Həyat yoldaşına görə öpüşməkdən imtina edən, qardaşı arvadının cehizini oğurlayan Xalq artisti


Kriminal 22 Noy 2020 21:50:00 198 0

Həyat yoldaşına görə öpüşməkdən imtina edən, qardaşı arvadının cehizini oğurlayan Xalq artisti

Bu gün Xalq artisti Həsən Məmmədovun anım günüdür. Son.az kulis.az-a istinadən bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.

Həsən Ağaməmməd oğlu Məmmədov (əsl adı Əbülhəsən) 22 noyabr 1938-ci ildə Salyan rayonunda doğulub.

1956-cı ildə Salyanda 2 saylı orta məktəbi bitirib. Sovet dövrünün bütün nümunəvi gəncləri kimi valideynlərinin istəyinə rəğmən Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olub. Atası oğlunu ali təhsilli müəllim görmək istəyir. O isə 2-ci kursda təhsilini yarımçıq qoyur. Müxtəlif teatrlarda yardımçı heyətin tərkibində bir müddət aktyorluq edir. Nəhayət, 1958-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə qəbul edilir. 1962-ci ildə Mehdi Məmmədovun kursunu bitirir. Təyinatla Akademik Milli Dram Teatrına işə düzəlir.

Böyük kinoya gəlişi "Böyük dayaq" filmi ilə olur. Həmin filmdə o, Qaraş rolunu canlandırır. Aktyora birdən-birə şöhrət gətirən bu film onun atası ilə də münasibətlərinin düzəlməsində böyük rol oynayır. Belə ki, müəllim olmaqdan vaz keçib teatra üz tutanda atası onu nəinki dəstəkləməmiş, hətta ondan küsmüşdü. Film televiziyada yayımlanandan sonra qəfildən Ağaməmməd kişinin oğlu bütün rayon əhlinin dilinə düşür. Xəbərlər tezliklə küskün atanın qulağına da çatır. Artıq ürəyində bağışlayır oğlunu. Onun nə üçün inad etdiyini, ata sözündən nə üçün çıxdığını anlayır.

Üçüncü kursda oxuyanda Həbib İsmayılov Həsəni "Böyük dayaq" filminin sınaq çəkilişlərinə dəvət edir. Həmin vaxt "Qaraş" rolunun sınaq çəkilişinə güləş üzrə dünya çempionu Sadıq Süleymanovun oğlu da dəvət almışdı. Həsən düşündü ki, məşhurun oğlunu qoyub, yəqin ki, onu filmə çəkməyəcəklər. Tətildə çıxıb gedir Salyana. Bədii Şura sınaq çəkilişlərində "Qaraş" obrazına kimi çəkəcəyi barədə tərəddüd edir. Bu zaman Bədii Şuranın üzvü Rza Əfqanlının qızı Bədurə Əfqanlı deyib ki, Həsən elə əsl "Qaraş"dır, o çəkilsin. Bundan sonra qərar verilib. Salyana teleqram vururlar ki, tez gəl, səni filmə təsdiqləyiblər.

***

Yüzə qədər filmdə irili-xırdalı obrazlar yaratmasına baxmayaraq, heç kim onun dilindən "mənim yaratdığım" ifadəsini eşitməyib. Onu insanlara həlim səsi, mülayimliyi ilə yanaşı, təvazökarlığı sevdirmişdi.

Gallery

Kinostudiyanın yaxınlığında kirayə qaldığı həyətdə ondan başqa da tələbələr qalırdı. Onlardan biri Lətifə adlı qız Həsənin bütün diqqətini özünə cəlb etmişdi. Çəkilişlərdən vaxt tapan kimi Həsən Məmmədov qarabaqara bu qızın arxasınca düşərdi. Bunu görən rəfiqələri Lətifəni qısqanırdılar. Lətifə isə hələ məktəbdə oxuyurdu. Aralarında səkkiz yaş fərq var idi. Bir gün qız fərqinə varır ki, hər gün onun ardınca yaraşıqlı bir gənc gəlir. Ondan heç gözlərini çəkmir. Bu vəziyyət üç-dörd ay davam edir. Qız da kim olduğunu bilmədiyi bu səssiz oğlana uzaqdan bağlanır. Uzaqdan sevirlər bir-birlərini. Və elə bir gün gəlir ki, artıq Həsən sevimli Lətifəyə qəlbini açır. Onlar 1967-ci ildə evlənirlər. İki övladları dünyaya gəlir - Aynur və Əvəz...

***

Onun ən yüksək keyfiyyətlərindən biri də sədaqəti olması olub. Hələ təzə evləndikləri zamanlarda Həsən Məmmədov gənc aktrisalarla filmlərə çəkilirdi. Ancaq Lətifə xanımın ona inamı elə güclü idi ki, bu, aralarında heç bir narazılığa səbəb olmamışdı. Həyat yoldaşı ona hər zaman dəstək olmuşdu. Elə, bəlkə də, onu dayanmadan fərqli obrazlar yaratmağa, fasiləsiz işləməyə ruhlandıran bu inam, ailə sevgisi idi.

Lətifə xanım bir hadisəni də xatırlayır: "Arif Babayev "Birisi gün, gecə yarısı" filmini çəkirdi. Çəkilişlər axşam aparılırdı. Bir gün gecə saat 11-də qapı döyüldü. Açanda gördüm filmin ikinci rejissoru gəlib. Əlində də kabab və çörək. Məndən xahiş etdi ki, bəlkə, evdə sulu xörək olar. Demə, bütün restoranları gəzmişdilər, amma heç yerdə tapa bilməmişdilər. Mən gətirib bir qazan duru xörək verdim. Çörəklə kababı da götürmədim. Geri qaytardım ki, özləri çəkilişdə yeyərlər. Sonra bilmişdim ki, Həsən yemək yeyəndə nəsə ona tanış gəlib və deyib: "Ay bala, bu yemək mənə tanış gəlir". Arif Babayev də ondan soruşur ki: "Hə, xörək necəydi, xoşuna gəldi?" Həsən də cavab verir: "Hə, yaxşı idi. Amma bilmirəm nədənsə bizim xörəyə oxşayır". Arif Babayev də gülərək "elə sizin evin xörəyidir", - deyib.

***

Onun ən yaralı yeri bəzi insanların çəkildiyi filmlərə görə onu qınaması idi. Oynadığı Abbasqulu bəy Şadlinski, Bəxtiyar kimi obrazlar müstəqillik illərindən sonra zamanın tələbinə cavab vermirdi. Aktyor buna görə insanların qınaq obyekti olmuşdu. O, ağrı ilə deyirmiş ki, mən zamanının insanını oynamışam, dövrün insanını canlandırmışam...