15 yaralı döyüş yoldaşını düşmən pusqusundan çıxaran zabitimiz evə dönüb VİDEO FOTO


Digərləri 20 Noy 2020 21:31:00 184 0

15 yaralı döyüş yoldaşını düşmən pusqusundan çıxaran zabitimiz evə dönüb  VİDEO  FOTO

Sentyabrın 27-də cəbhə xəttində işğalçı Ermənistan ordusunun təxribatlarına cavab verərək Qarabağ uğrunda başladığımız haqq savaşında rəşadətli Azərbaycan Ordusu qısa bir zamanda tarixi Qələbə qazandı. 44 gün davam edən Vətən müharibəsində qəhrəman oğullarımız düşmənə sarsıdıcı zərbələrə endirərək, onları 27 ildir işğal etdikləri torpaqlarımızdan əbədi qovdular. Bu gün Qələbə sevincini bizlərə yaşadan qazilərimiz izdihamla qarşılanaraq doğulduqları el-obaya qayıdırlar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Vətən müharibəsində əldə etdiyimiz Qələbənin təmin olunmasında qəhrəmanlıq göstərən hərbçilərimizdən biri də Lənkəran şəhər sakini Talıbov Elnur Nurəddin oğludur. O, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran şöbəsinin çağırışı ilə sentyabrın 21-də ehtiyatda olan baş leytenant kimi Ordu sıralarında xidmətə başlayır. Qarabağ uğrunda apardığımız haqq savaşımızın ilk günlərindən döyüş meydanına atılan qazi Elnur Talıbovun rəşadətli Azərbaycan Ordusunun qısa bir zamanda əldə etdiyi zəfərlərdə öz payı var. Elnur Talıbov Lələtəpə istiqamətində əldə etdiyimiz adsız yüksəkliklərdə tağımı ilə birgə mənfur düşmənə sarsıdıcı zərbələr endirir. Hər gün zəfərlər qazanaraq qazimiz döyüşkən tağımı ilə Cəbrayıl, Qubadlı rayonunun mərkəzinə kimi qarış-qarış addımlayır. Sonuncu döyüşünü Qubadlının mərkəzində keçirir. Geri çəkildikcə daha da azğınlaşan işğalçı ermənilər ordumuzun üzərinə mərmiləri yağış kimi yağdırır. Bu zaman şiddətli döyüşlər zamanı Elnurun da olduğu iki tağım düşmənin pusqusuna düşür. Düşmən mühasirəsinə düşən iki tağımın 15-ə yaxın yaralı döyüşçülərini meydandan çıxardan Elnur Talıbov özü də bu döyüşdə ağır qəlpə yaraları alır. Yaraları ağır olan zabitimiz anında hospitala yerləşdirilir. Savadlı həkimlərimizin tibbi müdaxiləsi ilə yaraları sağalan qazimiz ötən gün evlərinə qayıdıb. Doğum günündə ailəsinin yanına qayıdan qazimiz Lənkəranda izdihamla qarşılanıb. Rəşadətli Ordumuzun əldə etdiyi qələbədə payı olan qazimiz öz təəssüratlarını bizimlə bölüşərək bildirib: "Hamıya bəlli olduğu kimi, Vətən müharibəsində qələbə qazandıq. İşğalçı Ermənistan ordusuna lazımi cavabı verdik . Mənfur düşməndən uzun illərin, 28-30 ilin qisasını aldıq. Allah şəhidlərimizə qəni-qəni rəhmət etsin, Allah yaralılarımıza şəfa versin. Şəhidlərimizin bu işdə böyük rolu var. Onları unutmaq olmaz. Ali Baş Komandanımız çox sağ olsun, bu boyda sevinci xalqımıza yaşatdı, Var olsun. Hamımız, bütün qazilər ona təşəkkür edirik. Biz cəbhədə ondan ancaq xoş xəbərlər eşitdik, bizi çox ruhlandırdı, onun əmrini layiqincə icra edən ordumuz sonda xoş hadisələrin şahidi oldu".

İgid oğul dayısına çəkər deyiblər. Ətrafına toplaşan insanların bacısı oğlunu qazandıqları Qələbə münasibətilə qucaqlayıb təbrik etmələri qazimizin dayısı Mirağa Ramazanovu bir qədər kövrəltdi. O deyir ki, Ali Baş Komandanın yazdığı yeni şanlı tarixdə bizim də ailənin bir parçasının olması qürurvericidir: "Eşq olsun, bizim Azərbaycan Ordusuna. Eşq olsun, Ali Baş Komandanımıza ki, bizə bu sevinci, qələbəni yaşatdılar. Bu, tarixi hadisədir. İşğalçı erməni qəsbkarlarını torpağımızdan uzaqlaşdıran igidlərimizə minnətdarıq. Mən də bacım oğlu ilə qalib Ordunun bir nümayəndəsi kimi fəxr edirəm. Allah şəhidlərimizə rəhmət eləsin!".

Qazimizi qarşılamağa gələn insanlar bir daha bildirib ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın qüdrətini bütün dünyaya göstərmiş oldu. Müzəffər Ordumuz və Ali Baş Komandanımız İlham Əliyevin elan etdiyi "Qarabağ Azərbaycandır və nida işarəsi" şüarı döyüşkən xalqımızı müqəddəs Vətən torpağı uğrunda savaşa, qələbəyə səsləyən bir çağırış oldu. 44 gün davam edən müharibədə cəmiyyətimizin hər bir üzvünün nümayiş etdirdiyi möhtəşəm səfərbərlik, xalqımızın əzmkar dövlət başçısının ətrafında sıx birləşməsinin bariz göstəricisi olmaqla yanaşı, eyni zamanda, müstəqil və qüdrətli Azərbaycan dövlətini bir daha bütün dünyaya tanıtdı.