Ağdamlı incəsənət xadimi: Bu günə kimi özümü bu qədər xoşbəxt hiss etməmişəm


Digərləri 20 Noy 2020 18:14:00 143 0

Ağdamlı incəsənət xadimi: Bu günə kimi özümü bu qədər xoşbəxt hiss etməmişəm

Son günlər baş verən hadisələri mən Azərbaycanın ikinci yaranışı kimi qeyd etmək istərdim.

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında Azərbaycanın Əməkdar incəsənət xadimi Müşviq Hətəmov bildirib. Onun sözlərinə görə, ermənilər tək Azərbaycanın torpaqlarını deyil, o cümlədən orada olan mədəni dəyərlərimizi də işğal etmişdi: "Bu hadisələrdən biz böyük bir sartsıntı keçirmişdik. Bizim bu qələbəmiz xalqımızın birliyini geri qaytardı. Ona görə də, əldə etdiyimiz bu qalibiyyəti mən Azərbaycan xalqının ikinci yaranışı kimi dəyərləndirərdim".

M.Hətəmov qeyd edib ki, işlər bununla bitmir, Azərbaycan xalqı bundan sonra da çalışmalıdır və ona aid olanı bütün dünyaya göstərməlidir:

"Hər kəs bilir ki, erməni öz terrorunu dünyaya başqa cür təqdim edir. Erməni lobbisi bunun üçün daim çalışır və ona aid olmayanı dünyada özününkü kimi təqdim edir. Ona görə də, bunun qarşısını almaq üçün biz əlimizdən gələni etməliyik, bizə aid olanı dünyaya tanıtmalıyıq, ən azından bunun üçün qısa bir filmlər çəkilməlidir. Torpaqlarımızın qorunması üçün, tək hərbçilərimiz deyil, o cümlədən incəsənət və mədəniyyət xadimləri də bu istiqamətdə işlər görməlidir".

Əməkdar incəsənət xadimi əlavə edib ki, o Ağdamın Güllücə kəndində anadan olub və bu gün işğaldan azad olunan rayonun tezliklə əvvəlki vəziyyətinə qayıtmasını istəyir:

"Bu günə kimi özümü bu qədər xoşbəxt hiss etməmişəm. Ağdamın hər bir yerində bizim tarix və mədəniyyətimiz var. Bunlar bir tək Ağdamda deyil, digər işğaldan azad olunmuş ərazilərimizdə də var. Bunların geri qaytarılması üçün döyüşlər oldu, itkilər verdik, qəhrəman oğullarımız şəhid oldu. Bu, bizim üçün ağırdır, ancaq onların bizə bəxş etdiyi bu qələbə çox böyük xoşbəxtlikdir".