Fransanın Azərbaycana münasibəti açıq düşmənçilik kimi qiymətləndirilməlidir


Siyasət 17 Noy 2020 16:17:00 106 0

Fransanın Azərbaycana münasibəti açıq düşmənçilik kimi qiymətləndirilməlidir

Nəzərə alsaq ki, Parisin meri Ann İdalqo erməni lobbisinin tam nəzarəti altında olmaqla yanaşı, qatı ermənipərəst mövqeyə malikdir və onun Fransa erməniləri ilə sıx münasibəti var, hətta müavinlərindən biri ermənidir, o zaman bütün suallara cavab tapmaq olur ki, məsələ haradan və kimlərdən qaynaqlanır

Bunu Son.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova söyləyib. O bildirib ki, məlumatlara görə yaxın günlərdə Paris meriyası qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımağa hazırlaşır:

"Heç şübhəsiz ki, proses Fransa hakimiyyəti tərəfindən sanksiyalaşdırılır. . Bundan əvvəl də İdalqonun ermənilərə yaxınlığına dair konkret faktlar mövcuddur. Belə ki, o, Fransada erməni kilsəsinin açılışında iştirak edib, Qondarma "erməni soyqırımı" ilə bağlı tvitlər paylaşıb, eyni zamanda separatçı Dağlıq Qarabağ rejimini dəstəkləyən təşəbbüslər edib və marafonlar təşkil edib belə olan halda hər şey aydın olur. Lakin bütün bu qatı ermənipərəst cəhdlərə baxmayaraq İdalqonun erməni sevgisi, gülüş obyektinə çevrilərək məsxərəyə qoyulur. 

Bundan əlavə burada bir məsələ də var ki, Paris həm şəhər, həm də department olmaqla yanaşı onun meri eyni zamanda Paris Şurasına da rəhbərlik edir. Lakin nəzərə alsaq ki, digər inzibati vahidlərdən fərqli olaraq, paytaxt şəhər tam inzibati azadlığa malik deyil və Paris Fransada polisin merə deyil, prezident tərəfindən təyin olunan polis prefektinə tabe olduğu yeganə şəhərdir, eyni zamanda Fransa prezidenti Makronun yaratdığı və rəhbərlik etdiyi "İrəli Fransa" partiyası Paris Şurasında geniş şəkildə təmsil olunur o zaman aydın olur ki, bu proses Makronun ermənilərə növbəti sadiqliyindən irəli gəlir. Düşünürəm ki, məsələ Fransanın son dövrlər, eləcə də sentyabrın 27-dən sonra aparılan hərbi əməliyyatlar zamanı sərgilədiyi ermənipərəst siyasətin tərkib hissəsi kimi başa düşülməlidir. ATƏT MQ həmsədri olan Fransa qurumun fəaliyyəti dövründə davamlı şəkildə ermənipərəst mövqeyi ilə seçilib, həmsədr ölkə mandatının prinsiplərini kobud şəkildə pozaraq işğalçı Ermənistana hərtərəfli dəstək verib. Bütün bunlar onu deməyə əsas verir ki, hazırda Fransanın Azərbaycana münasibətini açıq düşmənçilik kimi də qiymətləndirmək olar.

Erməni lobbisinin ciddi təsiri altında olan Fransa hökuməti və şəxsən prezident Makron ermənilərin dəstəyini əldə etmək üçün müharibə dövründə işğalçı ölkəyə siyasi, iqtisadi və hərbi dəstək göstərib. Bu gün Fransa müxtəlif Avropa dairələrində Azərbaycanın mənfi imicinin formalaşdırılması istiqamətində fəal iş aparır. Lakin düşünürəm ki, Fransa öz tarixi keçmişinə nəzər salsa, daha məntiqli olar, çünki bu ölkə əli milyonlarla insanın qanına batmış, ayrı-ayrı xalqlara qarşı soyqırımı törətmiş bir ölkədir".

Bəxtiyar Umarlı Son.az