Düşmən çıxılmaz vəziyyətdə


Siyasət 13 Noy 2020 12:28:00 128 0

Düşmən çıxılmaz vəziyyətdə

Sentyabrın 27-dən başlayan 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Ermənistan ordusu darmadağın edildi, atəşkəs ərəfəsində artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələri xatırlatdı.

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi qısa müddətdə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi. 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi arxivə getdi, Dağlıq Qarabağda yeni erməni dövlətinin yaradılması planları pozuldu. Təxminən 30 il ərzində davam edən sülh danışıqları prosesində hər vəchlə Ermənistanın maraqlarının təmin edilməsinə cəhdlər olunurdu. Həttə düşmən Azərbaycana qarşı yeni ərazi iddiaları irəli sürərək başımızı bu məsələlərə qatmaqla Qarabağın əbədi olaraq Ermənistanda qalmasını planlaşdırırdı. Lakin Azərbaycan xalqı, Ordusu və Ali Baş Komandanı yeni reallıq yaratdı. Danışıqlar prosesinin müxtəlif mərhələlərində müzakirə olunan razılaşma variantlarının Azərbaycan üçün ən sərfəli variantı belə hazırda ölkəmizin əldə etdiyi üstünlüklə müqayisə edilə bilməz.

Kəlbəcərdən çıxarılan ermənilərin yandırdıqları evlər

Sübut edildi ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz. İnzibati ərazisi xeyli böyük olan Kəlbəcər, Ağdam və Laçın şəhid vermədən, qan tökülmədən geri qaytarılır (Noyabrın 15-i Ağdam, 20-si Kəlbəcər, dekabrın 1-i isə Laçın azad edilir). Şuşa şəhərinin, Xocavəndin, o cümlədən Hadrut qəsəbəsinin, Kəlbəcərin, Ağdamın, Laçının geri qaytarılması Dağlıq Qarabağa gedən bütün strateji yolların, yüksəkliklərin, kommunikasiya xətlərinin tamamilə Azərbaycan Silahlı Qüvvələrinin əlində olması deməkdir.

Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatı sentyabrın 27-dən Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində yaranmış reallığa uyğun hazırlanıb və Ermənistanın kapitulyasiya aktıdır. Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçıları hərbi əməliyyatların dayandırılması barədə bəyanatın 6-cı bəndinə əsasən, Ermənistan işğal etdiyi Kəlbəcər rayonunu Azərbaycanın nəzarəti altına qaytarılmalıdır. Bu səbəbdən Kəlbəcərdə yaşayan ermənilərin çıxarılması prosesi başlayıb. Lakin sosial şəbəkələrdə sürətlə yayılan kadrlar ermənilərin növbəti vandallığını bir daha sübut etdi. Belə ki, iki gün ərzində Azərbaycana təhvil veriləcəyi planlaşdırılan Kəlbəcərdən çıxarılan ermənilər yaşadıqları evlərə od vuraraq yandırmağa başlayıblar. Həmin evlərin o torpaqların əzəli sahibi olan azərbaycanlıların əlinə keçməməsi üçün ermənilərin törətdiyi bu vandallıq BBC müxbirinin də kamerasına tuş gəlib. BBC-nin müxbiri Vill Vernon Tvitter-ində ermənilərin törətdikləri bu vəhşiliyi paylaşaraq "Ermənilər evlərinin azərbaycanlıların əlinə keçməməsi üçün od vurublar" sözlərini qeyd edib. Görünən odur ki, düşmən son anda Azərbaycana əlindən gələn maksimum ziyanı vurmaq üçün bu yolu seçib.

Ağdam

Biz Ermənistanın nə qədər vəhşi, barbar olduğunun xüsusilə sentyabrın 27-dən bu yana Ordumuzun işğaldan azad etdiyi hər kənd, hər qəsəbə, hər şəhərindən çəkilən bütün kadrlarda şahidi olduq. Düşmənin Azərbaycanın mədəni, tarixi abidələri ilə yanaşı 30 il əvvəl soydaşlarımızın yaşadıqları bütün ərazilərdə daşı-daş üstə qoymadıqları, yaşayış məntəqələrini yer üzündən silməkləri onların Azərbaycan xalqına olan nifrətinin dərinə getdiyini, gələcək nəsillərə ötürüldüyünü sübut edir. Xirosimonu xatırladan işğaldan azad edilən ərazilərdəki real mənzərə çomağı əlimizdən yerə qoymağın nə qədər təhlükəli vəziyyətlə nəticələnə biləcəyinə bir işarədir.

Prezident İlham Əliyev müharibənin gedişində "İnterfaks" agentliyinə müsahibəsi zamanı da Ermənistanın vandallığı ilə bağlı narahatlığını dilə gətirmişdi: "Biz Füzuli şəhərini işğaldan azad edəndə orada bircə salamat bina tapa bilmədik. Təsəvvür edirsinizmi? Bütün şəhərdə, halbuki orada 10 minlərlə insan yaşayırdı. Bircə bina da qalmayıb. Mənə zəng vurdular, dedim ki, bayrağı dirək üzərində qaldırın. Görün, onlar nə ediblər. Ağdamın, Cəbrayıl rayonunun xarabalıqlarına baxın. Hər şey dağıdılıb. Elə bil buradan vəhşilər keçiblər. Elə bil bunlar insan deyilmiş. Onlar hər şeyi söküb-dağıdıblar. Evlərin damlarını, pəncərə çərçivələrini, hətta unitazları da. Bu, sadəcə, quldurluqdur". 

Məlum sənədə imza atıldqıdan sonra dərhal qarışan Ermənistan hazırda 1992-1993-cü illərdəki Azərbaycanı xatırladır. İdarəçilikdə naşı, səriştəsiz, qeyri-peşəkar şəxslərin təmsil olunması ölkəni bir-birinin ardınca böhranlara və fəlakatə sürükləyir. Sentyabrın 27-dən başlanmış və noyabrın 10-da başa çatmış hərbi mərhələ sübut etdi ki, Ermənistan hakimiyyəti məntiqli, rasional düşüncəyə malik deyil, onlar erməni xalqının maraqlarına xidmət etmirlər. Amma Ermənistandan fərqli olaraq indi nə Azərbaycan hakimiyyəti 1990-cı illərin əvvəlindəki hakimiyyətdir, nə də ordusu o ordudur. Azərbaycan Prezidenti ordusu ilə birgə status-kvonu dəyişdi və bu gün münaqişənin həlli şərtlərini indi Azərbaycan diqtə edir.

Təhməz Əsədov Son.az