Makronun Qarabağ cəhdi:


Dünya 21 Noy 2020 11:08:00 155 0

Makronun Qarabağ cəhdi:

Makronun bu açıqlaması məzmun və üslub etibarilə yanlışdır.

Son.az bildirir ki, bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Fransa Prezidenti Emmanuel Makronun Qarabağdakı tarixi, mədəni və irsi sərvətlərin qorunması və bərpasına cəhd göstərmələri ilə bağlı sözlərini şərh edərkən deyib.

O bildirib ki, Fransa Prezidenti Emmanuel Makronun "tarixi, mədəni və irsi sərvətlərin qorunması və bərpa edilməsi üçün Azərbaycan, Ermənistan və Minsk Qrupundakı həmkarlarımızla bərabər çalışırıq" deməsi doğru deyil:

"Birincisi, bu gün Azərbaycanın bu sahədə Fransanın köməyinə ehtiyacı yoxdur. Əksinə, deyərdim ki, ölkəmiz tarixi-mədəni irsin qorunması istiqamətində kifayət qədər təcrübəyə malikdir. Bizim Mehriban Əliyeva kimi Heydər Əliyev Fondu vasitəsilə dünyanın bir çox nöqtəsində, eyni zamanda Fransada tarixi-mədəni abidələrin qorunması sahəsində təcrübəsi olan siyasi xadimimiz var. Onu da qeyd edim ki, birinci xanım UNESKO-nun xoşməramlı səfiridir.

İkincisi, Makronun özbaşına bunu deməsi və üslubu yanlışdır. İşğaldan azad edilən torpaqlarda zəngin Azərbaycan tarixi mövcuddur. Bu tarixin canlı şahidi olan abidələrin böyük bir qismi isə bu gün faktiki olaraq ya dağıdılıb, ya da istifadəyə yararsızdır. Bu istiqamətdə şübhəsiz, ölkəmizdə ciddi işlər görüləcək. Lakin bu işlərdə kiminlə əməkdaşlıq edəcəyimizi biz təyin edirik. Fransa prezidenti bu məsələdə qərar vermə mexanizminə sahib deyil.

Üçüncüsü, keçmiş qondarma "dqr"in "müstəqilliyinin" tanınmasına dair qanun layihəsinin Fransa Senatına təqdim edildiyi bir zamanda Fransa Prezidenti Emmanuel Makronun belə bir açıqlama verməsi heç səmimi deyil. Fransanın sərgilədiyi ermənipərəst mövqe və onun təcəssümü olan "dqr"in müstəqilliyinin tanınması cəhdi bu ölkənin iç üzünü göstərir".