Milli Məclis Ali Baş Komandan və xalqa müraciət edib


Siyasət 13 Noy 2020 13:11:18 135 0

Milli Məclis Ali Baş Komandan və xalqa müraciət edib

Milli Məclis Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Azərbaycan xalqına müraciət edib.

Son.az Trend-ə istinadən bildirir ki, müraciətdə qeyd olunur ki, son 100 ildən artıq dövrdə Ermənistan Azərbaycan xalqına qarşı işğalçılıq və soyqırım siyasəti həyata keçirib:

"Sovet İttifaqı dağıldıqdan sonra geniş miqyas almış işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib, bir milyondan artıq soydaşımız öz torpaqlarından didərgin düşüb, xalqımıza qarşı qətliam və soyqırımlar həyata keçirilib. Dünyanın ən qanlı soyqırımlarından biri olan Xocalı soyqırımı törədilib.

Xalqımıza qarşı etnik təmizləmə, soyqırım və işğalçılıq siyasətinə müqavimət ümummmili lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra təşkil edilib.

Azərbaycan daim sülh prosesinə sadiqlik nümayiş etdirib, bütün təkliflərə anlayışla yanaşıb. Təəssüf ki, Ermənistanın qeyri-konstruktiv siyasəti nəticəsində bu təkliflər heç bir nəticə verməyib".