyi, maya dəyərinin hətta Şimali Amerikanın şist neftindən də aşağı olacağı bildirilib.

"ADNOC" bəyan edib ki, 2030-cu ilədək gündəlik neft hasilatını 5 milyon barrelə qədər artıra bilər.

Qeyd olunub ki, COVID-19 pandemiyası ilə əlaqədar davam edən qlobal böhrana baxmayaraq, BƏƏ-nin neft sektoru cari ildə 16,8 milyard dollar xarici sərmayə cəlb edib, "ADNOC" isə iqtisadiyyatın şaxələndirilməsi layihəsinə 20,7 milyard dollar ayırıb.