“Kuwait Times” qəzetində Ağdamı işğaldan azad olunması barədə məqalə dərc edilib


Siyasət 22 Noy 2020 14:17:00 174 0

“Kuwait Times” qəzetində Ağdamı işğaldan azad olunması barədə məqalə dərc edilib

Küveytin ingilis dilli "Kuwait Times" qəzetində Azərbaycan qoşunlarının Ermənistanın təhvil verdiyi Ağdam rayonuna daxil olması barədə məqalə dərc edilib.

Ölkəmizin Küveyt Dövlətindəki səfirliyindən Son.az-a bildiriblər ki, yazıda Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli razılaşmaya əsasən, Ermənistan Azərbaycanın işğal olunmuş Ağdam rayonunu təhvil verdiyi və hərbi birləşmələrimizin rayona daxil olduğu diqqətə çatdırılıb. Həmçinin qeyd olunub ki, razılaşmaya əsasən, dekabrın 1-dək Kəlbəcər və Laçın rayonları da Azərbaycana təhvil veriləcək. Ağdam rayonunu tərk edən ermənilərin ağaclardakı meyvələri yığıb mikroavtobuslarla qaçdıqları, gedərkən evlərini yandırdıqları da qeyd olunub.

Məqalədə 6 həftəlik döyüşlərdən sonra əldə edilən üçtərəfli atəşkəs razılaşması haqqında məlumat verilib. Vurğulanıb ki, razılaşmaya əsasən, tərəflər döyüşlərə son qoymağı və işğal altındakı əraziləri Azərbaycana qaytarmağı qəbul ediblər.

Eyni zamanda, yazıda münaqişənin tarixinə toxunulub, Qarabağda yaradılmış qondarma rejimin Ermənistanın özü də daxil olmaqla, dünyanın heç bir dövləti tərəfindən tanınmadığı diqqətə çatdırılıb.

Yazıda, həmçinin razılaşmadan sonra Azərbaycan və Ermənistan paytaxtlarındakı vəziyyət müqayisə olunub. Bildirilib ki, Bakıda insanların qələbə sevinci yaşadığı halda, Ermənistanın paytaxtı İrəvan küçələrində əsl xaosdur.