Yaponiyada koronavirusa yoluxanların sayı artmaqda davam edir


Dünya 20 Noy 2020 20:46:00 128 0

Yaponiyada koronavirusa yoluxanların sayı artmaqda davam edir

Yaponiyanın hakimiyyət orqanları noyabrın 19-da ölkə üzrə daha 2400-ə yaxın koronavirusa yoluxma halı aşkar edildikdən sonra əhalini ehtiyat tədbirlərinə ciddi əməl etməyə çağırıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ölkə üzrə iki gündür rekord səviyyədə yoluxma qeydə alınır. Bildirilir ki, paytaxt Tokio virusun yayılması üzrə episentrə çevrilib. Noyabrın 19-da burada 534 yoluxma halı qeydə alınıb.

Tokio bələdiyyəsi sentyabrdan bəri ilk dəfə olaraq koronavirus təhlükəsi səviyyəsini ən yüksək - dördüncü həddə qaldırıb.

Paytaxtda daha bir təhlükəli tendensiya qeydə alınıb. Belə ki, əldə edilən məlumatlara görə, yoluxma mənbəyi məlum olmayan xəstələrin sayı sürətlə artır.

Tokionun qubernatoru xanım Koike Yuriko paytaxt sakinlərini insanların yeni ili qarşılamağa hazırlaşdığı bir vaxtda daha diqqətli olmağa çağırıb.

"Biz səhhətində problem olan insanlara kollektiv axşam yeməyindən imtinanı tövsiyə edirik. Valideynləri və digər qohumları ilə birlikdə yaşayanlara da birgə yeməkdən çəkinməyi tövsiyə edirik", - deyə K.Yuriko bildirib.

Qubernator, həmçinin ictimai iaşə obyektlərindən istifadə ilə əlaqədar xüsusi strategiya təklif edir. Bu, həmin yerlərdə daha az insanın toplanmasını, söhbət zamanı daha aşağı səslə ünsiyyəti, kiçik ölçülü boşqablardan istifadəni və həmin yerlərin havasının tez-tez dəyişdirilməsini nəzərdə tutur.