Şəhid Toğrul Abbasovla "Olmayan Bir Müsahibə..." FOTO


Digərləri 23 Noy 2020 09:55:00 201 0

Şəhid Toğrul Abbasovla "Olmayan Bir Müsahibə..."  FOTO

Son.az bildirir ki, şair Nərminə Məmmədzadə Trend Life-a ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə..." adlı silsilə materiallar təqdim edir.

Bu material Toğrul Abbasova həsr edilmişdir...

- Salam Toğrul.

- Salam, Nərminə xanım.

- Xalanla danışmışam... Sözün düzü, heç əməlli danışa bilmədik... Qadınları bilirsən də, bizə ağlamağa nə var ki...

- Can xalam, siz də ağlamayın, hər şey yaxşıdır, əslində.

- Toğrul, qorxmadın?

- Nə gizlədim, gorxuludur, amma ölmək filan yox, əsir düşmək qorxuludur, əclafların əlinə düşməyi heç kim istəməz... Elə ölmək ondan yaxşıdır.

- Başa düşürəm... Bəs həyat necə? Onu itirmək qorxulu deyil bəyəm?

- Mənim həyatım desəm həyat deyildi, pis çıxar, adam şükürlü olmalıdır... Amma çətin olub, uşaq olarkən anamı itirmişəm, atam isə sonradan evlənib. Nənəmlə rayonda galdım.

- Bəs xalan? O səni o qədər çox istəyir ki...

- Hə, can xala, mən də onu. Sağ olsun, evləndirdi məni mart ayında (gülümsəyir). Qismət oldu yetimin toyu da oldu.

- Bəs yoldaşın?

- Çox gözəl insandır, mən ona heç əməlli ər də ola bilmədim ki...

- Əminəm ki ,o elə hesab eləmir... Səni gözləyirdi, indi heç yemək də yemir, ağlayır...

- Ağlamasın, çörəyini də yesin, özü də ikiqat (gülümsəyir). Axı o, hamilədir, ona olmaz. Deyəsən qızım olacaq, həmişə deyirdim ki, anam gayıdacaq yanıma. Qızıma anamın adını vermək istəyirdim. İnşallah sözümü yerə salmazlar...

- Verəcəklər, xalan dedi, narahat olma, Toğrul.

- Dekarın 31-də ad günümdür, deyirəm bəlkə uşağım elə o günü anadan olar, amma bir tərəfdən öz bəxtimi ona arzulamazdım, yetimçiliyin üzü qaradır (gülümsəyir).

- Toğrul ürəyində demədiklərin var? Paylaşmaq istəyərdin?

- O qədər var ki, balamı görmək istəyərdim, xalamı bərk gucaqlayardım, bir də, amma gülməyin, paxlava yeyərdim. Paxlavadan ötrü ürəyim gedir (gülür). Dünyanın işini bilmək olmaz, kimsə gedir, əvəzinə kimsə bu həyata gəlir... Gedim mən, anamı axtarmalıyam... O qədər ona verəsi suallarım var ki... Salamat galın!

- Əlvida, Togrul...

Toğrul bilsəydi ki, bu gün gedib paxlava aldım, özüm yemirəm, amma alıb gətirdim evə... Elə bil ki, o bizə qonaq gələcəkdir...