"Rusiya sülhməramlılarının Dağlıq Qarabağda olması bu mərhələdə faydalıdır"


Siyasət 13 Noy 2020 12:45:00 135 0

"Rusiya sülhməramlılarının Dağlıq Qarabağda olması bu mərhələdə faydalıdır"

44 gün davam edən müharibənin Dağlıq Qarabağ daxil Cənubi Qafqaz regionunda hansı reallıqları  dəyişməsi haqqında danışmaq lazmdır. Müharibənin ən böyük qalibi Azərbaycandır, torpaqlarımızı azad etdik, ermənilərin Dağlıq Qarabağda yaratdıqları qondarma rejimi ləğv etdik,  ermənilərin işğal etdiyi rayonları geri aldıq , ərazi bütövlüyümüzü bərpa etdik,  Dağlıq Qarabağı geri aldıq, ermənilərin Dağlıq Qarabağda muxtariyyət söhbətini ləğv etdik və Azərbaycanın Naxçıvanla quru əlaqəsi əldə etdik.

Bunu Son.az-a açıqlamasında beynəlxalq münasibətlər üzrə ekspert, siyasi fəal Yeganə Hacıyeva deyib.

Ekspert bildirib ki, Laçın və Kəlbəcər rayonlarının azad edilməsi çox böyük hərbi-texniki ən əsası insan itkiləri hesabına başa gələcəkdi:

"Bu müharibə Cənubi Qafqaz regionunda hərbi varlıq və geopolitik tarazlığı dəyişdi. Ermənistan məğlub oldu, İran isə bölgədəki yeni geopolitik reallıqla razılaşmalıdır. Bir də ən əsas məğlub olan tərəf, ildə bir neçə dəfə sənəd yazmaqla, siyasət tövsiyə etməklə, məsləhət vermək və iclaslar keçirməklə milyonlarla dollar mənimsəyən, lakin münaqişənin həllinə töhfə verməyən beynəlxalq "münaqişələrin həll sənayesidir".

Azərbaycan cəmiyyəti Rusiyanın 90-cı illərdə Azərbaycana münasibətini, bizim torpaqların işğalında Rusiya faktorunu xatırlayır. Cəmiyyətimiz Rusiyanın 90-cı illərdə Azərbaycan xalqına qarşı dürüst olmayan siyasətindən qaynaqlanan bir narahatlıq yaşamaqdadır. Rusiyada istər hakimiyyət mediası, istərsə də hakimiyyətə yaxın erməni şəbəkəsinin 44 gün ərzində Azəbaycana münasibətdə açıqlamaları, rus mediasının Azərbaycanın hərbi uğurları haqqında total aqressiya və təhdid dolu propaqandasını xatırlayırıq. Azərbaycanda qəribə tərzdə onlarla sinxron işləyən siyasi-ictimai və media-sosial media resursları var və burada sələnən tezislər cəmiyyətimizi yanlış məlumatlandırmaq və yanlış ictimai gündəm diqtə etmək istiqamətində sanki səfərbər olunub.

Bunun bir sıra əsasları var, kənar təsirlərə toxunmadan, daxili əsaslar haqqında danışmaq istəyirəm: Azərbyacanın Qarabağda apardığı uğurlu müharibə və bunun nəticələri daxildə hakimiyyətə qarşı olan qrupların planını pozdu. Bu qrupların uzun illər hakimiyyətə qarşı təbliğatını və cəmiyyəti manipulyasiya yönündə ən böyük arqumentlərini əlindən aldı və s.

Bütün müharibələr sülhlə bitir və biz 30 illik işğal altında olan torpaqlarımızı azad etmişik və atmalı olduğumuz addımlar var. Onlardan biri də prosesə mane olmaq məqsədilə kənar dairələrin cəmiyyətimizə "maksimalist yanaşma" yeritmələridir.

Yaşadığımız regionda mövcud reallıqların inkar edilməsi və ya gözardına alınması bu reallıqları dəyişmir. Bu mərhələdə mövcud reallıqları qəbul etməli, onları mümkün imkanlarla dəyişməli ən əsası isə bunun üçün xalq və cəmiyyət olaraq birgə işləməliyik.

Rusiya sülhməramlılarının Dağlıq Qarabağda olması bu mərhələdə faydalıdır. Laçın və Kəlbəcərdə 30 il tikilmiş, keçilməsi çətin istehkamları olan rayonların azad edilməsi çox böyük hərbi-texniki ən əsası insan itkiləri hesabına başa gələcəkdi. Bunun Azərbaycan xalqına vuracağı, maddi, mənəvi və demoqrafik itkilərini təsəvvür etmək çətin deyil".

Təhməz Əsədov Son.az